Gündəm 

Dostlara güc, düşmənlərə qorxu!

Azərbaycan-Türkiyə birliyinin növbəti nümayişi

Azərbaycanın inkişafını gözü götürməyənlərə, üzdə və daldada riyakarcasına əleyhimizə məkrli planlar quranlara göstərilir “Qardaş yumruğ”u. Düşmənlərə göz dağı vermək, “ağıllı ol, yoxsa başın əzilər” xəbərdarlığı etmək üçün ay-ulduzlu türk F-16-ları kimi havaya qalxan “Qardaş yumruğu” iki qardaşın – Azərbaycan və Türkiyənin sarsılmaz birliyinin, yenilməz gücünün nümayişidir. “Qardaş yumruğu” “dəmir yumruğ”un dəydiyi yerdə ot bitməyəcək, zərbindən qarşısında Arazın panton körpülərlə ikiyə bölünəcəyi, əsrlərin həsrətinə son qoyulacağı, erməninin qaçıb gizlənməyə siçan deşiyi axtaracağı qədər daha möhkəm, qüdrətli formada təqdimatıdır. Hər kəs izləsin əl-ələ vermiş iki qardaşın bu yumruğunu və hər kəs öz hesabını götürsün. Dostlar təbii ki, sevinəcək, düşmənlərin isə qoy zəhri yarılsın…

Qeyd edək ki, dekabrın 5-dən Azərbaycanda ordumuzun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə “Qardaş yumruğu” adlı genişmiqyaslı hərbi təlimlər keçirilir. Budəfəki təlimlərin ən diqqətçəkən məqamlarından biri Bakı şəhərini və İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə etməsidir. Ssenariyə uyğun olaraq təlimlər zamanı Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Həmçinin təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında digər sahələrlə yanaşı, hərbi əməkdaşlığın daha da genişləndirilməsinin yol xəritəsinə çevrilib. Bəyannamədə iki dost və qardaş ölkənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi istiqamətində birlikdə fəaliyyət göstərilməsi əksini tapır. Həmçinin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Məhz Şuşa Bəyannaməsində nəzərdə tutulduğu kimi, Azərbaycan və Türkiyə orduları arasında dərin dostluq və tərəfdaşlıq münasibətləri qurulub, uğurlu əməkdaşlıq daha da inkişaf etdirilib. Bunun nəticəsi olaraq qardaş ölkənin sürətlə inkişaf edən müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahların və digər hərbi vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi perspektivləri daim diqqətdə saxlanılır. Əməkdaşlığın ən diqqətçəkən istiqamətlərindən biri isə Bəyannamədə nəzərdə tutulduğu kimi, birgə təlimlərin keçirilməsidir.

Azərbaycan və Türkiyə hərbçilərinin birgə və çoxtərəfli təlimləri mütəmadi olaraq keçirilir. “Turaz qartalı”, “Sonsuz qardaşlıq”, “Anadolu qartalı”, “Efes”, “Qafqaz qartalı” və digər çoxsaylı təlimlərin keçirilməsində əsas məqsəd dost və qardaş ölkələrin silahlı qüvvələri arasında hərbçilərin birgə fəaliyyət qabiliyyətinin imkanlarının və peşəkarlıqlarının artırılmasıdır. Bundan başqa, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi də xüsusi diqqət yetirilən məqamlardandır.

“Qardaş yumruğu” təlimləri həm də ciddi siyasi əhəmiyyət daşıyır. Azərbaycana açıq düşmənçilik mövqeyi tutaraq işğalçı Ermənistanda revanşizmi qızışdıran, Qarabağda separatçıların fəallaşmasına şərait yaradan İran, Fransa və digər ölkələr bir daha Türkiyənin hər bir halda yanımızda oluğunu gördülər. Təlim iştirakçılarına ünvanladığı müraciətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz və ayıra bilməyəcək: “İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz.”

Noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev də məhz bu məqamı bəyan etmişdi: “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var.”

Bəli, qəhrəman Azərbaycan və Türk əsgərlərinin ən yüksək peşəkarlıqla icra etdikləri döyüş tapşırıqları dostlarımıza güc, düşmənlərimizə isə qorxu verir. Çünki bizim gücümüz həm də birliyimizdədir!

Daha çox xəbərlər