Sözlə əməlin uğurlu vəhdəti
Prezident İlham Əliyevin “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” sözləri ötən dörd ildə yüksək səviyyədə öz əməli təsdiqini tapıb
Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Ölkə başçısının tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı Fərman və sərəncamlar ötən 4 ildə Azərbaycanda sosial inkişaf istiqamətində mühüm irəliləyişləri təmin edib. Bu dövrdə ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 65 faiz artım baş verib. Həssas qruplara yönələn müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi qruplar üzrə 3 dəfədən çox artıma nail olunub.
2018-ci ildən sonra dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir. Ölkə başçısının uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq aparılan islahatlar nəticəsində son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondu 2 dəfədən çox və 2022-ci ilin ilk rübündə də 11,1 faiz artıb. Aparılan sosial-iqtisadi islahatlar son 4 ildə məcburi sosial sığorta daxilolmalarının da 84,3 faiz və ya 1757,68 milyon manat artması ilə nəticələnib.
Özünüməşğulluq proqramına cəlb olunanların sayı da 13,8 dəfə artaraq ötən il 16232-yə çatıb. Son 4 ildə və bu ilin ilk rübündə 44 mindən çox şəxs bu proqrama cəlb olunaraq kiçik ailə təsərrüfat və müəssisələrini qurub. İşsiz və işaxtaranların məşğulluq imkanlarını artıran ödənişli ictimai işlər proqramı isə xeyli genişlənib və proqram üzrə 56 min şəxs işlə təmin edilib.
Ölkəmizdə şəhid ailələrinə, qazilərə və digər həssas qruplara daim xüsusi diqqət göstərilir. Şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının Fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olanların mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Mənzillə təminat proqramı Vətən Müharibəsi Qəhrəmanları, digər həssas qruplardan olanları (gözdən əlilliyi olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da əhatə edib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olaraq Abşeron rayonunda yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələrinin məzunlarına verilib. Həmin binalarda 365 məzun mənzillə təmin olunub. Son illərdə müxtəlif ərazilərdəki yeni yaşayış komplekslərində də dövlət uşaq müəssisələrinin məzunlarının mənzillə təminatı həyata keçirilir. Bu da sosial proqramların əhatə dairəsinin daha da genişləndiyini göstərir. Son 4 ildə daha 1450-dək müharibə əlili minik avtomobili ilə təmin edilib və avtomobillə təmin edilən müharibə əlillərinin sayı 7400-ə çatıb.
Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı 2018-ci ilin aprelində dövlət başçısı seçildikdən sonra ilk imzaladığı Fərmanın məhz şəhid ailələri ilə bağlı olmasında bir daha özünü göstərdi. Dövlət başçısının həmin Fərmanı ilə şəhid ailələri daha bir sosial dəstək proqramı ilə əhatə olundu: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının – 12 min şəhidin 18 mindən çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi proqramı uğurla icra edildi. Ölkə başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla isə daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır. Belə ki, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yararlanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq. Eyni zamanda Prezidentimizin tapşırığı ilə bu ilin ilk rübündə 44 günlük Vətən müharibəsi iştirakçıları ilə bağlı da sosial dəstək proqramına başlandı və uğurla icra edildi: “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatı prosesi həyata keçirildi.
Son dörd ildə ölkəmizdə aparılan mühüm sosial islahatların ciddi nailiyyətlərindən biri də Prezident İlham Əliyevin 2018-ci il 9 avqust Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və DOST mərkəzlərinin yaradılmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası artıq Azərbaycanın yeni brendi kimi tanınır. Dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına imkan verən DOST konsepsiyasına beynəlxalq səviyyədə də yüksək dəyər verilir. Bunun təsdiqi kimi DOST Agentliyi 2022-ci ilin fevralında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BSTA) Fəxri fərmanına, bu günlərdə isə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu da Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb. Ümumilikdə son 4 ildə Azərbaycanın dörd sosial layihəsi (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri) BSTA-nın xüsusi mükafat və təltiflərini qazanıb.
Beləliklə, Prezident İlham Əliyevin 2018-ci il aprelin 18-də andiçmə mərasimindəki çıxışında söylədiyi “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” sözləri ötən dörd ildə yüksək səviyyədə öz əməli təsdiqini tapıb. Ölkə vətəndaşının rifahı naminə mühüm sosial irəliləyişləri təmin edən uğurlu sosial siyasət qarşıdakı dövrdə də Azərbaycan yeni-yeni nailiyyətlər qazandıracaq.

