Dəmir yumruq işini görür
Fərruxdan sonra hədəfimiz Xankəndi, Xocalı, Əsgəran və Ağdərədir
Vətən müharibəsində Ermənistanın işğalçı ordusunun 44 günə darmadağın edilməsinin yekun nəticəsi olaraq 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli Bəyanatın müddəalarından biri də Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağ ərazisindən çıxarılması idi. Lakin təəssüflər olsun ki, aradan xeyli vaxt keçməsinə baxmayaraq işğalçı ordunun qalıqlarının Azərbaycan ərazilərindən tamamilə çıxarılması hələ də reallaşmayıb. Bu isə o deməkdir ki, Ermənistan məlum Bəyanatın müddəalarını pozmaqda davam edir.
Düzdür, Ermənistanın həm Qarabağda, həm də sərhədlərimizdə törətdiyi hərbi təxribatlara Azərbaycan Ordusu sərt cavablar verir. Çünki Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, dəmir yumruq yerindədir və düşmənin istənilən təxribatının qarşısı dərhal alınacaq. Vətən müharibəsindən sonra düşmən bir neçə dəfə dəmir yumruğun zərbəsini hiss edib.
Xatırladaq ki, ötən ilin noyabr ayında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribatlar törətmişdilər. Həmin vaxt Azərbaycan Ordusunun döyüş postlarına hücum edən erməni hərbi birləşməsinə qarşı təxirəsalınmaz əməliyyat həyata keçirilmişdi. Darmadağın edilərək geri otuzdurulan erməni hərbi birləşmələri tərksilah edilərək əsir alınmışdılar. Eyni zamanda, ordumuz tərəfindən xeyli sayda silah-sursat qənimət götürülmüşdü.
2022-ci ilin martın 26-da isə Qarabağın Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən Xocalı rayonunun Fərrux kəndi istiqamətində ermənilərin növbəti təxribatına qarşı ordumuz tərəfindən verilən tutarlı cavab bir daha təsdiq etdi ki, dəmir yumruq yenə də qüvvədədir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, həmin gün səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstəriblər. Dərhal görülən əks- tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur ediliblər. Həmçinin Azərbaycan Ordusu təxribat yuvasına çevrilən Fərrux kəndini və Daşbaşı yüksəkliyini öz nəzarətinə keçirib. Bundan sonra erməni mənbələri tərəfindən vəziyyət süni şəkildə şişirdilərək ordumuza qarşı qarayaxma kampaniyasına başlanılıb.
Təəssüf ki, həmin vaxtda Rusiya Müdafiə Nazirliyinin açıqlamalarında həqiqətə uyğun olmayan məlumatlar yer aldı ki, guya hərbçilərimiz həmin ərazilərdən geri çəkilib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi bildirdi ki, ordumuzun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumatlar həqiqəti əks etdirmir. Ordumuz bu ərazidə əməliyyat şəraitinə tam nəzarət edir.
Bu, bir reallıqdır ki, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra Azərbaycan dövləti tərəfindən azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb: Qarabağ və Şərqi Zəngəzur. Bu gün respublikamızda «Dağlıq Qarabağ» adlı ərazi vahidi yoxdur. Həmçinin Azərbaycanın Xocalı rayonunda Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlum bəyanatında adı keçən «Furux» adlı kənd də yoxdur. Yalnız Fərrux kəndi var. Hansı ki, onun uğrunda hələ 1990-cı illərin əvvəllərində neçə-neçə oğullarımız şəhid olub. Təəssüf ki, Azərbaycanın o dövrdəki səriştəsiz rəhbərliyi həmin ərazini əldə saxlamağı bacarmad. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfər artıq bu kənd üzərində də ordumuzun nəzarətinin təmin olunmasına imkan yaradıb. Bu gün Fərrux kəndində də Azərbaycan bayrağı dalğalanır. Qeyd etmək lazımdır ki, 1992-ci ilin mayın 7 – 8-də Milli Qəhrəman Şirin Mirzəyevin alayı Fərrux kəndini geri almışdı. Məqsəd Əsgərana girməklə Şuşaya hücum edən Ermənistan ordusunun əsas qüvvələrini özünə cəlb etmək idi. Lakin həmin döyüşlərdə iştirak etmiş hərbçilərin sözlərinə görə, işğaldan azad olunan Fərrux kəndi təəssüf ki, az sonra xəyanət nəticəsində yenidən düşmən tərəfindən işğal edilmişdir. Həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş xalam oğlu İlqar Məmmədovun və digər igidlərimizin ruhları artıq bu gün şaddır.
Bəli, Ermənistan ölkəmizə qarşı törətdiyi hər bir təxribatına görə layiqli cavabını bundan sonra da alacaq. Hədəfimiz bəllidir. Hələ qarşıda Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və onlarla kəndlərimizin işğaldan tam azad olması kimi mötəbər bir vəzifə durur. Məhz buna görədir ki, Prezident İlham Əliyev müsahibələrinin birində demişdir: «Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir»

