Gözlərə nur verən Şəfqətli İnsan-Zərifə Əliyeva
Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir.
Belə insanlardan biri də, dünyaya, insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva olmuşdur.
28 aprel də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü tamam olur. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib.
Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu ve etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Heydər Əliyevə mənəvi dayaq, arxa olmuşdur.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixinde ayrıca bir mərhələ təşkil edir.
Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın ve onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.
Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda müvəffəqiyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib.
Gözün peşə xəstəlikləri probleminə dərin ve çoxsahəli marağını Zərifə Əliyeva bütün həyatı boyu itirməmişdir. Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.
Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Zərifə xanım görkəmli ictimai xadim, yüksək peşəkar həkim, gözəl insan kimi daim yaddaşlarda yaşayacaq.
Güllü İbadova
“Laçın RMX”PHŞ-n direktoru,
YAP Laçın rayon Təşkilatı 2 saylı ƏPT- nin sədri

