Cəmiyyət 

Etimadı doğruldacağıma inanıram FOTO

Mən 2021-ci ildən Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax  Mədəniyyət Mərkəzində çalışıram. Gənc olsam da xeyli keşməkeşli həyatım olub. 1988-ci ildə məlum hadisələrlə əlaqədar ailəmiz Qərbi Azərbaycanın Dərələyəz mahalından qaçqın düşərək Şuşada məskunlaşmalı olublar. Mənfur, təcavüzkar xislətli ermənilər tərəfindən Qarabağın dilbər guşəsi olan Şuşa da işğala məruz qaldıqdan sonra 1992-ci ildə ailəmiz oradan Yevlaxa pənah gətirərək ikinci dəfə  qaçqın həyatı yaşayıblar. 1995-ci ildə artıq mənim üçün doğma sandığım Yevlaxda anadan olmuşam. Hələ IV sinifdə təhsil alarkən valideynlərim yaxşı səsim olduğunu nəzərə alıb məni Ağdam rayonunun Yevlaxda fəaliyyət göstərən Seydimli kənd uşaq musiqi məktəbinin səs şöbəsinə yazdırıblar. Elə həmin vaxtlarda Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə şəxsi təşəbbüskarlığı və  təşkilatçılığı ilə Azərbaycanda muğam sənətinin ifasına və inkişafına xüsusi önəm verilməyə başladı. Uşaq olsam da o vaxt Mehriban xanım Əliyevanın təşəbbüskarlığı ilə dahi bəstəkar  Üzeyir  Hacıbəylinin  anadan olmasının 120 ililiyinə həsr olunmuş Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə keçirilən ilk Televiziya muğam müsabiqəsi muğam sənətinə olan sonsuz vurğunluğum, həmçinin nəslimizdə İdris Nəbiyev kimi tanınmış xanəndənin olması mənə Asəf Zeynallı  adına Musiqi  kolleccində  təhsilimi davam etdirməyə stimul  verdi.

«Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl  incilərindən olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır»,- deyən Mehriban xanımın muğam    sənətininin inkişafına göstərdiyi diqqət və qayğı, milli musiqimizin incisi sayılan muğamatın yaşamsı və gələcək nəslə ərmağan edilməsinə qəlbən himayədarlıq göstərməsi bu sənət  sahibliərinə, bütövlükdə xalqımızın milli-mənəvi dəyərlərinə qayğının parlaq nümunəsidir. Bu gün özümü xoşbəxt sanıram ki, mənə də  arzularımı reallaşdırmaq  nəsib oldu.

Respublikamızın paytaxtı Bakı şəhərində keçirilən ənənəvi VIII Televiziya Muğam müsabiqəsində çıxış edərək müsabiqənin final mərhələsinə vəsiqə qazandım. Bu günlərdə Bərdə Reğional Mədəniyyət İdarəsinin rəisi Vəsilə xanım Mövsümova idarənin tabeliyindəki şəhər və rayon nümayəndəliklərindən olan biz muğam ifaçıları ilə görüşdü. O qədər səmimi, mehriban söhbətlərimiz oldu ki… Hər birimizə istedadımızı nümayiş etdirmək üçün yeni stimul verdi. Qeyd etdi ki, sizlərin final mərhələsinə yüksəlməyiniz elə qalib olmağınız deməkdir. Mən də, xanəndə yoldaşlarım Fuad Əlizadə, Əmrah Məmmədov, Tahir Şəfiyev və Sərxan Məmmədov da düzü bu diqqət və qayğıdan riqqətə gəldik. Uğurların qazanılmasında çalışdığım kollektivin, muğamsevərlərin, xüsusilə istedadlara daim yaşıl işıq yandıran Bərdə Reğional Mədəniyyət İdarəsinin işgüzar, təşəbbüskar rəhbəri Vəsilə xanım Mövsümovanın biz xanəndələrə olan inamını doğruldacağımıza inanıram.

Sabir Hüseynov, 
VIII Televiziya Muğam müsabiqəsinin finalçısı

Daha çox xəbərlər