Ayaqqabı seçərkən diqqətli olun…
İdeal xarici görünüş üçün ayaqqabı seçiminə xüsusi diqqət etməliyik. Çoxlarımız bu vacib məqama o qədər də diqqət yetirmir, nəticədə isə düzgün kombin etdiyimiz geyimi yanlış ayaqqabı seçimi ilə korlayırıq. Buna görə də, düzgün ayaqqabı seçimi etmək üçün aşağıda göstərilən faktlara diqqət yetirin.
Ayaqqabı seçərkən diqqət etməli olduğumuz bəzi məqamlar var. Bunlardan birincisi ayaqqabının ön hissəsidir. Ön hissəsi uzun və iti olan ayaqqabılardan istifadə etmək qətiyyən məsləhət görülmür. Əgər klassik geyimə üstünlük verirsinizsə, yaxşı olar ki, onunla ön hissəsi dördkünc formada olan ayaqqabıları uyğunlaşdırasınız.
Ayaqqabının dabanı nə qədər incədirsə, bu, onun bir o qədər ucuz olduğunu göstərir. Alimlər tərəfindən aparılan araşdırmalar göstərib ki, bu növ ayaqqabıların istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunur. Bu növ ayaqqabılar ağciyər, qaraciyər və böyrəklərdə xərçəng xəstəliyinin meydana çıxmasına səbəb olur. Hava buraxmayan, ayağı tərlədən, göbələk xəstəliyi əmələ gətirən ayaqqabılar sağlamlığa böyük zərbə vurur. Ona görə də ayaqqabı alanda diqqətli olmaq, sintetik materiallardan qaçmaq, təbii dəridən tikilmiş ayaqqabılara üstünlük vermək lazımdır. Buna görə də ayaqqabı seçərkən onun daban hissəsinin daha qalın və möhkəm olmasına diqqət edin.
Hündürdaban ayaqqabılar qadını daha şarmlı göstərir. Lakin bütün bunlara baxmayaraq düzgün seçilməyən ayaqqabı qadınlarda travmaya səbəb ola bilər. Çox vaxt belə xoşagəlməz hadisələrə keyfiyyətsiz ayaqqabı səbəb olur. Ona görə də hündürdaban ayaqqabı aldığınız zaman onun dabanını ehmalca əyin əgər daban geri gedirsə deməli ayaqqabının qəlibi keyfiyyətli deyil.
Ayaqqabı seçərkən əsas meyar model və rəngdən öncə, rahat olmasıdır. Ayağınızın anatomik quruluşuna uyğun gəlməyən, böyük və ya ayağınızı sıxan ayaqqabı almayın. Ən uzun barmağınızla ayaqqabının ucu arasında bir qədər boşluq olmalı, yəni ayaqqabı ayağınıza kip oturmamalıdır.
Ayaqqabı deyəndə ilk ağıla gələnlərdən biri də dəridir. Dəri ayaqqabılar bir çox insanın zövqünə uyğundur. Amma belə ayaqqabı seçmək də xüsusi məharət tələb edir. Çoxumuz əsil dəri ilə saxta materialı fərqləndirməkdə çətinlik çəkirik. Çətindir, amma mümkünsüz deyil. İstər klassik, istərsə də sport ayaqqabı seçərkən onun xalis dəridən olmasına diqqət yetirin. Həqiqi dəri ayaqqabı görünüşünüzə əlavə incəlik qatacaq.
Ayaqqabını heç vaxt səhər saatlarında və günün ilk yarısında geyinib ölçməyin. Belə ki, ayaqlar axşam vaxtı bir qədər şişir və səhər geyindiyiniz rahat ayaqqabı axşam dözülməz dərəcədə dar ola bilər. Buna görə ayaqqabıları saat 15:00-dan sonra ölçün.
Ayaqqabı alarkən tələsməyin, öncə 5 – 7 dəqiqə üzərində gəzin. Əgər ayaq dərinizdə qızartı əmələ gəlirsə, ayaqqabı ayağınızı sıxırsa o zaman həmin ayaqqabını almaqdan imtina edin. Unutmayın ki, ayaqqabı dabanının hündürlüyü 11 santimetrdisə pəncə hissəsinin qalınlığı 5 santimetrdən az olmamalıdır.
Seçdiyiniz ayaqqabını kassaya aparmamışdan qabaq diqqətlə onun içərisinə nəzər yetirin. Keyfiyyətli modellərdə ayaqqabı içliyi çıxarıla bilir, içərisində heç bir kobud tikişlər, saplar və sivri kənarlar olmur.
Son dəfə geyindiyiniz ayaqqabının ölçüsünə güvənməyin. Bir ayaqqabı istehsalçısının müəyyənləşdirdiyi ölçü digər istehsalçının bu barədəki fikri ilə uyğun olmaya bilər. Buna görə ayaqqabı seçərkən mütləq onu geyinib yoxlayın.
Təzə ayaqqabını çölə çıxmadan öncə bir neçə saat geyib, evdə gəzmək lazımdır. Narahatlıq hiss edirsinizsə ayaqqabını genəltməyənədək problemdən qurtulmaq mümkün olmayacaq. Ayaqqabını geyib genəltmək istəmirsinizsə onu yenidən dükana qaytarmaq və ya ev şəraitində genəltmək olar.Bunun üçün ayaqqabının içini islanmış qəzet kağızı ilə kip doldurun və ev temperaturunda quruyanadək saxlayın. Heç bir halda qəzetlə doldurulmuş ayaqqabını istilik batareyasının üzərinə qoymayın. Əks halda ayaqqabının dərisi formasını dəyişərək qabarıq ola bilər.

