Analara ən böyük hədiyyə müharibəsiz dünyadır
Qadınlar haqqında nə qədər xoz sözlər deyilsə də, kitablar yazılsa da, qadın əzəmətini, ana şəfqətini, müqəddəsliyini əsl mənada müəyyənləşdirən, ifadə edən dəyər, söz yoxdur. Analara müqəddəs varlıq kimi dəyər verən Məhəmməd Peyğəmbərin (ə.s) «Behişt anaların ayaqları altındadır», «Qadınlara yaxşılıq insanı cəhənnəm odundun qoruyan pərdə kimi olacaqdır» sözlərində ana adının müqəddəsliyi ifadə olunur. «Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir» hikmətinin başqa mənada ifadəsi «Qadınlar zəifdir, amma analar qüvvətlidir» sözləridir. Bu cür dəyərlərdən nə qədər nümunə gətirilsə yenə ana qayğısını, süd haqqını, övladı üzərindəki borcunu ödəmək üçün nə ömür bəs edər, nə də var-dövlət. Milli-adət ənənələrdə fərqlilik olsa da milliyyətindən, dinindən asılı olmayaraq bütün xalqlarda ana adı uca tutulur, hörmətlə çəkilir, Beynəlxalq Qadınlar Günü bütün dünyada qeyd olunur.
Alman siyasətçisi, kommunist hərəkatının fəalı Klara Setkin həm də 8 Mart-Beynəlxalq Qadınlar Günü ideyasının müəllifi kimi tanınır. 1857 və 1908-ci illərdə Nyu-Yorkda işçi qadınların pis yaşayış şəraitinə etiraz olaraq keçirdikləri aksiyalar sonralar bir çox ölkələri əhatə etmiş, beynəlxalq hərəkata çevrilmişdir. İlk «İşçi Qadınlar Günü» mərasimi də 1909-cu ildə, 28 fevralda, 1908-ci ildə keçirilən ilk tətilin yada salınması kimi tarixə yazılmışdır. O tarixdən etibarən dünyada zərif cinsin nümayəndələrinə ehtiram olaraq hər ilin 8 Mart -Beynəlxalq Qadınlar Günü əlamətdar hadisə kimi qeyd olunur. Kütləviliyi ilə seçilən bu bayram irqindən, milliyyətindən, hansı dinə, dilə mənsubluğundan asılı olmayaraq bütün dünya qadınları üçün əzizdir. Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verilən Azərbaycanda da 8 Mart-Beynəlxalq Qadınlar Günü ümumxalq bayram kimi qeyd olunur. Azərbaycan xalqının əsrlərdən bəri qoruduğu milli-mənəvi dəyərlər arasında hamı üçün müqəddəs olan qadına hörmət, anaya qayğı həmişə üstün olub. Ən təhlükəli savaşlarda belə qadının bir sözü ilə tərəflər arasındakı qan davası barışıqla nəticələnir. Ulu öndər Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan qadınlarının problemləri ilə yaxından maraqlanmış, ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə olan qadın hərəkatının genişlənməsini daim diqqətdə saxlamışdır. Ölkəmizdə insan hüquq və azadlıqlarının, onun tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin tərkib hissəsi kimi diqqətdə saxlanılır. İnsan amilinə daim diqqətlə yanaşan Prezident İlham Əliyevin imzaladığı fərmanlar, sərəncamlar cəmiyyətin inkişafında, sağlam ailə institutunun formalaşmasında xüsusi rolu olan qadınları daha çox sevindirmişdir. Ölkəmizdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə qadın hərəkatı, gender siyasəti uğurla davam etdirilir. Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir. Xalqımızın qəhrəmanlıq tarixində izləri qalan Sara xatun, Tomris ananın davamçıları olan, müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınmış Azərbaycan qadınları dövlətə sədaqəti və fədakarlığı ilə seçilmişdir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərmişdir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycanda yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun, İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadını nı dünyada tanıdır, hərtərəfli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlərlə əsl humanitar diplomat kimi böyük nüfuz qazanır. Elm, mədəniyyət və digər sahələrdə uğurlar qazanan Azərbaycan qadınının mədəni və intellektual potensialı beynəlxalq aləmdə qiymətləndirilir. Torpaqlarımızın işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində vətəndaşlıq mövqeyini xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirməklə bildirən qadınlarımızın ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın çalışır. Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir və dövlət dövlət quruculuğu prosesində fəal iştirak edirlər. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun artırılması, qadınlarımızın mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunması Azərbaycanda qadın hüquqlarının qorunmasının və təbliğinin nümunəsidir.
Gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması, qadınların məşğulluq siyasətinin tənzimlənməsi ilə bağlı normativ sənədlərin qəbulu ilə insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşdırmaqla qadın hüquqlarını pozan stereotiplərin aradan qaldırılmasına səbəb olmuşdur. Qadınların qurultaylarında dövlətin qadın siyasətinin təbliği ilə bağlı mühüm məsələlər müzakirə olunur, qadın əməyinin yüngülləşdirilməsi, hüquqlarının qorunması üçün irəli sürülən təkliflər diqqətdə saxlanılır.
Çox təəssüf ki, planetimizdə hələ də müxətlif ölkələrdə davam edən milli münaqişələrdən, terrorlardan, dini ayrı-seçkiliklərdən, radikalizmdən əziyyət çəkən qadınlar var. Şərq ölkələrində, Suriyada, Əfqanıstanda, İraqda hələ də susmaq bilməyən güllə səsləri, söndürülən ocaqlar, qan içində çabalayan körpələrin ah-naləsi ilk növbədə anaların ürəyini qarsalayır, sağalmaq bilməyən yaraya çevrilir. Münaqişə ocaqlarında törədilən terrorlarda həyatlarını itirənlər arasında qadınların, körpələrin çoxluq təşkil etməsi planetimizin gələcəyi üçün real təhlükədir. Narkoticarət şəbəkəsinin, orqan mafiyasının qurbanları da əksər hallarda qadınlar, uşaqlar olur. Bu gün Afrika qitəsində yerləşən ölkələrin bir çoxunda aclıq, səfalət içərisində yaşayan ailələr, məktəb üzü görməyən, analarının gözləri qarşısında xəstəlikdən körpə ikən həyata göz yuman uşaqların əzabları bəşəri fəlakətlər, sosial bəladır. Hələ də bəzi ölkələrdə qadınlara qarşı zorakılıq halları davam edir, çiyinləri ağır möhnətdən, daşıdığı yükdən əyilən qadınlara kölə münasibəti göstərilir. Amma ana hər əzaba dözür, təki körpəsinə bir tikə çörək yedirdə bilsin, onun təbəssümlü baxışları qəlbini sevindirsin. Hazırda Ukraynada davam edən müharibədə də əziyyət çəkən analardır. Torpaqlarımız Ermənistanın işğalı altında qalanda da ailə qəhrini çəkən analar olub. Birinci və İkinci Qarabağ müharibələrində torpaqlarımız uğrunda canlarını qurban verən şəhid analarının göz yaşları hələ də qurumur, qəlbi övlad həsrəti ilə göynəyir. Belə günlərdə itirdikləri övladlarının yolunu gözləyən analara təsəlli dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdır.
Dünya siyasətini maraqları naminə «tarazlayan super güclər» törətdikləri, dəstək göstərdikləri, maliyyələşdirdikləri dini radikal, silahlı qrupların cinayətlərini ört-basdır etmək üçün insanların kütləvi qırğınına da ikili standartlardan yanaşırlar. Amma hələ də anaların ah-naləsinin eşidildiyi günümüzdə hər kəs ana hesab etdiyimiz planetimizin gələcəyi üçün məsuliyyət daşımalı, düşünməli, milyonların taleyini həll edən siyasi oyunların törətdiyi qan-qadaya analara hörmət naminə son qoymalıdırlar. Suriyaya, Fələstinə yardım kampaniyalarında iştirak etməklə münaqişələrdən əziyyət çəkənlərə yardım göstərən Prezident İlham Əliyevin «Avropanın miqrant böhranı. Demək olar ki, o da bütün dünyada müşahidə olunur. Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur» sözləri planetimizdə sülhün qorunmasına dəstək, ölkəmizin tolerantlıq təcrübəsinin təzahürüdür.
…Hər kəs üçün doğulduğu yer ana Vətəndir, bütün «vətənlərin» birgə anası isə yaşadığımız, sülhə, əmin-amanlığa həsrət, mərmilərdən sinəsi «parça –parça olan» planetimizdir. Analara qayğı göstərək, gələcəyimizin etibarlı təminatına vətəndaş məsuliyyəti ilə yanaşaq. Bir nəfər kimi şairin «Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar» sözlərini dəstəkləyək. Belə əlamətdar günlərdə bütün dünya qadınlarına ən böyük hədiyyə müharibəsiz dünya arzulamaqdır. Övladının gələcəyi naminə yuxusuz gecələr keçirən, üstündə əsən, xalqın dili ilə deyilsə, kipriyi ilə od götürən analara oğul-qız toyu görmək, nəvələri ilə birgə asudə vaxt keçirməkdir.
Unudulmaz şair Bəxtiyar Vahabzadənin analara ünvanladığı şerdə deyildiyi kimi,
Beşiklər başında bir çıraq kimi,
Analar sübhədək ürək yandırır!
Yanan ana qəlbi öz körpəsinin
Ömür yollarını işıqlandırır!
Bayramınız mübarək, əziz analar! Bütün dünya qadınlarına qansız-qadasız, müharibəsiz planetdə yaşamaq nəsib olsun. Toylarda övladlarına xeyir-dua versinlər. Ən başlıcası isə Vətənə, xalqa layiq övladlar böyütsünlər!

