Əsas səhifə 

Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq

Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşündə bir daha diqqəti işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərə yönəldərək bildirmişdir ki, insanları işğaldan azad edilmiş ərazilərimizə  qaytarmağa mane olan başlıca problem minalardır

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən bir ildən artıq dövr ərzində həyata keçirilən  bərpa və quruculuq işlərinin miqyası ölçüyəgəlməzliyi ilə diqqət çəkir.  44 günlük Vətən müharibəsi  tariximizin şanlı səhifəsi kimi hər an vərəqlənir, 30 ilə yaxın dövrün nisgilinə, acısına, torpaq həsrətinə son qoyularaq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasından böyük qürur hissi ilə bəhs edirik. Dövlət başçısı İlham Əliyevin istər Vətən müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövründə çoxsaylı müsahibələrinin hər biri  məhz tarixi Zəfərimizin təqdimatı fonunda aparılır, 30 illik işğal dövrünün reallıqları diqqətə çatdırılır, ən əsas hazırkı dönəmdə regionda və dünyada cərəyan edən proseslərə diqqət yönəldilir. Cənab İlham Əliyev  Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanda məni hətta bəzən tənqid edirdilər ki, nə üçün mən nadir hallarda müsahibə verirəm: «Hesab edirəm ki, müxtəlif tezislərlə və müxtəlif məsələlərlə əlaqədar kifayət qədər çıxış edirəm. Sadəcə, hesab edirdim ki, mən demək istədiklərimin hamısını çıxışlarımda demişəm. Lakin müharibə xüsusi vəziyyətdir, buna görə belə etməli oldum.» Dövlət başçısı, həmçinin müsahibələrində, çıxışlarında bu fikri də vurğulayır ki,  erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza  da , ictimaiyyətə də həqiqəti deyirdik.

30 ilə yaxın dövrdə bu ərazilər tamamilə yerlə-yeksan edilmiş, erməni xislətinə uyğun addımlar atılmış, hər tərəf dağıntı içərisində olmuşdur. Tarixi, dini abidələrimizi tamamilə  dağıdan, məscidlərimizdə donuz saxlayan ermənilər bu əməlləri ilə 30 il necə vəhşi ilə üz-üzə qaldığımızı dünyaya göstərirlər. Dövlət başçısı qeyd edilən görüşdə də diqqəti bu kimi erməni vəhşiliklərinə yönəldərək qeyd etmişdir ki, təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib: «Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir.»

30 ilin reallıqlarından biri də budur ki, ermənilərin törətdikləri təxribatları, faciələri görmək zamanı  «nədənsə»  dünya görməzdən  gəlir, sanki  etdikləri vəhşilikləri  beynəlxalq hüququn prinsipi kimi təqdim etməyə çalışırlar.  Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar həqiqəti görür, amma maraqları  naminə susur, işğalçı Ermənistanın danışıqlar prosesindən imitasiya naminə bəhrələnməsinə şərait yaradır, digər tərəfdən isə kağız üzərində saralmış qərar və qətnamələrində Azərbaycanın mövqeyinin haqlı olduğunu bildirirdilər. Maraqlı yanaşma deyildimi?

Bu gün dünya güclərinin Zəfərimizin yaratdığı reallıqları qəbul etdiklərinin şahidiyik. Azərbaycan Vətən müharibəsində Qələbəsi ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi, tarixi torpaqlarımıza qovuşduq və bu gün bütün azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri geniş vüsət alıb. O da məlumdur ki,  bütün azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd strategiyasına uyğun işlər həyata keçirilir.  “Ağıllı şəhər” və “ağıllı kənd»” layihələrindən bəhs edərkən “İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır” deyən ölkə Prezidenti  bunun öhdəsindən qısa müddətdə gələcəyimizi bildirir.  Bu layihələrlə  ölkəmizin  imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır.  Birinci “ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilir. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər. Dövlətimizin başçısı İlham Əliyev  xarici şirkət nümayəndələri ilə videoformatda keçirdiyi görüşdə bildirmişdir ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək. Artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Əslində bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki Böyük Qayıdış məhz Zəngilanın Ağalı kəndində «ağıllı kənd» layihəsinin təməlinin qoyulması ilə  başladı. Bu il həmin kəndlər sakinlərini qarşılayacaq.

Dövlət başçısı İlham Əliyev  azad edilmiş torpaqlarda bütün bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunacağını bildirərək bu ərazilərin cənnətməkana çevriləcəyini böyük qürur hissi ilə vurğulayır. O da bildirilir ki,  əsas məsələ odur ki, şəhərlər, kəndlər bərpa olunarkən təbiətə toxunulmasın, təbiətə ziyan vurulmasın. Ermənilər bizim təbiətimizə də qəsd etdilər. 54 min hektar meşə zolaqlarını məhv etdilər, kəsib aparıb satdılar. Ölkə Prezidentinin   işğaldan azad edilmiş  rayonlara səfərləri və  bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması artıq yeni həyatın başlanmasına, Böyük Qayıdışın qısa zamanda gerçəkləşəcəyinə işarədir.

Dövlət başçısının bütün çıxışlarında yer alan “Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”  fikirləri  Azərbaycanın gücü, qüdrəti, xalqımızın birliyi, gənclərimizin vətərpərvərlik ruhunun, torpaq       sevgisinin böyüklüyü əsasında  qazanılan Qələbənin bugünümüz və gələcəyimiz üçün hansı perspektivləri açdığının təqdimatıdır.  Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.” Cənab İlham Əliyev  bildirir ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də  bizə qarşı ərazi iddiası irəli sürürlər: “Xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi.”

Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, torpaqlarımız öz sahibinə qayıdıb. Bərpa işlərində Azərbaycanın öz iqtisadi imkanlarına güvəndiyi  önə çəkilməklə  yanaşı, dost ölkələrin şirkətlərinin, həmçinin ölkəmizlə əməkdaşlıq əlaqələri yüksək səviyyədə olan, milli-mənəvi, dini dəyərlərimizin qorunmasında atılan addımlarımızı təqdir edən və buna dəstək olan təşkilatların bu prosesə cəlb edilməsinin vacibliyi vurğulanır.  Qeyd edək ki, cənab İlham Əliyev bərpa işlərindən bəhs edərkən öncə tarixi və dini abidələrimizin bərpasının  prioritetliyini vurğulayır. Bunun üçün xarici mütəxəssislərin cəlb ediləcəyi bildirilir. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qarabağın tacı olan Şuşamızın hər bir məhəlləsi, küçəsi, divarı, daşı tarixdir. Bu ərazilərimizdə qədimiliklə müasirliyin vəhdətinin qorunması hazırlanan planda öz əksini tapacaq. Nəzərə alaq ki, bərpa işləri tamamlanıb Böyük Qayıdış həyata keçirildikdən, bu ərazilərdə yeni həyat başlandıqdan sonra xarici qonaqların da bölgələrimizə səfərləri başlanacaq. Təbii ki, burada bərpa işləri ölkə və dünya ictimaiyyətinə çatdırılması vacib olan məqamları da özündə ehtiva etməlidir. Bu ərazilərdə muzeylərin yaradılması nəzərdə tutulur. Həmçinin ermənilər tərəfindən tamamilə dağıdılan, amma bərpa olunmayan məhəllələr saxlanılacaq. Bu da təbliğat xarakteri daşıyır.  İşğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanması da  bu rayon və bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyindən xəbər verir.  Dövlət başçısı İlham Əliyevin “Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» fikirləri görülən işlərin əsasında dayanaraq hər kəsdə böyük ruh yüksəkliyi yaradır, prioritetlərinin qısa zamanda reallığa çevrilməsi fonunda işğaldan azad edilmiş torpaqlarımıza qayıdış da gerçəkləşəcək, ümumilikdə Azərbaycanın bütün bölgələrinin malik olduğu potensialdan səmərəli istifadə daha da qüdrətli, zəngin dövlətə çevriləcəyinə əsas verəcək.

Dövlət başçısı İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşündə jurnalistin «Artıq 30 ildən çox müddət keçib. Aydındır ki, bu, ağlasığmaz ağrı, faciədir, lakin Siz haqlı olaraq dediniz, ən ağrılı odur ki, bu, hər bir konkret insanın üzərindən keçir. Onlar indi hansı fəallıqla geriyə qayıdırlar» sualına cavabında bildirmişdir ki, hələ ki, qayıtmağa yer yoxdur, çünki birincisi, hər şey dağıdılıb və ikincisi, hər yer minalanıb. Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda Rusiya Prezidenti  Vladimir Putinin çağırışlarına baxmayaraq Ermənistanın  baş naziri Nikol  Paşinyan onlarda mina xəritələrinin olmaması  barədə inadla danışırdı.  Bir neçə aydan sonra artıq etiraf etdilər ki,  belə xəritələr mövcuddur, lakin onları  bizə verməkdən imtina edirdilər: «Əslində, bununla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və barələrində danışdığınız qaçqınları ölümə məhkum edirdilər. Çünki insanlar 30 il gözləmişdilər, hamının qarşısını almaq, hər yolda blok-postlar qurmaq da mümkün deyildi. Yəni, dolayı yollar var, insanlar keçir, gedirlər, öz evlərinin heç olmasa xarabalığını axtarıb tapmaq istəyirlər və həlak olurlar. Minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir. Yəni, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik. Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq.» Dövlət başçısı müqayisə üçün  onu da deyib ki, biz Livanın ərazisinə bərabər ərazini bərpa etməliyik. Həmin ərazidə heç nə yoxdur,  hər şey dağıdılıb: «Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur. Daşları daşıyıb aparıb, satıblar. Başdaşılarını sındırıb, aparıb və satıblar. Yəni, misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub.»

«Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək» söyləyən ölkə Prezidenti qeyd etmişdir ki,  hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək: «Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq. Bu insanlar çox gözləyiblər, bu səbəbdən onlar Azərbaycanda mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar. Mən konkret müddət deyə bilmərəm, hətta onlarla görüşlərdə deyə bilmərəm, onları yanılda bilmərəm. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik.»

Qeyd etdiklərimiz fonunda bu ümumiləşdirməni apara bilərik ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi  gələcəklə bağlı hədəflərin təqdimatı olmaqla yanaşı, Azərbaycanın informasiya cəbhəsində qalibiyyətidir. Bu baxımdan ki, dövlət başçısı ermənilərin təxribatlarını, törətdikləri faciələri, vəhşilikləri əsaslı şəkildə açıqlayır, dünya güclərini erməni faşizminin tamamilə məhv edilməsi üçün birliyə, həmrəyliyə çağırır. Bu birlik, həmrəylik, ən əsası ədalətli yanaşma olsaydı, bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli 30 il uzanmaz, 44 günlük Vətən müharibəsi yaşanmazdı. Dünya gücləri tarixi Zəfərimizin yaratdığı reallıqları qəbul etməklə yanaşı, ikili standartlara əsaslanan siyasətin yaratdığı  problemlərdən, etimadsızlıq mühitindən nəticə çıxarmalıdır.

Daha çox xəbərlər