Azərbaycan idmançıları yarışlarda hər zaman ləyaqətli mübarizə aparırlar
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da gənclər dövlətin əsas kapitalı, iqtisadi, intellektual və mədəni inkişafının mənbəyidir. Bu səbəblə gənclərin fiziki cəhətdən sağlam, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər şəxslər kimi yetişməsi dövlətin prioritetləri arasında çoxdan öz yerini almışdır. Gənclərin sadalanan xüsusiyyətlərə uyğun şəkildə yetişməsində əsas vasitələrdən biri idmanın əlçatanlığının yüksəlməsi və inkişafı ilə bağlıdır. Çünki, sağlam əqidəli gəncliyin formalaşması üçün sağlam bədən əsas şərtlərdən biri olaraq qarşımıza çıxır. Beləliklə, bu gün ölkəmizdə idmana xüsusi diqqət və qayğı mövcuddur. Bunu biz idman infrasrtrukturunun müasirləşməsi istiqamətində atılan addımlarda, idmançıların uğurlarının ölkə başçısı səviyyəsində daim qeyd olunmasında müşahidə edirik. Hər birimizin xatirindədir ki, ölkə başçımız ötən ayın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını əldə etdiyi yüksək nailiyyətlərə görə qəbul etmiş, onları şəxsən təbrik etmişdir. Eyni zamanda görüşdən cəmi bir gün sonra əldə olunan yüksək nəticə ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılmışdır. Bu idmana göstərilən diqqət və qayğının sadəcə bir nümunəsidir. Belə nümunələr isə sadalamaq mümkün olmayacaq qədər çoxdur.
Bu günlərdə isə cənab Prezident bənzər bir uğur münasibətilə, daha dəqiq, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimizin yüksək nailiyyətləri ilə əlaqədar idmançıları qəbul etmişdir. Məlumat üçün qeyd edək ki, sözügedən yarışlarda Azərbaycan güləşçiləri ümumilikdə 16, o cümlədən 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıb. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız komanda hesabında Avropa çempionu olub ki, iki komandamızın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Onu da qeyd etmək istərdim ki, güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş bizim milli idman növümüzdür. Güləşlə bağlı Ümummilli lider Heydər Əliyevin bir fikrini xatırlatmaq istərdim: “Azərbaycanda güləş milli və ən məşhur idman növüdür. Bütün dövrlərdə bizim çox məşhur güləşçilərimiz olmuşdur. Onlar müxtəlif beynəlxalq yarışlarda böyük uğur qazanmışlar”.
Görüşdə geniş nitqlə çıxış edən dövlət başçımız əldə olunan nailiyyətlə bağlı idmançıları, onların məşqçilərini və Azərbaycan Güləş Federasiyasını təbrik etmiş, iki il sonra keçiriləcək Yay Olimpiya Oyunlarında da bənzər uğurların göstəriləcəyinə əminliyini ifadə etmişdir. O da vurğulanmışdır ki, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərinin gücləndirir. Həqiqətən də ölkə başçımızın qeyd etdiyi kimi, idmançılar və idmanla maraqlananlarla yanaşı, hətta idmana marağı olmayan şəxslər belə ölkəmizi təmsil edən hər bir idmançını daim dəstəkləyir, onun şanlı bayrağımızı ən yüksəklərə qaldırması üçün dua edir və sonda onun uğuruna sevinir, buna fəxrlə yanaşır.
Cənab Ilham Əliyevin çıxışı zamanı üzərində durduğu növbəti nüanslardan biri isə Azərbaycan idmançılarının yarışları daim ləyaqət prinsipi çərçivəsində aparması ilə bağlı oldu. Ölkə başçımız qısa müddət öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Marsel”lə Konfrans Liqasının matçındakı feyr-play addımını xatırladaraq bunun, qələbədən daha vacib olduğunu bildirdi. Qürurverici haldır ki, ləyaqət prinsipi xalqımıza xas olan olduqca dəyərli bir xüsusiyyət olaraq daim qarşımıza çıxır. Biz demək olar ki, bütün müstəvilərdə – idmanda, diplomatiyada hətta müharibədə də xalqımızın əxlaq kodeksindən hərəkət etdiyini müşahidə edirik. Düşmənin istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində daim hiylələrə, qazanmaq naminə xoş olmayan yollara baş vurmasına baxmayaraq Azərbaycan əsgəri heç vaxt düzgün yoldan çəkilməmiş, müharibəni ləyaqətlə aparmış, əsla əliyalın xalqı hədəfə götürməmişdir. Hətta düşmənin Gəncəni, Bərdəni ballistik raketlərlə vurduğu, Tərtəri hər gün, Mingəçeviri dəfələrlə atəşə məruz qoyduğu günlərdə belə Ordumuz ancaq cəbhədə mübarizə aparmışdır. Bunun nəticəsidir ki, bu gün bütün dünya, bütün hərbi ekspertlər qəbul edirlər ki, Azərbaycan müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb. Məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. Beləliklə, yenidən bu günümüzə, idmançılarımızın yarışlarda ləyaqətlə mübarizə aparmasına qayıdaraq vurğulamaq istərdim ki, idmançılarımız gələcək yarışlarda da nəticələrə baxmayaraq indiyə qədər olduğu kimi bundan sonra da ölkəmizi ləyaqətlə təmsil etməli, Müzəffər xalqın nümayəndələri kimi ölkəmizə qalibiyyətlər gətirməlidir.
Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət almaqda, bununla bağlı məqsədyönlü dövlət siyasəti reallaşdırılmaqdadır. Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanması, bayrağımızı ən uca zirvələrdə dalğalandırması da qeyd edilənlərin faktiki təsdiqidir.

Samir Hüseynov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri

