Cəmiyyət 

Xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımızda bərpa işlərində göstərir

Dövlət başçısı İlham Əliyevin Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciətində bir daha bu əminlik ifadə edilir ki, könüllülər bütün qüvvə və bacarıqlarını səfərbər edərək, Böyük Qayıdışın uğurla gerçəkləşdirilməsi prosesində də ön sıralarda dayanacaqlar

Gənclərimizin potensialından səmərəli istifadə prioritet məsələlər sırasındadır. Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi, yaşlı nəslin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması istiqamətində atılan addımlar yüksək dəyərləndirilir. Gənclərimiz böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. 2007-ci ilin ölkəmizdə «Gənclər İli», 2020-ci ilin «Könüllülər İli» elan edilməsi də dövlətin gənclərə diqqət və qayğısının göstəricisidir. Dövlət başçısı İlham Əliyev gənclərin iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləməsini, gənclərin dövlət təşkilatlarında önə çəkilməsini, bütün dövlət təşkilatlarına könüllülərin cəlb olunmasını tövsiyə edib. Bu tövsiyədən irəli gələrək müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına start verildi. Bu gün ölkəmizdə «Gənc könüllülər», «ASAN könüllülər”, «Tələbə-Könüllülər”, eyni zamanda, müxtəlif qurumlarda könüllülər dəstəsi uğurla fəaliyyət göstərirlər. Bu sadalananların fonunda Azərbaycanda könüllülük hərəkatının inkişafını, xüsusən gənclərin fəaliyyətində geniş yer aldığını böyük inamla qeyd edə bilərik. Könüllülük fəaliyyəti gənclərin dövlətçilik işində rolunu artırmaqla yanaşı, onların gələcəkdə fəaliyyətlərini daha da genişləndirmələrinə müəyyən imkanlar yaradır, təcrübə əldə etmələrinə və özünə inam yaratmalarına səbəb olur. Görünən odur ki, könüllülük fəaliyyəti Azərbaycanda geniş yayılaraq cəmiyyətimizin bütün sferalarını əhatə edib. Ölkəmizdə bu fəaliyyətin inkişafına göstərilən yüksək diqqət və qayğı, əldə olunan nailiyyətlər və könüllülərin xidmətləri onu deməyə əsas verir ki, önümüzdəki illərdə Azərbaycanda könüllülər hərəkatı daha da böyük uğurlar qazanacaq.

Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində dayanan əsas məsələlərdən biri gənclərimizin milli ruhda tərbiyə olunması, keçmişi öyrənmək və gələcəyə bu prinsiplər əsasında addımlamaq çağırışıdır. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan zəngin tarixi, milli-mənəvi dəyərləri, ənənələri ilə dünyada tanınır, böyük nüfuz qazanır. Azərbaycan xalqı, həmçinin əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Ölkə Prezidenti İlham Əliyev ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlardan, həyata keçirilən kadr islahatlarından bəhs edərək, hazırda Azərbaycanda gəncləşmə siyasətini zəruri edən səbəbləri diqqətə çatdırır: “Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik… Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik.”

Gənclərin elmi biliklərini artırmalarının, təhsilin inkişafının prioritetliyi hər zaman önə çəkilir. Bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə irəli gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir.

Əvvəldə də qeyd etdiyimiz kimi, günümüzün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün keçmişimizlə bugünümüzün vəhdətini yaratmalıyıq. Azərbaycan xalqı tarixinin hər səhifəsinə hörmətlə yanaşır, tarixin sınaqlarından şərəflə çıxması ilə fəxr edir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır. 104 il yol qət edən Azərbaycan demokratiyasının reallıqlarına yalnız bir gün deyil, daim nəzər salıb fəxr etməliyik ki, xalqımız aciz deyil, qəhrəmanlıqla dolu keçmişi vardır. Bu keçmişi öyrənmək, təbliğ etmək hər bir Azərbaycan vətəndaşının, xüsusilə də gənclərimizin borcudur. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2019-cu ilin “Nəsimi İli” elan edilməsi də tariximizə, dövlətçiliyimizə, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, dilimizə bağlılığımızın təsdiqidir. Hər bir xalqın, millətin təqdimatında onun dili, milli- mənəvi dəyərləri əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev məhz bu kimi məsələləri önə çəkərək Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışdır.

Ölkəmizin ev sahibliyi etdiyi mədəniyyətlərarası dialoq forumlarında da daim bu məqam önə çəkilir ki, müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən Azərbaycan xalqlar, dövlətlər arasında körpü roluna yeni əlavələr etməklə beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir.

Müasir dövrün informasiya kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar da təqdirəlayiqdir. Yeni texnologiyalardan bəhs edərkən ilk olaraq göz önünə müasir düşüncəli gənclik, yüksək ixtisaslı kadrlar gəlir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Yeni texnologiyaların tətbiqini bacaran kadrların yetişdirilməsi şəraitində qarşıya əsas hədəf kimi qoyulan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yüksək səviyyədə nail olmaq mümkündür. Gənclər onlara göstərilən diqqət və qayğı fonunda Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla irəliləməsinə öz töhfələrini verməyə səy göstərirlər. Gənclərin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıqlarının artırılmasının prioritetliyi dövlət başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlardan daha aydın görünür. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət proqramlarının icrasından gözlənilən nəticələr sırasında gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılmasına, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa yönəlib.

Ölkəmizdə könüllülər hərəkatının inkişaf etdirilməsi də gənclərə diqqət və qayğının tərkib hissəsidir. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, könüllülük hərəkatı “ASAN xidmət”dən başlayıb. Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət», DOST mərkəzlərindən könüllülərin çoxluq təşkil etməsi diqqətdən yayınmır. Hər zaman yeni «ASAN xidmət» mərkəzləri istifadəyə veriləndə dövlət başçısı İlham Əliyevin könüllülərlə görüşü keçirilir. Ölkə Prezidenti bildirir: “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır.» Ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın könüllülük hərəkatının inkişafına töhfələri də davamlılığı ilə diqqət çəkir. “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar” fikirləri ilə fəaliyyətinin ümumi mənzərəsini yaradan Mehriban xanım Əliyeva bir tərəfdən humanizm, mərhəmət, xeyriyyəçilik və qayğıkeşliyi özündə ehtiva edir, digər tərəfdən Heydər Əliyev Fondunun prezidenti kimi elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən yüzlərlə dəyərli layihənin, mədəni irsimizin qorunması və beynəlxalq arenada təbliği proqramlarının müəllifidir. 2017-ci ilin fevralından isə Azərbaycanın Birinci vitse-prezidenti kimi təkmil islahatlarla, mühüm addımlarla davamlı inkişafa, gələcəyimiz kimi dəyərləndirilən gənclərin öz potensial imkanlarını ortaya qoymalarına öz töhfəsini verir.

Bu gün Azərbaycan gəncinin səsi dünyanın müxtəlif ölkələrindən gəlir. Gənclərin elmdə, təhsildə, idmanda, musiqi yarışmalarında qələbələri Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynayır.

Artıq iki ildir tarixi Zəfərimizin reallıqlarından bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmiz Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin təqdimatı oldu. Gənclərimiz həm ön, həm də arxa cəbhədə əsl vətənpərvərlik nümayiş etdirdilər. Canları, qanları ilə tarix yazan gənclərimizin həyat yolu bir vətənpərvərlik məktəbidir. Gənclərimiz İKT-nin imkanlarından səmərəli istifadə edərək, həqiqətlərimizin təbliğinə böyük töhfələr verməklə yanaşı, “Vətən mənə oğul desə nə dərdim”, həmçinin “Torpaq, əgər uğurunda ölən varsa, Vətəndir” kimi prinsipləri önə çəkərək dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «İrəli!» əmrini böyük ruh yüksəkliyi ilə dəyərləndirərək silaha sarılıb 44 gündə 30 ilin işğalına son qoydu, tarixi ədaləti bərpa etdi. Gənclərimizin böyük əhval-ruhiyyə ilə hərbi xidmətə getmələri də onlarda vətənpərvərlik hisslərinin nə qədər böyük olduğunu ortaya qoyur. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi proqram xarakterli “Gənclərimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur.

Bir mühüm məqamı da qeyd edək ki, 2019-cu ildən dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi də ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasına işıq saldı.
Mübarizə tədbirlərinin gücləndirildiyi ilk zamanlarda əsas çağırışlardan biri yaşı 65-dən yuxarı olan vətəndaşların evdə qalması idi. Belə olan təqdirdə bu yaşda olan, eyni zamanda, tənha yaşayan insalara sosial xidmətin göstərilməsi bir tələb çevrildi. Yenə də könüllülər bu işə öz dəstəklərini göstərdilər. Təbii ki, bu kimi addımlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığına öz müsbət təsirini göstərir. Böyüklərə hörmət və diqqət, onların qayğıları ilə yaşamaq, lazım olan dəstəyi göstərmək milli-mənəvi dəyərlərimizin əsas tərkib hissələridir. Bu qayğıya mərhəməti, sədaqəti, xeyirxahlığı da əlavə etsək, bu ali keyfiyyətlərin fonunda hər bir çətinlikdən uğurla çıxacağımızı böyük əminliklə qeyd edə bilərik. Çünki birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun yüksək olduğu bir ölkədə hansısa çətinlikdən, problemdən, yaxud onların həllinin mümkünsüzlüyündən danışmaq qeyri-mümkündür.

Dövlət başçısı İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun ənənəvi keçirilən iclaslarının birində ona ünvanlanan “Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz” sualına cavabını daim xatırlatmağı özümüzə borc bilirik. Dövləçt başçısı İlham Əliyev bildirmişdir ki, biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, universitetlərdə, məktəblərdə, startap biznesindədir. Nəhəng könüllülər hərəkatına başlanılıb və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. “Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir” söyləyən ölkə Prezidenti qeyd etmişdir ki, onları həyat qane etmir, hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Azərbaycanda həmişə sözümüzə əməl edirik: “Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.”

Uğurlarımıza nəzər salmaqla gələcək barədə nikbin proqnozlar səsləndirə bilərik. Artıq Azərbaycan qalib ölkədir. Xalqımız bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi.

Dövlət başçısı İlham Əliyev dekabrın 5-də Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, ölkəmizdə hazırda sistemli və dinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur. Könüllülərin sosial sahədə, ictimai xidmətlər sektorunda töhfəsi aydın hiss olunur. Onlar cəmiyyətin maraqları naminə təmənnasız fəaliyyət göstərərək müxtəlif mədəni tədbirlərin, idman yarışlarının, ekoloji və sosial aksiyaların, təbliğat və maarifləndirmə kampaniyalarının uğurla keçirilməsində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında yaxından iştirak edirlər. Minlərlə könüllü 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müqəddəs övladlıq borcunu şərəflə yerinə yetirmişdir. Müharibədə qazandığımız parlaq Zəfərdən sonra ölkəmiz üçün artıq yeni dövr başlamışdır. Xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımıza həyatın yenidən qaytarılmasına yönələn genişmiqyaslı abadlıq-quruculuq və bərpa işlərində göstərir. Bu əminlik də ifadə edilmişdir ki, könüllülər bütün qüvvə və bacarıqlarını səfərbər edərək, Böyük Qayıdışın uğurla gerçəkləşdirilməsi prosesində də ön sıralarda dayanacaqlar.

Daha çox xəbərlər