Siyasət 

Prezident İlham Əliyevin liderliyi ilə yazılan Qələbə salnaməsi

Azərbaycan xalqı “dəmir yumruq” ətrafında birləşərək 44 gündə 30 illik «həsrət yolunu» Zəfərlə başa vurdu

«Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi» söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqına verdiyi bütün vədləri kimi, bu sözünün də sahibi oldu. Azərbaycanın inkişaf modelini, konsepsiyasını hazırlamaqla torpaqlarımıza qovuşmaq həsrətimizə son qoydu, xalqımıza Zəfər sevincini yaşatdı.

2020-ci ilin iyul ayında Azərbaycanın dövlət sərhədində təxribat törədən, sentyabrın 27-də kəndlərimizi, hərbi mövqelərimizi artilleriya atəşinə məruz qoyan, torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistan 44 gün ərzində məhv edildi. Qüdrətli Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi ilə Vətən müharibəsini Qələbə ilə başa vuran Silahlı Qüvvələrimiz düşməni əbədi məhv etdi. Hər cür hərbi avadanlıq, silah-sursatla təmin olunan Milli Ordumuz 44 gündə şanlı tariximizin Zəfər salnaməsini yazdı. Ən çətin istehkamları belə qətiyyətlə dəf edən, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda Suqovuşanda, Hadrutda, Murovdağ silsiləsində, Şuşada, Laçında… qaldırılan əzəmət rəmzi olan bayraqlarımızın hər biri xalqımıza Zəfər müjdəsi oldu. Ali Baş Komandan İlham Əliyevin «Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı» sözləri 30 il yurd həsrəti çəkən insanlara sevinc bəxş etdi.

2020-ci ilin noyabrın 10-da Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən Prezident İlham Əliyev döyüş meydanında yazdığı Qələbə salnaməsini siyasi müstəvidə də təkrarladı. Xarici və yerli jurnalistlərlə görüşlərində, müsahibələrində informasiya cəbhəsinin də lideri kimi tanındı, məntiqli cavabları ilə Ermənistanın yalanlarını ifşa etdi. Dövlət başçımız İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan xalqına müraciətləri, dalğalanan bayraqlarımız Ermənistanın təlxək baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə» sərsəmləmələrinin üstündən xətt çəkdi. Prezident İlham Əliyevin «nida»sının qüdrəti xalqımızın Qələbə əzmini artırdı. Düşmənə ən ağır zərbə olan Şuşa əməliyyatının aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınması, Azərbaycan əzgərinin döyüş təcrübəsinin öyrənilməsi Ali Baş Komandan İlham Əliyevin «nəyi, necə, harada» yerinə yetirmək fəlsəfəsinin təkrarolunmaz uğuru kimi tarixə yazıldı.
Prezident İlham Əliyevin «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləri Zəfərimizin əbədi qarantı, düşmənə vurulan ölümcül zərbə oldu. Vətənpərvərlik ruhu ilə döyüş əməliyyatlarında könüllü iştirak edən gənclərdə formalaşan milli ruh Qələbəmizi şərtləndirən amil kimi öz sözünü dedi. Paytaxtımızda yaradılan Hərbi Qənimətlər Parkında erməni faşizminin məhvinin rəmzi olan sınıq-salxaq texnikanın Zəfər paradında nümayişi Ermənistana əbədi zərbə oldu. Qondarma qurumun qondarma «parlamentinin” Şuşaya köçürülməsi» xəyalı 44 gündə yox edildi. Artıq Ermənistan əbədi olaraq məğlubedilmiş xalq və miskin, məhvə məhkum dövlət damğası ilə yaşayacaq.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində xalqımız doğma Vətənini dünyaya «Bura Azərbaycandır» etiketi ilə təqdim etdi. Göstərdi ki, Vətən böyüklüyünə, kiçikliyinə görə deyil, varlığını qorumağı bacaran xalqının əzmi, birliyi ilə tanınır, hörmət, nüfuz qazanır. Müstəqil siyasət yeritməklə dünya siyasətində söz sahibi olur. Azərbaycan kimi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin «Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir» sözlərində qüdrətli Azərbaycan xalqının əzmi, özünəinamı, keçmişinə bağlılığı, gələcəyə nikbin baxışları ifadə olunur. Xalqımızın 30 illik yurd həsrətinə son qoyan insanların ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi, hörmət qazanan dövlət başçımız İlham Əliyev eyni zamanda Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl və uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Eyni zamanda, bu gün Azərbaycan dövləti İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən döndərə bilməz. İkinci Qarabağ müharibəsində, postmüharibə dövründə Ermənistanın havadarlarının təzyiqlərinə əsl Liderə xas siyasi iradə, qətiyyətlə cavab verən Prezident cənab İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanla təhdid dili ilə daqışmaq olmaz. Prezidentimiz, həmçinin siyasi peşəkarlığı ilə Azərbaycana qarşı diplomatik cəbhənin formalaşmasının qarşısını aldı.

Xüsusilə Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər xiyabanını ziyarət edən cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə səsləndirdi: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»

Bu cür vədə sadiqlik dünyanın siyasi tarixində nadir hallarda rast gəlinən insanların yüksək etimadını qazanan iki Liderin – ulu öndər Heydər Əliyevlə və Böyük Sərkərdə, Prezident İlham Əliyevlə bağlı gerçəklikdir. ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi!

Daha çox xəbərlər