Yeni sosial islahatlar, vətəndaş rifahı, yüksələn həyat tərzi – 2018-2022
Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında vətəndaş məmnunluğunun artırılması dayanır
2018-ci ilin aprelində ölkəmizdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilməsi, andiçmə mərasimində «Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar» söyləməsi sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsi, insan amilinə diqqətin ifadəsi idi. Azərbaycanda başlanan köklü sosial islahatlar, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri istiqamətində həyata keçirilən layihələr uğurla davam etdirilir. Pandemiya dövründə yaranan müəyyən çətinliklərin aradan qaldırılması üçün 4,2 milyon ölkə vətəndaşının həyat şəraitini yaxşılaşdıran «sosial paket» layihəsinin tətbiqi insana alternativi olmayan diqqət idi. COVID-19-un məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olundu. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə əmək haqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün də illik əlavə 2,1 milyard manat ayrıldı.
Şəhid ailələri, müharibə əlilləri və digər həssas qruplara qayğını artırmaqla sosial müdafiəsinin gücləndirilməsi göstərdi ki, dövlət siyasətinin ana xəttini insanların rifahının yüksəldilməsi təşkil edir. 2018-ci ilin aprelində yenidən Prezident seçildikdən sonra cənab İlham Əliyevin imzaladığı ilk Fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübut edir. Həmin Fərmanla 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanlarında çalışmış 12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.
Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) ilə təminatını nəzərdə tutur və bu prosesə də yaxın vaxtlarda başlanacaq. İkinci Qarabağ müharibəsində iştirak edən şəxslərin orden və medallarla, «Müharibə veteranı» adı ilə təltif olunmaları, onlara Prezidentin aylıq təqaüdü təyin edilməsi vətəndaşlara sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş istiqamətləri əhatə edən sosial dəstək proqramına uyğun olaraq şəhid ailələri, müharibə əlillərinin mənzillə təminatı prosesi davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə onlara 3 min mənzil və fərdi ev verilməsi proqramı uğurla icra olunub. Son dörd ildə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa edilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində «Məzun evi»” sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərir. Həmin binalarda 365 məzun mənzillə təmin olunub. Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam edir. Son 4 ildə 1450-dək, ümumilikdə isə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.
«Bildiyiniz kimi, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır» söyləyən Prezident İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, dövlətin siyasətində vətəndaş amili, vətəndaş məmnunluğu əsasdır. Azərbaycanın iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanaraq sosial dövlət imicinə yeni əlavələr edir. 2022-ci ilin ilk sosial paketində əksini tapan Prezident Fərman və sərəncamları deyilənlərin təsdiqidir.

