Gündəm 

Fransa Ermənistana “ustad dərsləri” keçir

Fransa özünün müstəmləkəçilik siyasəti ilə Afrikanın bir sıra ölkələrinin, o cümlədən Əlcəzairin, Mərakeşin, Cibutinin, Çadın, Qabonun, Tunisin, Ruandanın, Kamerunun əhalisinə sözün həqiqi mənasında dəhşətlər yaşadıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1830-1962-cı illəri əhatə edən dövrdə 1,5 milyondan çox əlcəzairli Fransanın müstəmləkəçilik siyasətinini qurbanı olub. Amma fransız rəsmiləri tarixlərinin bu kimi qara ləkələrini hər vəchlə gizlətməyə çalışırlar. Siyasətçilərin fikrincə, bu prosesdə Fransanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü kimi müstəsna səlahiyyətə – veto hüququna sahib olması mühüm rol oynayır.

Özünün qanlı müstəmləkə cinayətlərini, amansız soyqırımı aktlarını etiraf etməyən Fransa bütün bunlar azmış kimi bu gün də iyrənc siyasətindən əl çəkmir. Elə Qəmər İttifaqının ərazisi olan Mayot adasının Fransanın müstəmləkəsi kimi qalmaqda davam etməsi, Yeni Kaledoniyanın azadlığına qovuşmasına imkan verməməsi buna sübutdur. Üstəlik müstəmləkə siyasətini davam etdirən belə bir  ölkə hələ də demokratiyadan, insan hüquqlarından ağızdolusu danışır, başqa dövlətlərə yol göstərir, əgər belə demək mümkünsə, onlara “ustad dərsləri” keçməyə cəhd edir.

Qarabağın otuzillik işğalı dövründə Ermənistanın mənfur əməllərinə, beynəlxalq hüquqa zidd  addımlarına dəstək verən, azərbaycanlıları ermənilərə qarşı müharibə cinayətləri törətməkdə günahlandıran, Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmasını təcavüz adlandıran, Cənubi Qafqaz bölgəsində vəziyyətin gərginləşməsində maraqlı olan, bir sözlə, özünün quduz anti-Azərbaycan mövqeyi ilə seçilən Fransa hazırda da öz “bacı”sını  dəstəkləməkdədir. Bu aspektdən çıxış etsək, Ermənistanın özünü fransızsayağı aparmasının əsasında bu faktorun dayandığını söyləyə bilərik.

Baş verənlərə bir daha nəzər yetirdikdə aydın şəkildə dərk etmək mümkündür ki,  Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş, ərazilərimizin 20 faizini 30 ilə yaxın işğalda saxlamış, bir milyondan artıq soydaşımıza qaçqın-köçkün taleyi yaşatmış məğlub Ermənistanın İkinci Qarabağ müharibəsindən sonrakı vəhşilikləri (mina terroru, ekologiyaya vurulan ziyan və s.) də fransalı sələflərinin Əlcəzairdəki və digər ölkələrdəki siyasəti ilə tam oxşarlıq təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa indiyədək minaların xəritələrini bu ölkəyə verməkdən imtina edir. İşğal altında saxladıqları Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdıran Ermənistan da minaların dəqiq xəritələrini respublikamıza  verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.  Bu mənada demək olar ki, Ermənistan ona dayılıq edən Fransanın “ustad dərsləri”ndən bəhrələnməkdə davam edir. Şübhəsiz, bu məsələdə Fransanın təhriki, havadarlığı da müəyyən rol oynayır.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham  Əliyev dünyada ədalətsizliyin əsas qaynaqlarından biri olan Fransanın törətdiyi tarixi və bəşəri cinayətləri bir daha gündəmə gətirdi.  Hətta dövlətimizin  başçısı çıxışında vurğuladı ki, Fransa müstəmləkə cinayətlərinə, eləcə də soyqırım aktlarına görə üzr istəməlidir. Bununla da Prezident İlham Əliyev anti-Azərbaycan və ermənipərəst siyasəti ilə fərqlənən, ləkəli tarixini ört-basdır etməyə çalışan Fransanın “öz gözündə tiri görmədiyini, amma özgə gözündə tük axtardığını” bir daha  beynəlxalq aləmin diqqətinə çatdırıb. Onu da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev ötən il noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində də Fransanın müstəmləkəçilik siyasətini tənqid edərək demişdir: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır”.

Şübhəsiz, Fransanın Azərbaycana qarşı qısqanc münasibətlərinin kökündə ölkəmizin sürətlə inkişaf etməsi, müstəqil siyasət yürütməsi, Cənubi Qafqazda söz sahibi olması dayanır. Azərbaycanın tarixi Zəfəri ilə bölgədə yaratdığı yeni reallıqları isə tərəf saxlamayan hər bir siyasi xadim, adi vətəndaş da yaxşı dərk edir. Amma Fransa bu adi həqiqəti anlamaq istəmir və Ermənistanı da onun yolu ilə getməyə sövq edir. Söz yox ki, bu da onun ermənipərəst xislətindən irəli gəlir.

Daha çox xəbərlər