Gündəm 

Yolla qayıdan həyat

İşğaldan azad edilmiş ərazilərimizdə avtomobil, dəmir, hava yollarının bərpasına və tikintisinə xüsusi diqqətin göstərilməsi bunun təsdiqidir

Tarixi Zəfərimizdən bizləri iki ilə yaxın zaman ayırır. Dövət başçısı İlham Əliyevin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərləri, ilk olaraq bu torpaqlarda infrastrukturun yenilənməsinə, yol çəkilişinə  xüsusi diqqət göstərməsi  hər birimizdə böyük qürur hissi yaratdı. 30 ilə yaxın dövrdə bu torpaqlar sahibinin yolunu gözlədi. Xatırlasaq cənab İlham Əliyevin  2020-ci ilin  16 noyabr Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri bir çox məqamlarla yadda qaldı ki, bunlardan biri də Füzuli-Şuşa avtomobil yolunun, yəni  Zəfər  yolunun çəkilişi ilə bağlı tapşırığın verilməsi oldu. 2021-ci ilin yanvarında  bu yolun, həmçinin Füzuli Beynəlxalq  Hava Limanının təməli qoyuldu. Yolun çəkilişinin iqtisadi tərəqqi   ilə yanaşı, mənəvi tərəfi geniş müzakirələrə yol açdı. Çünki bu yol bizi artıq dastana çevrilmiş Şuşa əməliyyatının yaşanması fonunda mədəniyyət paytaxtımıza, Qarabağın tacı Şuşamıza qovuşdurdu.  Qısa zaman kəsiyində Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu istifadəyə verildi. Hazırda 30 ilə yaxın düşmən əsarətində qalan və erməni vandalizmindən əziyyət çəkən Azərbaycan torpaqlarında nəhəng infrastruktur layihələri uğurla davam etdirilir.

Dövlət başçısı İlham Əliyevin ümumilikdə bölgələrə səfərləri, həmçinin hər  səfərdən sonra imzaladığı Fərman və sərəncamlara, o cümlədən həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılmalarında əsas diqqət göstərilən məsələ yol infrastrukturudur. Çünki əsl həyat yollardan başlanır. Həyat,  inkişaf, mədəniyyət kimi dəyərləndirilən bu yollar həm insanların rahatlığını təmin edir, həm də  bazar iqtisadiyyatının əsas aparıcı  qüvvəsi olan sahibkarlığın inkişafını sürətləndirir. Bu ilin ötən dövründə dövlət başçısı İlham Əliyevin regionlara, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfərləri mütəmadi xarakter alıb. Ötən ilin statistikasına diqqət yetirdikdə bu səfərlərin sayı 47 olmuşdur ki, onların 32-si işğaldan azad edilmiş ərazilərimizə idi. Bu il Zəngilan Beynəlxalq Hava Limanının, 2024-cü ildə isə Laçın Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulub. Ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik olan və Zəngəzur dəhlizinin Horadiz-Ağbənd dəmir yolu xəttinin və digər strateji əhəmiyyətə malik obyektlərin açılışının şahidi olacağıq.  Məhz Zəngəzur dəhlizinin açılması ölkəmizin geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, bölgənin, eləcə də türkdilli ölkələrin iqtisadiyyatına da müsbət təsirini göstərəcək.

Prezident İlham Əliyev azad edilmiş rayonların Baş planlarının hazırlanması prosesinə şəxsən nəzarət etməklə, bütün detalların nəzərə alınmasına, prosesin müasir şəhərsalma trendlərinə uyğunlaşdırılmasına çalışır. Bu ərazilərin  Ümumi Planı artıq təsdiqləndi. Azad edilmiş torpaqlarda  qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Artıq Qarabağın, Şərqi Zəngəzurun həyatında yeni dövr zənginliyi ilə diqqət çəkir. Bu baxımdan ki, həm minalardan təmizlənmə işləri həyata keçirilir, həm  ərzaq təhlükəsizliyinin təmin edilməsinə dəstək məqsədilə əkin işlərinə başlanılıb, həm avtomobil, dəmir və hava yollarının tikintisi və istifadəyə verilməsi həyata keçirilir, həm də bu torpaqların malik olduğu  potensialdan səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqlənərək uğurla icra edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, tezliklə bu ərazilərimizdə 30 ilin işğalını özündə əks etdirən  dağıntıları deyil, müasir tələblər səviyyəsində  qurulan, bərpa edilən şəhərləri, kənd və qəsəbələri görəcəyik. Şəhərləri kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin kəndlər  və qəsəbələr daxili yollar tikilir, insanların rahatlığı yüksək səviyyədə təmin edilir. Onu da qeyd edək ki,  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir.

Artıq  tikinti işləri  yekunlaşıb. Bugünümüzün əsas müzakirə mövzusu məhz bu yolun perspektivləridir. Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu yolun tikintisinə başlanan andan bugünədək keçilən yola diqqəti yönəldərək bildirdi ki, bu yolun tikintisi ilə bağlı müddəa ölkə Prezidentinin səyləri nəticəsində 10 noyabr 2020-ci il tarixli Bəyanatda öz əksini tapıb.  Laçın yolunun tikintisi bir il ərzində tamamlandı. «İkinci Qarabağ müharibəsindən dərhal sonra biz bu yolun marşrutu ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlamışdıq. Yəni, bu yol öz-özünə yaranmadı» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bir neçə marşrut var idi və nəticədə bu marşrut seçildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Əgər başqa cür olsaydı, biz Rusiyanın müvəqqəti nəzarətində olan ərazidə necə yol inşa edə bilərdik? Yəni, bu, təbiidir: «Əgər kimsə bizi ittiham etmək istəyir ki, biz nəyisə qanunsuz etmişik, yaxud da, hansısa birtərəfli addım atmışıq, qətiyyən belə deyil. Biz istənilən səviyyədə bunu sübut edə bilərik. İndi Rusiyanın rəsmi orqanlarına sorğu göndərilə bilər, necə bu yol tikilib bütün sənədlər var, bütün razılaşmalar var. Bu marşrut razılaşdırılmışdır. Əlbəttə ki, biz bu marşrutu Ermənistanla razılaşdırmalı deyildik. Çünki Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, Ermənistana bildirildi ki, Ermənistan sərhədinə çıxış hansı nöqtədən olacaq və onlar da öz tərəfindən yeni yolu o nöqtəyə gətirib çatdırmalı idilər. Amma əfsuslar olsun ki, bunu etmədilər. Nə üçün? Vaxtı uzatmaq üçün. Bunun başqa səbəbi yoxdur.»

O da məlumdur ki,  avqust ayının sonlarına qədər Ermənistana silahlı qüvvələrini və Laçın rayonunun vaxilə Azərbaycana aid olan və ermənilər tərəfindən qəsb edilmiş kəndlərində yerləşdirilmiş gətirilmə əcnəbi ermənilərin çıxardılması üçün vaxt verilib. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq.

Təbii ki, çəkilən yollar yalnız qeyd etdiklərimizlə bitmir. Hər gün işğaldan azad edilmiş ərazilərimizin həyatında bir mühüm hadisə ilə yadda qalır. Əsas olan budur ki, bizi bu torpaqlara aparan yollar bərpa edilir, yenidən qurulur, 30 ilin nisgilinə son qoymaq üçün bütün zəruri addımlar atılır. İstər ölkə daxilində vətəndaşlarımızın, istərsə də xarici qonaqların, səfirliklərin, qeyri-hökumət təşkilatlarının, mətbuat nümayəndələrinin bu ərazilərlə tanışlıqlarına, onlarda törədilən  dağıntıları, erməni vəhşiliklərini öz gözləri ilə görmələrini təmin etmək üçün görülən sistemli işlər göz qabağındadır. Bütün işğaldan azad edilmiş ərazilərimizə avtobus reyslərinin açılması nəzərdə tutulur. Hazırda Şuşaya, Ağdama,  Füzuliyə avtobus reysləri açılıb. Füzuli Beynəlxalq Hava Limanı və gələcəkdə istifadəyə veriləcək Zəngilan və Laçın Beynəlxalq Hava limanları həm bölgələrin iqtisadi inkişafına, həm də bura qonaq gələn yerli və xarici vətəndaşların rahat və tez gediş-gəlişinə öz müsbət təsirini göstərəcək.

Daha çox xəbərlər