Gündəm 

Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya

Yeni Azərbaycan Partiyası XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etmiş ölkədə mövcud olan mürəkkəb və gərgin bir dövrdə respublikanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişə bilən bir partiya kimi gəlmişdir. Yeni Azərbaycan Partiyası qısa bir müddətə qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdır. Ümummilli Liderin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Prezident İlham Əliyevin partiyamıza rəhbərlik etdiyi dövr Yeni Azərbaycan Partiyasının sürətli inkişaf dövrü hesab olunur. Müasir dövrdə Azərbaycan xalqının və dövlətinin tarixi nailiyyətlər əldə etməsi məhz, Prezident İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır.

44 günlük Vətən Müharibəsində Şanlı qələbənin əldə edilməsi bunun bariz  sübutudur. Düşmən üzərində tarixi Qələbəni şərtləndirən amillər içərisində Prezident İlham Əliyevin yüksək intellekt və diplomatik məharəti, milli maraqların qorunmasında qətiyyət və prinsipiallığı, onun rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları və xarici siyasətdə nailiyyətləri mühüm rol oynamışdır. Xalq-dövlət birliyinin möhkəmlənməsi istiqamətində Dövlət başçımızın apardığı məqsədyönlü siyasətin də məntiqi nəticəsi özünü parlaq şəkildə Vətən Müharibəsi zamanı göstərdi. Müharibə dövründə ölkə vətəndaşları milli-etnik və dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi ki, bu da milli həmrəyliyin və vətəndaş birliyinin təcəssümü idi. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini cəmi 44 gün ərzində darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur və inam hissini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə bir yerdə oldu, onlarda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın yenilməzlik, mətinlik və qəhrəmanlığının ifadəsi oldu, Şanlı qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü göstərdi. Vətən Müharibəsində qələbə bölgədə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratmışdır. Ölkə başçısının 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ilə Qarabağ iqtisadi rayonunun yaradılması ilə “Qarabağ Azərbaycandır!” şüarı özünün siyasi-hüquqi təsdiqini tapdı. Eləcə də həmin Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonu yaradılmaqla Azərbaycanın tarixi əraziləri arasındakı ənənəvi sosial-iqtisadi və mədəni bağlılığın bərpası istiqamətində mühüm addım atıldı.

Ötən dövr ərzində Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi, dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirakı, geniş beynəlxalq əlaqələri YAP-ın cəmiyyətdə mövqeyini möhkəmləndirmişdir. Demokratik dəyərlərə sədaqət ölkəmizin modernləşmə yolu ilə inkişafını təmin edən mühüm dəyərlərdən biridir. Azərbaycanda aparılan genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsində, iqtisadiyyatın inkişafında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xalqımızın milli-mədəni irsinin və dəyərlərinin qorunmasında böyük əhəmiyyət daşıyır. Bu islahatlar Azərbaycanın gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur. Yarandığı vaxtdan indiyə kimi qazandığı böyük nailiyyətlər bir daha sübut edir ki, YAP yeni üfüqlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. Partiyanın bütün üzvləri əmindir ki, YAP qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı şərəf və ləyaqətlə yerinə yetirəcəkdir. Dünya sürətlə dəyişir, yenilənir, qloballaşma prosesi yeni çağırışları meydana gətirir, dəyişən dünyamızda azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşən xalqımız, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir.

Ülvi Fərzəliyev,

YAP Neftçala rayon təşkilatının sədri

Daha çox xəbərlər