Keçmiş bələdiyyə sədri 1,8 milyon manatlıq torpaq sahələrini ələ keçirməyə cəhd edib – YENİLƏNİB
Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.
Bəzi media qurumları tərəfindən Səbail Bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğlunun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işinin başlanmasına dair dəqiqləşdirilməmiş məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan informasiya ilə bağlı bildirilir ki, Əhməd Hüseynovun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilib.
İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və digər maddələri ilə ittiham elan edilib və 27.12.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
10:02
Azərbaycanda keçmiş bələdiyyə sədrinə cinayət işi açılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Hüseynov Əhməd Həsən oğlu xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməkdə təqsirli bilinir.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Məhəmməd Əkbərovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Zərərçəkmiş qismində Səbail rayon bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınır.
Qeyd edək ki, Əhməd Hüseynovun adı illər əvvəl də cinayət əməlində hallanıb. Belə ki, onun barəsində Səbail rayonu ərazisində qanunsuz torpaq satışı ilə məşğul olması ilə bağlı məlumatlar yayılmışdı.
1947-ci il təvəllüdlü Əhməd Hüseynov əslən naxçıvanlıdır, əvvəllər polis sistemində işləyib, istefada olan polis polkovnik-leytenantıdır. O, uzun müddət Səbail rayon bələdiyyəsinin sədri vəzifəsində işləyib.

