Cəmiyyət 

Bu gün Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın anım günüdür

Martın 2-si Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın (Killigil) anım günüdür.

ARANTV.AZ xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Bakını bolşevik-daşnak birləşmələrinin işğalından azad edən Qafqaz İslam Ordusunun komandanı, sonradan Türkiyədə milli müdafiə sənayesinin əsasını qoyan Nuru Paşa 1949-cu il martın 2-də təxribat olduğu ehtimal edilən partlayış nəticəsində həlak olub.

Qeyd edək ki, 1890-cı ildə dünyaya gələn Nuru Paşa böyük qardaşı Ənvər Paşa kimi hərbçi olmaq qərarına gəlir. 1903-cü ildə Manastır Hərbi Liseyini bitirən Nuru Killigil uzun illər Osmanlı ordusunda zabit kimi xidmət edib, Qurtuluş Savaşında general rütbəsinədək yüksəlib.

Uzun illər müxtəlif cəbhələrdə döyüşən Nuru Paşa hərb təcrübəsini və mexanika sahəsindəki biliklərini Türkiyənin güclü müdafiə sənayesinə sahib olması üçün istifadə edib. O, 1933-cü ildə İstanbulun Zeytinburnu rayonunda qurduğu fabriklə Qərb dünyasının diqqətini üzərinə çəkir. Nuru Paşanın bu addımı Türkiyə Müdafiə Sənayesinin təməllərindən hesab edilir və ölkədə bu sahənin formalaşmasında və inkişafında əhəmiyyətli rol oynayıb.

Fabrikdə tapança, tüfəng, qumbara, təyyarə bombası, güllə və top istehsal edən Nuru Killigil istehsalı artırmaq üçün İstanbulun Sütlüce bölgəsində daha bir fabrik açır. Buradan Fələstinə, Misirə, Suriyaya və Pakistana silah ixrac edilirdi.

Sonradan dünya silah lobbisi tərəfindən Nuru Killigilin silah istehsalının qarşısının alınmasına cəhdlər edilib. Bu da fabrikin bağlanması ilə nəticələnib.

1949-cu il martın 2-də İstanbulun Sütlüce bölgəsindəki fabrikdə güclü partlayış baş verib. Partlayış nəticəsində Nuru Paşa və 28 işçi həlak olub. Partlayışdan sonra aparılan axtarış işlərinə baxmayaraq, Nuru Paşanın cəsədini tapmaq mümkün olmayıb. Onun cənazə namazı vəfatından 67 il sonra qılınıb.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olunması Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bakının azad olunması həm də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının bariz göstəricisidir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Daha çox xəbərlər