Bütün planlar həyatda öz əksini tapacaq
Dövlət başçısı İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bir daha bu reallığı diqqətə çatdırmışdır ki, Azərbaycana artan maraq böyük investisiya layihələrində də təsdiqini tapır
«Postmünaqişə dövründə, əlbəttə, biz bütün bizim iqtisadiyyatla bağlı, ərazilərin bərpası ilə bağlı addımlarımızı ölçüb-biçilmiş şəkildə atmışıq və nəticələr də göz qabağındadır. Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Qeyd etdiyim kimi, beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb – həm hörmət, həm maraq. Bu marağı biz böyük investisiya layihələrində görürük.» Dövlət başçısı İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bu statistikanı da diqqətə çatdırmışdır ki, təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi. Bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək.
Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi qazanılan uğurlarda özünün aydın ifadəsini tapır. Baxmayaraq ki, ölkəmiz 30 ilə yaxın dövrdə müharibə şəraitində yaşadı, hər sahədə təcrübəsi dünyaya nümunə oldu. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün bu illər ərzində həm münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı, həm də bütün sahələrdə davamlı uğurlara imza atdı. Azərbaycan beynəlxalq aləmdə iqtisadi inkişaf baxımından möcüzələr ölkəsi kimi tanınır və nüfuz qazanır. 2003-cü ildən bu günədək həyata keçirilən iqtisadi islahatlara diqqət yetirsək görərik ki, qeyri-neft sektorunun inkişafının prioritetliyi özünü aydın şəkildə büruzə verir. Təkcə cari ilin 3 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ümumi daxili məhsulun 6,8 faiz artımı postpandemiya dövründə böyük nailiyyətdir. Qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım 4 faizdir. Qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım var. Xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracda təxminən iki dəfə artım var. Qeyri-neft ixracında 45 faiz artım mövcuddur. Xarici dövlət borcu azalıb. Keçən ilin aprelində xarici dövlət borcu ÜDM-in 18 faizini təşkil edib, hazırda cəmi 12,5 faizdir. Azərbaycan bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı salıb. Xarici ticarət saldosu cəmi üç ayda 5.1 milyard dollar təşkil edir. Dünyanın əksər ölkələrində saldo mənfidir.
Azərbaycanın malik olduğu imkanlar işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasından da aydın görünür. Cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə tarixi Zəfərimizdən ötən dövr ərzində görülən işlərin və qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi dəyərləndirilir. Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa və quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. İnfrastrukturun yenilənməsi, bu ərazilərin elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi, yeni avtomobil yollarının çəkilişi, beynəlxalq standartlara cavab verən Füzuli aeroportunun açılışı və bu il üçün Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin nəzərdə tutulması, bunlarla bərabər Laçın hava limanının tikintisi, bu torpaqların malik olduqları su ehtiyatından səmərəli istifadə etmək üçün mühüm addımların atılması, şəhərlərin Baş planlarına uyğun olaraq yaşayış komplekslərinin təməlinin qoyulması, sosial infrastrukturun bərpası və sair kimi tədbirlər, onların uğurlu nəticələri qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyev müşavirədə bu mühüm məqamı da qeyd etmişdir ki, şəhərlərlə paralel olaraq kəndlərin də Baş planları hazırlanacaq və kompleks tədbirlər həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimiz «ağıllı şəhər» və «ağıllı kənd» strategiyası əsasında bərpa edilərək müasir dövrün bütün yeniliklərini özündə əks etdirir. Bu il «ağıllı kənd» layihəsi çərçivəsində ilk pilot layihə kimi bərpa olunan Zəngilanın Ağalı kəndləri sakinlərini qarşılayacaq. Həmçinin Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır. « Mən bu gün ancaq Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərlə bağlı, planlarımız haqqında deyəcəyəm. Çünki bütün ölkə üzrə görüləcək işləri dilə gətirsəm, çox vaxt lazım olacaq» söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, ölkə üzrə bütövlükdə investisiya proqramının icrası nəticəsində işlər plan üzrə gedir və hər bir bölgədə vətəndaşlar bunu görürlər. Bir çox layihələr vətəndaşların məktubları əsasında icra edilir.
Postmünaqişə dövrünün reallıqlarının qəbulu istiqamətində atılan addımlar qürurvericidir. Dünyanın nüfuzlu dövlətləri, təşkilatları bu reallıqları qəbul edir, tezliklə sülh müqaviləsinin imzalanmasına dəstəklərini göstərməyə hazır olduqlarını bildirirlər. Artıq dövlət başçısı İlham Əliyev tədbirlərə qalib ölkənin qalib Prezidenti, eyni zamanda, Zəfərimizin yaratdığı reallıqlar fonunda diktə edən tərəf kimi qatılır. Digər tərəfdən isə Vətən müharibəsini yaşayan və tarixi Zəfərindən dərhal sonra bərpa və quruculuq işlərinə start verən, həmçinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirməklə yanaşı, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım göstərən Azərbaycan dayanıqlı inkişafı ilə diqqətdədir.
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında tarixi Zəfərimizdən sonra yaranan yeni reallıqlar fonunda sülhün, təhlükəsizliyin təmin edilməsinin investorlar üçün də mühüm amil olacağını önə çəkərək bu əminliyi ifadə edir ki, yaşadığımız quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövründə müəyyənləşdirilən Milli Prioritetlərin uğurlu icrası nəticəsində dayanıqlı inkişafa töhfələr veriləcək. 2003-cü ildən bu günə ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 18 ildə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə əsas prioritet kimi öndədir. Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində də əsas amillərdən biri infrastrukturun beynəlxalq standartlara uyğun yenilənməsidir. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev bildirir:“Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.” Qeyd etdiyimiz kimi, beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.
Ölkə Prezidenti uğurlarımızda daim bir məqamı xüsusi qeyd edir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Artıq müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini bildirərək gerçəkləşdirdiyi enerji layihələri ilə regionda inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Artıq son 18 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.
Artıq Azərbaycan həyatının yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinin sürəti artır. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında iqtisadi rayonların yeni bölgüsü aparıldı. Həmin bölgüyə əsasən 14 iqtisadi rayon yaradılıb. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır. Füzuli, Cəbrayıl və Zəngilan rayonları işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi əsasında ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına böyük töhfə verəcək. Onu da qeyd edək ki, Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımızın təxminən yarıya qədəri həmin ərazidədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və sənaye müəssisələrinin bərpası yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bir sözlə, tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla Qarabağın yaxın zamanlarda cənnət məkana çevrilməsinə, xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi həcmindədir.
Müşavirədə bu statistika açıqlanmışdır ki, azad edilmiş ərazilərdə keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib (ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində). Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Kəlbəcər, Laçın rayonlarında Külək Elektrik stansiyalarının, Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı böyükdür. Bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq. Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir.
«Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər», həmçinin iqtisadi rayonların bölgüsünün yenidən həyata keçirilməsi həmin bölgələrin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadəyə geniş imkanlar açır. Milli Prioritetlərdə hədəflər və icra mexanizmləri öz əksini tapıb. Əsas hədəflərdən biri bərpa və quruculuq işlərinin müasir tələblərə cavab verməsi və Böyük Qayıdışın sürətləndirilməsidir. Hədəflərimiz iqtisadi rayonların yeni bölgüsü əsasında onların malik olduğu potensialdan səmərəli istifadəyə əsaslanır. 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlərdən öncə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası icra edilir. Bu konsepsiyanın hədəfləri isə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Hər bir sahədə təkmil təcrübəsi ilə nümunə olan ölkəmizin inkişaf etmiş ölkələr sırasında addımlaması reallıqdır. Artıq ölkəmiz daha yeni hədəflərə yeni iqtisadi və sosial inkişaf modeli ilə qədəm qoyub. Dövlət başçısı İlham Əliyev müşavirədəki yekun nitqində bir daha ötən bir ildə bərpa-quruculuq istiqamətində görülən və qarşıdakı dövrdə görüləcək işlər fonunda bu ümumiləşdirməni aparmışdır ki, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görürük: «Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları – biz planlı şəkildə bu işləri görəcəyik. Bu, ancaq azad edilmiş torpaqlarda bu il görüləcək işlərin siyahısıdır və əminəm ki, bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq. Azad edilmiş torpaqlarda görülən işlərlə bağlı Azərbaycan xalqına bundan sonra da müntəzəm məlumat veriləcəkdir.»

