Əsas səhifə 

Ermənistan üzərində Zəfərimiz qiyamətə qalmayan qisasımızdır

Düşmən ölkənin kapitulyasiya aktını imzalaması təkcə Xocalı qurbanlarının deyil, bütün şəhidlərimizin intiqamının alınması deməkdir

Xocalı soyqırımı Azərbaycan xalqının heç vaxt qaysaq bağlanmayan, daim sızıldayan yarasıdır. Prezident İlham Əliyevin erməni faşizminin tarixdə görünməyən vəhşiliyi olan bu soyqırımının 30-cu ildönümü ilə bağlı imzaladığı Sərəncamda qeyd olunduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Bir gecədə erməni vəhşiləri tərəfindən yandırılan Xocalıda 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Ermənistanın əsrlərdən bəri xalqımıza qarşı planlı, mərhələli şəkildə həyata keçirdiyi etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olan Xocalı qırğınının törədilməsində Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi kimi, faciənin qarşısının alınması üçün sakinlərə yardım göstərməyən, o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar da məsuliyyət daşıyırlar. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüz nəticəsində 20 min vətəndaşımız qətlə yetirilmiş, 50 min nəfərdən artıq azərbaycanlı yaralanmış və əlil olmuşlar. Hələ müstəqilliyi möhkəmlənməmiş Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı. Çox təəssüf ki, o zaman əsl həqiqəti gizlədən, «Xocalıda cəmi 2 nəfər qətlə yeirilmişdir» informasiyası ilə xalqı aldadan imperiyanın satqın yerli nökərləri Azərbaycanı gözləyən sonrakı bəlaların qarşısını almaq üçün də tədbir görmədilər.

Xocalı ilə bağlı həqiqətlərdən söz açanda istər-istəməz tarixdə qanlı izləri ilə qalan soyqırımıları xatırlayırıq. Xatın, Naqasaki, Ruanda, Nigeriya, Serebrenitsa, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi qətliamlarla müqayisədə Xocalı soyqırımı daha dəhşətlidir. İkinci Dünya müharibəsində yəhudilərə qarşı amansız siyasət yeridən II Reyxin «ali irqə məxsus» ideyalarını əsas tutan erməni cəlladları faşistlərin «Holokost» qətliamlarını Xocalıda təkrarlayaraq vandallıqlarını göstərdilər. Yunanca «holos» ( bütün) və «kaustos» ( yanmış, köz olmuş) sözlərinin birləşməsindən yaranan Holokost faşist Reyxinin İkinci Dünya müharibəsində öldürdüyü, krematoriyalarda yandırdığı 6 milyon yəhudinin məruz qaldığı qətliamı ifadə edən sözdür. Həmin müharibə zamanı başqa millətlərdən olan 24 milyondan artıq insanı qətlə yetirən faşistlər Avropada yaşayan yəhudiləri öldürməklə sinoqoqları dağıdır, yəhudi evlərini yandırırdılar. Yəhudilərə qarşı nifrəti, qətliamı « Xalqın ruhu qanadı və sonunda daşdı» sözləri ilə əsaslandıran, Buhenvald, Ovsensim, Dachau kimi ölüm düşərgələrində milyonlarla insanı qətlə yetirən Hitlerə sadiq, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın şüarı da elə faşizmə xidmət ruhunda idi: «Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.» MDB Dövlət Başçılarının Aşqabadda keçirilən Sammitində faşizmə xidmət edən Njdenin əməllərini «SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev bildirmişdi ki, Xocalı soyqırımını törədənlər Njdenin davamçılarıdırlar. İrəvanda Njdeyə abidə ucaldılmasını insanlığa xəyanət adlandıran Prezident İlham Əliyevin «Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib» sözləri bütün dünya ictimaiyyətini faşizmin müasir nümunəsi olan erməniliyə qarşı mübarizə çağırışı idi. Faşistlərin insanları qətlə yetirdikləri, «Öldürülmə fabrikləri» adlandırdıqları kameralarında törədilən vəhşilikləri Xocalıda günahsız insanlara qarşı tətbiq edərək mülki əhaliyə ağılagəlməyəcək dözülməz işgəncə verən erməni cəlladlarının təmsilçiləri çoxdur. Xocalı soyqırımında iştirakını «Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq» sözləri ilə etiraf edən, gorbagor Njdeyə sadiqliyini təsdiqləyən Ermənistanın sabiq prezidenti Serjik Sarkisyanın qaniçənliyini «Xocalı soyqırımını azərbaycanlılar törədib» sayıqlaması ilə pərdələmək istəyən Ermənistanın başsız baş naziri Nikol Paşinyan o hadisələri unutmamalıdır. Xocalıdakı soyqırımın şahidi olan xarici jurnalistlərin də etiraf etdikləri kimi, hələ də can verməkdə olan yaralılara qarşı göstərilən amansızlıq, insanların diri-diri tonqalda yandırılması, körpələrin süngüyə keçirilməsi yalnız ermənilərə məxsus keyfiyyətlər olmaqla dözülməz və inanılmaz vəhşiliklər idi. Xocalı şəhərini , insanları diri-diri yandırmaqla faşistlərdən geri qalmadıqlarını Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində də etnik təmizləmə məqsədilə qırğınlar törədən, Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlını qətlə yetirən ermənilər qaniçənliklərini sonrakı illərdə Goranboy rayonunun Ballıqaya, Kəlbəcərin Başlıbel kəndlərində davam etdirdilər.

Ermənilərin vəhşiliklərindən bəhs edən yüzlərlə, minlərlə belə sübutlar vardır. Xocalı soyqırımının şahidi kimi gördüyü vəhşilikdən dəhşətə gələn fransız jurnalisti Jan İv Yunet yazırdı: «Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinin- qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər.» Xocalı soyqırımını tanıyan Paraqvay Deputatlar Palatasının saytında yerləşdirilən bəyanatda qeyd edilir ki, Xocalı qətliamı XX əsrdə törədilən ən qanlı faciə, erməni vəhşiliyinin bariz nümunəsidir.

Etnik səbəblərə görə törədilən Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır. Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə ( 1918-ci il mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) imzaladığı Fərmanla verən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Milli Məclisdə Xocalı faciəsi soyqırımı kimi tanındı. 44 gün davam edən Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə olan xarici qonaqlar, diplomatlar, jurnalistlər erməni vəhşiliklərinin canlı şahidi kimi dəhşətə gəldiklərini etiraf edirlər. Qonaqlar gördülər ki, erməni vəhşiliyi təkcə Xocalı soyqırımı ilə məhdudlaşmır. Erməni quldurları işğal etdiikləri bütün ərazilərdə azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş, ağlasığmaz vəhşiliklərə əl atmışlar. Müharbədən sonrakı dövrdə Gəncəni, Tərtəri, Bərdəni, Ağdamı ballistik raketlərlə bombalayan ermənilər bu hərəkətləri ilə faşist ideologiyasının milli xarakterləri olduğunu göstərdilər. İşğal müddətində sağlam tikilinin qalmadığı Azərbaycan torpaqlarında ermənilərin törətdikləri ekoloji, mədəni terrorlar faşistlərə məxsus sionizmdir ki, bunu artıq bütün dünya ictimaiyyəti açıq-aydın görür. Vətən müharibəsi dövründə, hərbi əməliyyatlar başa çatdıqdan, məğlub olduqdan sonra belə təxribatlar törədən, şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alan ermənilər bir həqiqəti təsdiqlədilər: Zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətməklə genetik dağıdıcılıq missiyalarını davam etdirən faşizmə sadiqlik ruhu erməni mahiyyətinin təzahürü kimi davam edir.

Ötən il Xocalı soyqırımı qurbanlarının anım günündə yerli və xarici jurnalistlərlə keçirilən mətbuat konfransında qətliamla bağlı açıqlama verən Prezident İlham Əliyev vurğulamışdı ki, 10-dan artıq ölkə bu hadisəni soyqırım kimi tanıyır. Ermənistanın 30 il işğal atında saxladığı Azərbaycan ərazilərində törətdikləri cinayətlər sənədləşdirilir. «Xocalı soyqırımı törədiləndə dünya susmuşdu. Bunun səbəblərindən biri yəqin o idi ki, o vaxt məlumat qıtılığı var idi. Müharibə ilə bağlı məlumatlar birtərəfli idi. Ermənistan öz təbliğatını işə salmışdı. Azərbaycan tərəfi isə tamamilə aciz vəziyyətdə idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi» söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Ermənistan üzərindəki Qələbəsindən sonra 30 il bundan əvvəl törədilmiş Xocalı soyqırımı ilə bağlı həqiqətlər daha geniş miqyasda dünya ictimaiyyətinə əyani olaraq, yerindəcə çatdırılır.

Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının iradəsini qurmaq istəyən Ermənistanın qazdığı quyu özünə nəsib oldu. Ermənistanın kapitulyasiya aktını imzalaması təkcə Xocalı qurbanlarının deyil, bütün şəhidlərimizin alınan qisası deməkdir. «Ona görə , mən tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir» söyləyən Prezident İlham Əliyevin dəmir yumruğu göstərdi ki, cinayət cəzasız qalmamalı, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidirlər. Cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir: «Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir.» O gün bu gündür.

Daha çox xəbərlər