Gündəm 

İslahatlar ölkənin inkişafı və beynəlxalq nüfuzunun artmasına xidmət edir

Davam edən islahatlar konteksində növbədənkənar parlament keçirilməsi ölkəmizin həyatında çox mühüm ictimai-siyasi hadisə olmuşdur. Bütün sferalarda istər siyasi, istər iqtisadi, istərsə də kadr sahələrində aparılan islahatlar Azərbaycanın inkişafının əsas istiqamətinə çevrilib. Bu islahatların son nəticəsi olaraq, bütün sahələrdə inkişaf prosesinin getdiyi özünü göstərməyə başlayıb. Aparılan islahatlar və bunun qarşılığında əldə olunan nəticələr ölkəmiz üçün çox vacibdir. İslahatlar həmişə uğurlu bir tendensiyanın, uğurlu inkişaf prosesin başlanğıcı olub. İslahatlar o zaman öz müsbət nəticəsini göstərir ki, atılan bu addımlar xalq tərəfindən dəstəklənir. Cənab Prezidentin apardığı islahatlar cəmiyyətdə və eyni zamanda dünyada və regionda baş verən ictimai siyasi proseslərə adekvatdır.

Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən həyata keçirtdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın siyasi, hərbi, diplomati və sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətə davamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar ölkənin dünyadakı nüfuzuna böyük təsir göstərir. Azərbaycanda bütün sahələrdə islahatlar, o cümlədən, struktur islahatları daha geniş vüsət alaraq ölkəmizi regionun ən lider dövlətinə çevirmişdir. Ölkədə islahatlar prosesinin yeni mərhələsinə başlanılaraq bütün sahələrdə çox böyük uğurlara imza atılmışdır. Ölkəmizin əldə etdiyi uğurlar heç də təsadüfi deyildir bu, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən irimiqyaslı və hərtərəfli islahatların məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

Bütün bu köklü və inqilabi dəyişikliklər parlamentdən də yan ötə bilməzdi. Nəzərə alsaq ki, sistemli xarakter daşıyan islahatlar surətlə davam etməkdədir və bu baxımdan hər günün, hər ayın ciddi əhəmiyyəti var. Geniş miqyas alan islahatların yüksək səviyyəli, peşəkar, dövlətçiliyimizə sədaqətli, prinsipial və fəal parlament bazasına söykənərək aparılması zamanın tələbi idi. Altıncı çağırış Milli Məclisin ilk iclasında parlaq və geniş nitq söyləyən dövlət başçısı İlham Əliyev Milli Məclisin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir. Ölkəmizdə son parlament seçkilərindən sonra siyasi, iqtisadi, idarəetmə sahələrində böyük işlər görülüb. Qanunvericilik fəaliyyətində bəşəri dəyərlər milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir. Yeni, müasir parlamentin formalaşması qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmaq üçün təkmil hüquqi əsasların formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Prezident Administrasiyasının nümayəndələri, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə mütəmadi görüşlər keçirirlər. Həmin görüşlərin və danışıqların nəticəsidir ki, ölkədə fəaliyyət göstərən partiyaların əksəriyyəti  50-dək partiya dövlətçilik, xalq və milli məsələlərlə bağlı bir neçə dəfə birgə bəyanatla çıxış edib, eyni mövqe nümayiş etdirib.Cənab Prezidentin cəmiyyətdə harmonik inkişafın təmin olunması baxımından da parlament islahatlarının keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu islahatlar davamlı olmaqla bərabər Azərbaycanın inkişafı üçün də əsas meyarlardan olacaqdır.

Xumarə Familli,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı

Daha çox xəbərlər