Qoşulmama Hərəkatı koronavirusla mübarizədə liderliyi ilə seçilməyi bacaran beynəlxalq təsisatdır
Müstəqil Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa böyük hörmətlə yanaşmış, üzərinə düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirmiş, humanizm, ədalət, bərabərlik prinsiplərini daim rəhbər tutmuşdur. İstər daxili, istərsə də xarici siyasətdə öz mövqeyini və prinsiplərini qoruyan dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunmuşdur. Bunun nəticəsidir ki, ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. 2019-cu ildən etibarən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər beynəlxalq birlik tərəfindən dəstəklənib.
Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün Bakıda keçirilməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Hərəkatın növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir.
Ölkəmizin sədrliyi müddətində Qoşulmama Hərəkatının institusional inkişafı üçün də mühüm təşəbbüslər irəli sürülmüş və təsisatda bir sıra yeniliklərə imza atılmışdır. Belə ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılması Azərbaycanın təşəbbüsü ilə reallaşmışdır. Bir sözlə, Azərbaycan sədr qismində Hərəkatın fəaliyyətini müasir çağırışlar əsasında qurmaqla bərabər təsisatın institusional inkişafına da güclü dəstək vermişdir. Ümumiyyətlə, bu hərtərəfli fəaliyyəti həyata keçirməkdə Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın əsas məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşündə də Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycanın 2019-cu ildən etibarən beynəlxalq təsisatda uğurlu sədrlik fəaliyyətinin əsas məqsədi, məhz ədalətin və beynəlxalq hüququn müdafiə edilməsidir.
Zirvə toplantısınında çıxış edən dövlət başçısı İlham Əliyevin bir sıra qüvvələrin xüsusən də Fransanın yürütdüyü siyasətlə bağlı səsləndirdiyi fikirləri toplantı iştirakçıları və ümumiyyətlə dünya ictimayyəti üçün ismarıc idi. Cənab Prezident İlham Əliyevin çıxışında toxunduğu digər məqam da Fransanın ikili standartlardan çıxış etməsi ilə əlaqədar idi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, BMT-də bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağıran cənab İlham Əliyev Təhlükəsizlik Şurasının qətnamələrinin icrası məsələsinə də diqqəti yönəltdi. BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunur. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır”.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident cənab İlham Əliyev öz çıxışı ilə bir daha Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq ölkəmizin uzun illər üzləşdiyi işğalın fəsadlarından bəhs etdi. Ölkə başçısı xatırlatdı ki, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır.
Qoşulmama Hərəkatı hazırda Azərbaycanın sədrliyi ilə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycan təşəbbüsləri ilə qarşıdakı dövrdə də Hərəkatın dünya siyasətində söz sahibliyinin təmin edilməsinə öz töhfəsini verəcəyinə şübhə yoxdur.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı


