Demokratik islahatlar Azərbaycan dövləti üçün hər zaman prioritetdir
Prezident İlham Əliyev ölkəmizin demokratikləşməsi və xalq hakimiyyətinin daha da genişlənməsi üçün əhmiyyətli islahatların həm təşəbbükarı, həm də təşkilatçısı rolunda çıxış edir. Xüsusilə 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərində yenidən və xalqın mütləq səs çoxluğu ilə qalib gəlmiş cənab İlham Əliyev ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırmışdı. Bildirmişdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirilib. Reallıqlar fonunda təbii olaraq, Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi. 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı.
Parlamentin bugünkü tərkibi göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də zərurət var idi. Çünki istər dünya təcrübəsi, istərsə də Azərbaycan təcrübəsi göstərir ki, köklü islahatlar birbaşa dövlət idarəçiliyinin səmərəliliyini artırır. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, islahatlara alternativ yoxdur. İqtisadi, siyasi sahədə aparılan islahatlar, eləcə də kadr islahatları ölkəmizi daha da gücləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli kadr siyasəti də birbaşa dövlətçiliyə və dövlət idarəçiliyinin güclənməsinə hesablanıb. Kadr islahatları yeni peşəkar, intellektual kadrların önə çəkilməsinə imkan verir. Belə ki, kadr islahatları çərçivəsində gənc və savadlı kadrlar, o cümlədən, Milli Məclisin Aparatında uzun illər fəaliyyət göstərən təcrübəli dövlət qulluqçuları qabaqcıl vəzifələrə irəli çəkilib. Vətən müharibəsi qazisinin ailə üzvünə Milli Məclisdə yüksək vəzifə verilib. Heç şübhəsiz, gənc kadrlar onlara göstərilən bu etimadı ən yüksək səviyyədə doğrultmağa çalışmalıdır və bu islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir.
Həyata keçirilən islahatlarla yanaşı tam yeni tərkibdə sədarətin seçilməsi, eyni zamanda bunun çoxpartiyalılıq əsasında baş tutması da özlüyündə yenilik və islahat xarakteri daşıyır. Beləliklə, Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına Milli Məclis Aparatının da uyğunlaşdırılması mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Çünki hazırkı mərhələdə Azərbaycan parlamentinin qarşısında mühüm vəzifələr durur və bunlardan ən birincisi qanunvericilik fəaliyyətini və seçicilərlə işi yeni keyfiyyətdə qurmaqdan ibarətdir.
Kadr islahatları ilə yanaşı, ölkənin yeni siyasi konfiqurasiyasına uyğun olaraq, parlamentin və onun komitələrinin rəhbərliyinə müxalifət partiyalarının təmsilçiləri seçiliblər. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır.
Plenar iclaslar zamanı parlamentdə təmsil olunan müxalifət partiyalarının rəhbərlərinə və təmsilçilərinə çıxış üçün geniş imkanlar yaradılması, müxalifət partiyalarının təmsilçilərinin Milli Məclisin rəsmi nümayəndə heyətlərinin xarici səfərlərində iştirak etməsi, xüsusi ilə, parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyətinin daha da təkmilləşdirilməsi, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilməsi, ən başlıcası isə Azərbaycan parlamentində bitərəflərlə yanaşı, azlıqda olan partiyaların nümayəndələrinin təmsil olunması çox mühüm məsələdir və bir daha göstərir ki, Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında keyfiyyətli işin həyata keçirilməsi istiqamətində formalaşıb.
Səfa Ağayev,
YAP İmişli rayon təşkilatının sədri

