Cəmiyyət 

Azad edilmiş ərazilərimiz şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevrilir

Azərbaycan oktyabrın 5-6 tarixlərində ilk beynəlxalq şəhərsalma tədbirinə – Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edəcək

Dövlət başçısı İlham Əliyevin  bu ilin iyun ayında    Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında  videoformatda çıxışı zamanı səsləndirdiyi    «Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik» fikirlər  hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanın şəhərsalmada da qazandığı uğurların  beynəlxalq səviyyədə dəstəkləndiyini özündə ehtiva edir. Cənab İlham Əliyev həmin çıxışında   həm paytaxt Bakımızın, həm də  hazırda bərpa-quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin  timsalında müasirliklə qədimliyin sintezinin yaradılmasını əsaslı şəkildə  diqqətə çatdırdı.

Bir faktı qeyd emək kifayətdir ki, dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsunkar gözəlliyi ilə liderliyini qoruyur. Dünyanın “Ən yaşamalı şəhərləri”nin reytinq cədvəl və hesabatında yer alan şəhərlər arasında Bakının  adının çəkilməsi Azərbaycanda aparılan sosial, iqtisadi inkişafın məntiqi nəticəsidir.  Avropa mədəniyyətini Şərq dəyərləri ilə sintez edən Azərbaycan, həmçinin  innovasiyalar ölkəsi kimi nüfuz qazanıb.  Təbii ki, bu inkişaf paytaxtdan başlayaraq bölgələri də əhatə edir. Bu gün paytaxt Bakı ilə yanaşı, bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal mkan kimi qəbul olunur.  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarının, eyni zamanda,   müasir tələblər  səviyyəsində yaşayışlarının təmin edilməsidir. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında bu reallıqları bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır ki, bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.

Bu gün  dünya xalqımızın necə qurucu, yenilikçi xalq olduğunun şahididir. Bütün işğaldan azad edilmiş şəhər və kəndlərimiz Baş plan, o cümlədən  «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında bərpa edilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi,   Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir.

Cənab İlham Əliyev sözügedən Forumda bu istəyimizi də ifadə etdi ki,  Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır: «Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.”   Bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, azad Qarbağımız, Şərqi Zəngəzurumuz  beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunursa, bu, ölkəmizin  iqtisadi qüdrətinin, həmçinin sabitləşdirici faktor kimi mövqeyinin möhkəmləndirməsinin nəticəsidir.

Qeyd etdiklərimiz ölkəmizin oktyabrın 5-6 tarixlərində  ilk beynəlxalq şəhərsalma tədbirinə –Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi etməsini şərtləndirir. 2 gün davam edəcək tədbir  Ağdam və Bakı şəhərlərində baş tutacaq.  Tədbir BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilatı dəstəyi  çərçivəsində baş tutacaq. Əvvəldə də qeyd etdiyimiz kimi, milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir.

İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetiriləcək. Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Forum haqqında, habelə çıxış edəcək spikerlər, gündəlik və digər detallar haqqında ətraflı məlumat əldə etmək üçün hər kəsi www.nufa.az internet səhifəsini ziyarət etməyə dəvət edirik. Məlumat üçün bildirək ki, İlk Azərbaycan Milli Şəhərsalma Forumu onlayn olaraq rəsmi internet səhifəsi üzərindən də canlı yayımlanacaq.

Göründüyü kimi, Azərbaycan beynəlxalq əhəmiyyətli  tədbirə ev sahibliyi etməklə qeyd olunan sahədə əldə etdiyi təcrübəni paylaşmaq istəyini nümayiş etdirir.  Azərbaycanın dünyaya təqdim etdiyi ilk «ağıllı şəhər»  Ağdam, «ağıllı kənd» isə Zəngilanın Ağalı kəndidir. Ağdamın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi təbii ki, müasir tələblər səviyyəsində qurulacaq ilk «ağıllı şəhər»  olmasından irəli gəlir.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışında bu məqamı da xüsusi qeyd etmişdir ki, biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT» ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözləyirik. Azərbaycan ilə UN-HABITAT arasında bu il Azərbaycanda, Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi də müzakirə edildi.

Artıq göründüyü kimi, istəklərimiz reallığa çevrilir. Azərbaycan şəhərsalma təcrübəsini paylaşmaqdan məmnundur.

 

Daha çox xəbərlər