Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində iyulun 14-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illər ərzində dinamik inkişaf edir və siyasi əlaqələr artıq müntəzəm xarakter alıb. Dövlət başçısı ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfəri məmnunluqla xatırlayaraq Prezident Peter Pelleqrini göstərdiyi qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Bu qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında etibarlı tərəfdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığı xüsusi qeyd olundu.
Prezident İlham Əliyev bildirdi ki, keçirilən görüşlər zamanı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətlərinin tərkibi də onu göstərir ki, Azərbaycan və Slovakiya yalnız siyasi dialoqu inkişaf etdirmir, eyni zamanda iqtisadi, enerji, sənaye, hərbi-texniki və digər sahələrdə konkret layihələrin həyata keçirilməsi istiqamətində fəal əməkdaşlıq edirlər. Bu isə münasibətlərin praktiki nəticələrə əsaslandığını göstərən mühüm amildir.
Dövlət başçısı Azərbaycan ilə Slovakiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq xatırlatdı ki, 2024-cü ildə iki ölkə arasında Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Onun sözlərinə görə, həmin sənədin uğurla icra olunması, həyata keçirilən birgə layihələr və intensiv siyasi dialoq tərəflərin güclü siyasi iradəsinin və qarşılıqlı etimadının bariz göstəricisidir.
Prezident İlham Əliyev Slovakiyanın işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. Bildirildi ki, Slovakiya şirkəti Ağdam rayonunun Baş Qərvənd kəndində “Ağıllı kənd” layihəsini həyata keçirir və səfər çərçivəsində hər iki ölkənin prezidentləri həmin layihə ilə yerində tanış olacaqlar. Dövlət başçısı Slovakiya hökumətinə və şirkətlərinə Qarabağın yenidən qurulması prosesinə verdikləri töhfəyə görə minnətdarlığını ifadə etdi.
Bəyanatda iqtisadi-ticarət əlaqələrinin inkişafı da əsas prioritetlərdən biri kimi qeyd olundu. Prezident İlham Əliyev vurğuladı ki, enerji sahəsində əməkdaşlıq, hərbi-texniki əlaqələrin genişləndirilməsi və digər istiqamətlər üzrə aparılan müzakirələr son dərəcə açıq və səmərəli şəraitdə keçib. Həmçinin bildirildi ki, nümayəndə heyətlərinin üzvləri səfər çərçivəsində işlərini davam etdirəcək və əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılacaq.
Dövlət başçısı Prezident Peter Pelleqrinin dəvəti qəbul edərək Azərbaycana rəsmi səfər etməsini və səfər proqramına Qarabağ bölgəsini də daxil etməsini iki ölkə arasında formalaşmış səmimi münasibətlərin və qarşılıqlı etimadın mühüm göstəricisi kimi qiymətləndirdi. Bu cür qarşılıqlı səfərlər münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar yaradır və əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.
Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Onun sözlərinə görə, hər iki dövlət konkret nəticələrə yönəlmiş əməkdaşlığa üstünlük verir və son illər ərzində formalaşmış möhkəm tərəfdaşlıq gələcəkdə yeni layihələrin reallaşdırılması üçün etibarlı zəmin yaradır.
Dövlət başçısı, eyni zamanda qeyd etdi ki, Prezident Peter Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. O, daha əvvəl Slovakiya parlamentinin sədri və Baş nazir kimi ölkəmizə səfərlər edib, Prezident kimi isə BMT-nin İqlim Dəyişmələri üzrə COP29 Konfransında iştirak etmək məqsədilə Azərbaycanda olub. Hazırkı rəsmi səfər isə iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davamlı xarakter daşıdığını və strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər Azərbaycan–Slovakiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf etdiyini göstərir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və Qarabağın bərpası istiqamətində birgə fəaliyyət iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və yeni məzmun qazanacağına əminlik yaradır.