Gündəm 

Məskunlaşma əhalinin təhlükəsizliyi gözlənilməklə “ağıllı qayıdış” formasında həyata keçirilir – Böyük Qayıdış

Azərbaycanda bir milyondan artıq keçmiş məcburi köçkünü öz doğma yurdlarına qaytarmaq üçün intensiv yenidənqurma işləri aparılır.

Şərqi Zəngəzur və Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Təbii ki, 30 illik işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən ərazilərimizin çox qısa müddətdə tam bərpası mümkün deyil və bu prosesin zaman tələb edəcəyi qaçılmazdır. Dağıntıların miqyası bunu daha aydın göstərir. Ermənistanın 30 illik işğalı zamanı Azərbaycan ərazisində 900 yaşayış məntəqəsi, 130939 ev, 7000 ictimai bina, 1025 məktəb, 855 uşaq bağçası, 798 sağlamlıq ocağı, 927 kitabxana, 2389 obyekt tamamilə dağıdılıb. Bura nəqliyyat və digər infrastrukturun da məhv edilməsini əlavə etsək o zaman dəymiş ziyanın miqyasının daha da böyük olduğunu görərik. Məhz bütün bunlara görə işğaldan azad edilmiş ərazilərdə məskunlaşma yenidənqurma işlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Digər tərəfdən, uzun müddət işğal altında qalan ərazilərimizdə minaların sayının həddindən artıq çox olması prosesə təsir edən faktorlardandır. Ona görə də məskunlaşma əhalinin təhlükəsizliyi gözlənilməklə “ağıllı qayıdış” formasında həyata keçirilir. Minadan təmizləmə işinin sürətlə aparılması da məhz əhalinin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

Ümumiyyətlə, məskunlaşma 4 mərhələdə həyata keçiriləcək. Birincisi, minadan təmizlənmə və dəymiş ziyanın qiymətləndirilməsidir. Bununla bağlı işlər davam etdirilir. İkinci istiqamət infrastrukturun formalaşmasıdır. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının işə düşməsi ondan xəbər verir ki, intensiv şəkildə infrastruktur formalaşdırılır. Nəqliyyat və logistika layihələri infrastrukturunun formalaşdırılması intensiv şəkildə, kifayət qədər sürətlə həyata keçirilir. Digəri təbii ki, sosial obyektlərin, inzibati binaların və eləcə də yaşayış evlərinin inşasıdır. Dördüncü mərhələ isə məskunlaşmadır. Bu baxımdan prosesin intensiv şəkildə həyata keçirilməsi bir daha göstərir ki, məskunlaşma proqnozlaşdırıldığından və ya bizim gözlədiyimizdən daha tez baş verəcək. Təbii ki, məskunlaşma mərhələli şəkildə həyata keçirilən bir prosesdir. Azərbaycanın mövcud gücü, iqtisadi potensialı imkan verir ki, müasir standartlara uyğun infrastrukturu formalaşdırmaqla məskunlaşma prosesini daha intensiv şəkildə, gözləniləndən qısa müddətdə həyata keçirə bilsin.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2022-2026-cı illər üçün qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə 6 prioritet istiqamət müəyyənləşdirilib. Bu Dövlət Proqramına uyğun olaraq görülən işlər əsasən “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyası əsasında həyata keçiriləcək. Sözügedən Dövlət Proqramı üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən (8 şəhər, 8 qəsəbə və 84 kənd) 7 şəhər və 36 qəsəbə və kənd olmaqla – ümumilikdə 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanmaqdadır. Həmin kəndlərdən üçünün – Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin Prezident İlham Əliyev tərəfindən 2022-ci il oktyabrın 4-də təməli qoyulub. Qalan 57 yaşayış məntəqəsi üzrə isə 2023-cü ildə 38 yaşayış məntəqəsinin, o cümlədən Laçın şəhərinin, eləcə də 37 qəsəbə və kəndin, 2024-cü ildə isə 19 yaşayış məntəqəsinin layihələndirilməsi, ikinci mərhələdə bərpası nəzərdə tutulan yaşayış məntəqələrindən isə 37 ədədinin 2025-2026-cı illərdə layihələndirilməsi planlaşdırılır. Ümumilikdə Dövlət Proqramı ilə 2022-2026-cı illər ərzində yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi və 34 min 500 ailənin doğma torpaqlarına köçməsi nəzərdə tutulur.

2022-2026-ci illərdə isə işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulmasına 19.2 milyard manatın ayrılması nəzərdə tutulub. Artıq bu ilin sonunda Böyük Qayıdışın yeni mərhələsi başlanılacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız öz ata-baba yurdlarına qayıdacaqlar.

Belə bir önəmli faktı xüsusi diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan bu ərazilərini heç bir xarici borclanma olmadan, yalnız daxili maliyyə resursları hesabına bərpa edir. Şərqi Zəngəzur və Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Böyük Qayıdış əhalinin təhlükəsizliyi qorunmaqla ağıllı şəkildə reallaşır. Zəngilan ilə yanaşı, 2023-ci ilin ikinci yarısında artıq işğaldan azad olunmuş bir sıra digər rayonlarımızda da məskunlaşmaya start verilməsi gözlənilir.

Bəli, tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq. Bu dəfə gülüş və həyat Qarabağ və Şərqi Zəngəzura daimi qayıdır…

Daha çox xəbərlər