Əsas səhifə 

Təkmil islahatlar, vətəndaş məmnunluğu, gələcək inkişafı təmin edən hədəflər

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışı bunun bariz nümunəsidir

Hər bir ölkənin inkişafında, tərəqqisində  ən mühüm amillərdən biri  vətəndaş məmnunluğunun səviyyəsidir. Dövlət başçısı İlham Əliyevin «Həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır» tezisi  ölkəmizdə dövlət-vətəndaş münasibətlərinə verilən önəmin aydın mənzərəsini yaradır. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin ayrı-ayrı sahələrin inkişafına xidmət edən Fərman və sərəncamlarına, təsdiqlədiyi Dövlət proqramlarına diqqət yetirsək görərik ki,  sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrası son nəticədə vətəndaş məmnunluğunun artırılmasını təmin edir. Zamanın və dövrün tələblərinə uyğun olaraq Milli Konstitusiyamıza edilən əlavə və dəyişikliklərdə də  dövlət-vətəndaş münasibətləri özünü qabarıq şəkildə büruzə verir. Belə ki, 2009-cu ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərdən biri də «Dövlətin ali məqsədi» maddəsinə edilən əlavə oldu. Bu əlavəyə görə dövlətin ali məqsədi insan hüquqlarının qorunması ilə yanaşı,  yüksək həyat səviyyəsinin təmin edilməsi idi.

Cənab İlham Əliyevin 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən irəli sürdüyü  «Neft kapitalını insan kapitalına çevirək!» tezisi də insan amilinə dəyərdən irəli gəlir.  Dövlət başçısının  iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi  siyasət  real nəticələrini verir. Ölkə Prezidenti bu çağırışı səsləndirərkən  onu da açıqlamışdır ki, hər yerdə vətəndaşlara diqqət və qayğı olmalıdır. Dövlət məmurları insanların problemləri ilə maraqlanmalı, hər zaman onların yanında olmalı, vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində zəruri addımlar atmalıdırlar. Cənab İlham Əliyevin yeni təyinatlardan sonra keçirdiyi görüşlərə diqqət yetirdikdə hər bir çıxışının və tapşırığının mahiyyətində insanlara diqqət və qayğının dayandığını görərik. Ölkə Prezidenti «İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır» tapşırığının davamı olaraq onu da bildirir ki, böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən   addımları da bu istiqamətdə atmalısınız.

18 ildən artıq dövrdə xalq qarşısında verdiyi hər bir vədini əməli fəaliyyəti ilə doğruldan  cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın inkişaf həfəflərini mükəmməl şəkildə özündə ehtiva edir.  Milli Prioritetlər  gələcək üçün əsas hədəf,  vəzifələrin müəyyənləşdirilməsinə,  cəmiyyətin sosial gözləntilərinin və istəklərinin nəzərə alınmasına geniş imkanlar yaradır.

İnsan amilinə verilən yüksək dəyərin əsas göstəricilərindən biri də pandemiya şəraitində özünün pik həddinə çatan qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Bunu şərtləndirən əsas amillərdən biri sözügedən inkişafı təmin edən mükəmməl xarakterli bazanın formalaşdırılması, onun bütün əsas sahələri, o cümlədən sosial-iqtisadi dəstək paketini özündə ehtiva etməsidir. Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət son iki ildə Azərbaycanın pandemiya ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb. Dövlət başçısı İlham Əliyev mübarizə tədbirlərinə başlandığı ilk gündən iqtisadi islahatların dərinləşdirilməsinin vacibliyini önə çəkərək, heç bir sosial layihənin təxirə salınmayacağını bildirdi. 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramının uğurlu icrası da deyilənlərin təsdiqidir.

Pandemiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə də dövlət başçısı İlham Əliyev insan amilini öndə saxladı. Ölkə Prezidentinin qeyd etdiyi kimi, qazanılan tarixi Zəfər fonunda Vətən müharibəsindən sonra Azərbaycanda islahatlar prosesi daha da sürətlənib. Prezident İlham Əliyevin son sərəncamları ilə minimum əməkhaqqının 250 manatdan 300 manata qaldırılması, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının maaşlarının, pensiya və müavinətlərin artırılması sosial müdafiə sisteminin getdikcə təkmilləşdirildiyini göstərir.

Günümüzün əsas mənzərəsi budur ki, dayanıqlı inkişafın təmin edilməsi təkmil islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri əsas tələb kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, islahatlara alternativ yoxdur. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar. Ölkə Prezidenti, eyni zamanda, bu məqamı da diqqətə çatdırır ki, əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr dayanır və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

COVID-19-la mübarizə tədbirlərinin gücləndirildiyi müddətdə ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər an vətəndaşların yanında olmaları, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin şəffaflığının təmin edilməsi istiqamətində atdıqları addımlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Onu da qeyd edək ki, DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. DOST Agentliyinin yaradılması “ASAN xidmət”in müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Bu cür mərkəzlərin yaradılması məşğulluğun artırılmasının, həm də ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.

Göründüyü kimi, dövlət siyasətinin təməlində vətəndaş amilinin dayandığı atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Sosial islahatlar proqramının əsas hədəfi də məhz dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Dövlət başçısı İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Prezidentin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.

İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və DOST Mərkəzi məmur özbaşınalığının, korrupsiyanın qarşısını alır, vətəndaşların vaxta qənaət etmələrini təmin edir. Bu layihədə reallaşdırılan könüllülər proqramı gələcəyimizi etibar edəcəyimiz gənclərin həyatda özlərinə yer tapmalarında, karyeralarını qurmalarında, layiqli vətəndaş kimi yetişmələrində önəmli rol oynayır. “ASAN xidmət”in coğrafiyasının genişləndirilməsi, kiçik və orta sahibkarlığa asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin sayının artması da bu qəbildəndir. Dövlət başçısı İlham Əliyev bildirir ki, “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir.

Hər zaman bu reallıq diqqətə çatdırılır ki, zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Hakimiyyətin hər üç qolunda – icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələr həm Azərbaycanın bugünkü inkişaf səviyyəsinə, həm də müasir dövrün çağırışları və qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə adekvat olmalıdır.

Bir sözlə, ölkədə dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Əvvəldə də qeyd etdiyimiz kimi, müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb və hazırda həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclisdə, Prezident Administrasiyasında, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri öz müsbət nəticələrini verir.

Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Dövlət başçısı İlham Əliyevin regionlara səfərləri zamanı «ASAN xidmət» mərkəzlərinin açılışlarında iştirak edərkən bu fikri xüsusi qeyd edir ki, Azərbaycanın dünyaya səs salan layihələri vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır.

Ölkə Prezidenti İlham Əliyevin bu günlərdə açılışında iştirak etdiyi Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində nəzərdə tutulan yeniliklər də vətəndaş məmnunluğuna yönəlib. Belə ki,  tətbiq olunan yeniliklərdən biri  Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar  zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcək. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır. Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait vardır.

Ölkə vətəndaşları hər addımda rastlaşdıqları diqqət və qayğıdan məmnundurlar. Ölkəmizdə insan amilin verilən yüksək dəyər beynəlxalq səviyyədə də təqdir edilir, Azərbaycanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında liderliyini şərtləndirir.

Daha çox xəbərlər