Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır
Məlum olduğu kimi, ölkəmizdə bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə, 2018-ci ildən etibarən islahatlar daha çevik xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan kompleks xarakterli islahatlar ölkəmizin daha da inkişaf etməsinə şərait yaradıb. Bu islahatlar vətəndaşların həyat şəraitinin yüksəlməsinə əsaslı şəkildə imkan verib. İstər kütləvi pandemiya dövründə, istərsə də pandemiyadan sonra heç bir sosial proqram ixtisar edilməyib, hər biri ardıcıl şəkildə davam etdirilib. İdarəetmədə zəngin biliyi və böyük təcrübəsi olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirilə biləcək kadrların hazırlanması təşkil edir. Təsadüfi deyil ki, bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət srukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan yeni təfəkkürlü, yüksək əxlaqi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir. Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun istiqaməti ölkəmizin dünya dövlətləri arasında layiqli yerini tutması, iqtisadi yüksəlişə nail olması və insanlar üçün yüksək həyat standartları təmin etməsidir. Bu hədəfə çatmaq üçün də köklü islahatlar həyata keçirilir. Belə islahatlardan biri də kadr islahatı idi. Son vaxtlar Prezident İlham Əliyevin rayon və şəhər icra hakimiyyətlərinə gənc rəhbərləri təyin etməsi, onlara etimad göstərməsi əyani sübutdur. Dövlət başçımızın kadr təyinatında əsas tələbi ondan ibarətdir ki, dövlətə, Vətənə sədaqətli insanlar, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Prezident İlham Əliyevin “Vətəndaşlar dövlətə deyil, dövlət vətəndaşlara xidmət etməlidir” prinsipini rəhbər tutması həyata keçirilən islahatlarda ölkə vətəndaşlarının maraq və mənafelərinin önə çəkilməsini bir daha təsdiq edir. Hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır.
Qeyd edək ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bu islahatlar konseptual olmaqla yanaşı, həm də struktural xarakter daşıyır. Azərbaycanda həyata keçirilən siyasi və struktur islahatlarından bəhs edərkən 2000-ci ilin fevral ayında keçirilən parlament seçkilərinin və seçkilərdən sonra Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan stuktur və kadr islahatlarının önəmi də xüsusi vurğulanmalıdır. Burada məqsəd parlamentin işinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha səmərəli fəaliyyətin təşkil edilməsindən ibarət olub. Kadr islahatları çərçivəsində isə gənc və savadlı kadrlar qabaqcıl vəzifələrə irəli çəkiliblər. Bundan əlavə Vətən müharibəsi qazisinin ailə üzvünə Milli Məclisdə yüksək vəzifə verilib.
Prezident İlham Əliyev martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında vurğulayıb: “Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılmışdır, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın. Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda, əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”.
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Hazırda ölkəmizin əsas inkişaf istiqamətlərindən biri vətəndaşların rifah halının yaxşılaşdırılması, həyat şəraitinin yüksək standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, Prezidentimizin sərəncamları, minimum pensiyanın, eləcə də minimum əməkhaqlarının artırılması təşəbbüsü mühüm addımlardandır. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir və bunun da əsasında düşünülmüş siyasət dayanır. Məhz buna görə də biz bütün dünyada yaşanan böhranlı şəraitdən şərəflə çıxırıq. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir. Bəli, Azərbaycanın gözəl gələcəyi var. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Prezident İlham Əliyev tərəfindən keçirilən islahatlar Azərbaycan xalqının xoşbəxt, firavan yaşamağına inamı qat-qat artırmışdır. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir.

Günel Qəniyeva,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 39” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

