Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına…
Aliment yalnız maliyyə öhdəliyi deyil, həm də uşağın hüquq və mənafeyinin təmin edilməsinə xidmət edən hüquqi institutdur. Bu baxımdan aliment vəsaitinin hansı məqsədlərlə istifadə olunması, onun xərclənməsinə nəzarətin hüquqi hədləri və alimentin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsinin mümkünlüyü Azərbaycan ailə hüququnda mühüm praktiki əhəmiyyət kəsb edən məsələlərdəndir.
Vəkil Roman Qaraşov Musavat.com-a şərhində bildirib ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyində aliment uşağın saxlanılması hüququnun maddi təminat vasitəsi kimi müəyyən edilir və bu vəsait üzərində hüququn birbaşa daşıyıcısı uşaqdır: “Ailə Məcəlləsinin 55.1 və 55.2-ci maddələrinə görə, aliment məbləği uşağın yanında yaşayan valideynin sərəncamına daxil olsa da, həmin valideyn bu vəsait üzərində qeyri-məhdud şəxsi sərəncam hüququ əldə etmir, aliment uşağın saxlanmasına, tərbiyəsinə, təhsilinə, sağlamlığının qorunmasına və normal inkişafını təmin edən digər ehtiyaclara yönəldilməlidir. Bununla yanaşı, qüvvədə olan qanunvericilik aliment alan valideynin hər bir xərc üzrə aliment ödəyən valideynə dövri hesabat təqdim etməsini və ya xərcləri qəbzlərlə əsaslandırmasını nəzərdə tutan ümumi nəzarət mexanizmi müəyyən etmir. Odur ki, aliment ödəyən şəxs alimentin istifadəsinə birtərəfli qaydada müdaxilə edə, konkret xərcləri əvvəlcədən təsdiqləyə və ya gündəlik maliyyə hesabatı tələb edə bilməz.
Lakin alimentin uşağın deyil, başqa şəxslərin ehtiyaclarına və ya təyinatından kənar məqsədlərə sərf edildiyi barədə mötəbər sübutlar mövcud olduqda aliment ödəyən valideyn məhkəməyə müraciət edə bilər. Belə mübahisədə sübutetmə yükü vəsaitin təyinatı üzrə istifadə olunmadığını iddia edən şəxsin üzərinə düşür. Yalnız ehtimal, ümumi narazılıq və ya aliment alan valideynin xərcləmə seçimləri ilə razılaşmamaq hüquqi baxımdan kifayət edən əsas hesab edilmir”.

Vəkil qeyd edib ki, alimentin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabında saxlanılması isə qanunla mümkün hesab olunur, lakin bu imkan aliment ödəyən şəxsin birtərəfli qərarı ilə yox, yalnız məhkəmə aktı əsasında həyata keçirilə bilər: “Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə aliment ödəyən valideynin müraciəti ilə alimentin 50 faizdən çox olmayan hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsini müəyyən edə bilər. Bu normanın tətbiqi avtomatik xarakter daşımır, müraciət edən şəxs seçilən ödəniş qaydasının məhz uşağın üstün mənafeyinə xidmət etdiyini əsaslandırmalı, məhkəmə isə uşağın yaşı, sağlamlığı, təhsil və inkişaf ehtiyacları, mövcud həyat səviyyəsi, alimentin məbləği, aliment alan valideynin mövqeyi və bank hesabına köçürmənin uşağın cari təminatına mümkün təsirini məcmu şəkildə qiymətləndirməlidir. Aliment məbləğinin yüksək olması özlüyündə onun bir hissəsinin bank hesabına yönəldilməsi üçün kifayət etmir. Ali Məhkəmənin mövqeyinə görə, aliment tutulması haqqında qətnamə artıq qanuni qüvvəyə mindikdə belə tələb yeni iddia kimi deyil, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsi üzrə qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə formasında aidiyyəti məhkəməyə təqdim edilməlidir. Beləliklə, alimentin bir hissəsinin uşağın hesabında toplanması uşağın gələcək mənafeyinin qorunmasına yönəlmiş müstəsna hüquqi mexanizm olmaqla, onun gündəlik saxlanılması və normal inkişafı üçün tələb olunan cari təminatı zəiflətməməlidir”.
Nigar Həsənli,
Musavat.com