Cəmiyyət 

“Gəl, səni Şuşaya aparım”

Aprelin 20-də Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Gəl, səni Şuşaya aparım” adlı tədbir keçirilib.

ARANTV.AZ xəbər verir ki, tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayonundakı mədəniyyət müəsissələrinin əməkdaşları, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, YAP rayon təşkilatı aparatının əməkdaşları, Kürdəmir rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun fəal gəncləri iştirak ediblər.

Əvvəlcə “Şuşa İli”nə həsr edilmiş kitab və rəsm sərgisi ilə tanışlıq oldu. Tədbir Vətən yolunda canlarından keçmiş igid oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşı Elxan Qafarov çıxışlarında cənab Prezident İlham Əliyevin 2021-ci il may ayının 7-də imzaladığı Sərəncam ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və bu il yanvarın 5-də dövlətimizin başçısının Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamdan bəhs ediblər. Bu Sərəncamların Şuşa şəhərinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət etdiyini vurğulayıblar.

Daha sonra tədbir Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin və Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Daha çox xəbərlər