Gündəm 

Dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq

Dövlət başçısı İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumundakı çıxışında bir daha bildirdi ki, Qoşulmama Hərəkatı körpülərin salınmasında mühüm rol oynaya bilər və oynamalıdır

Martın 9-da Azərbaycan  Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə  “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu öz işinə başladı.  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında da bu məqama xüsusi diqqət yönəltdi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür.

Qeyd edək ki,  Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq Prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə bir daha diqqət yönəldilərək görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Bütün hallarda əsas çağırış  ədalətin və beynəlxalq hüququn yanında olmaq, hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün səyləri birləşdirməkdir. Forumdan öncə martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında da dünya düzəninin yenidən formalaşdırıldığını önə çəkərək bu prosesdə Qoşulmama Hərəkatını daha fəal olmağa   çağırdı.

Keçirilən hər bir Forum müzakirəyə çıxardığı məsələlər ətrafında fikir mübadiləsinin aparılması ilə yanaşı, eyni zamanda, əlaqələrin daha da yaxınlaşmasında öz sözünü deyir. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşür, populizmin və ekstremizmin mənbəyini araşdıraraq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirirlər.

Forumun müzakirə mövzusundan da göründüyü kimi, dövrün tələblərinə uyğun olaraq irəli sürülən çağırışların gələcək barədə yaratdığı ümidlərin gerçəkliyə çevrilməsi üçün birgə addımların atılması mütləqdir. Təbii ki, səylərin birləşdirilməsi yeni reallıqların qəbulunu, maraqları bir kənara qoyub, ədaləti və beynəlxalq hüququ müdafiə etməyi bir tələbə çevirir. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında qeyd etdi ki, bu gün biz «soyuq müharibə»nin bitməsindən sonra bugünədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

Qoşulmama Hərəkatı yaradıldığı ilk gündən ədalətin və beynəlxalq hüququn tərəfindədir. Azərbaycanın quruma sədr seçildiyi vaxtdan onun nüfuzunun, dünya siyasətində rolunun artmasına xidmət edən mühüm addımları ilə diqqətdədir. Cənab İlham Əliyev  iştirakçıların diqqətini bir daha son illərdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərə yönəltdi. Qoşulmama Hərəkatının koronavirus infeksiyası ilə bağlı Zirvə görüşündə quruma üzv dövlətlərin yekdil qərarı əsasında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsinin zəruriliyi bildirildi. 2020-ci ilin dekabrında Xüsusi Sessiya keçirildi. Ümumilikdə həm X Qlobal Bakı Forumu, həmçinin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü hazırkı dövrün reallıqları fonunda  dünya düzəninin yenidən formalaşdırılmasının vacibliyi məsələsini, həmçinin yeni çağırışları özündə ehtiva edir. Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə yeni reallıqların  zərurətə çevirdiyi  çağırışların həyata keçirilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərməsi dünyanın diqqətindən kənarda qalmır. BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının bu gün qlobal mövzuların müzakirəsi üçün siyasi mərkəzə çevrilməsində də Azərbaycanın rolu inkaredilməzdir.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın tarixi həqiqətlərinin, bugünkü reallıqlarının dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə əsas diqqəti erməni vəhşiliklərinə yönəldərək  onların fonunda dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri açıqlayır. Bu reallıq hər zaman qeyd olunur ki, Ermənistana zamanında sanksiyalar tətbiq olunsaydı, dəstək göstərilməsəydi Qarabağ münaqişəsinin həlli 30 il uzanmazdı. Bu gün də Ermənistan Azərbaycan tərəfinin irəli sürdüyü sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmaq üçün 30 illik işğal dövründə atdığı addımları təkrarlamağa cəhd göstərir. Amma unudur ki, Azərbaycan artıq həmin dövrün Azərbaycanı deyil. Ölkəmiz sülh təklifini irəli sürərkən bu bəyanatı da səsləndirmişdir ki,  uzun müddət masa üzərində qalmayacaq.

Məhz Azərbaycanın işğal dövründə yaşadıqlarına söykənərək dövlət başçısı İlham Əliyev  X Qlobal Bakı Forumunda bildirdi ki,  münaqişələrin həllinə gəldikdə, bu mövzu Forum çərçivəsində geniş şəkildə müzakirə ediləcək: «Mən isə öz təcrübəmizlə bağlı fikirlərimi bölüşə bilərəm. Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.»

Azərbaycan 30 il münaqişənin sülh danışıqları əsasında çözülməsinə səy göstərdi. Ermənistan havadarlarının dəstəyi ilə bu  danışıqlara yalnız imitasiya naminə qatılaraq məsələnin həlli prosesinin uzanmasına, yeni ərazilər uğrunda mübaribə planları hazırlamasına vaxt qazanmaq imkanı əldə etdi.  Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə  keçmiş ATƏT-in Minsk qrupunun yaradılmasına baxmayaraq qurum 28 ildə heç bir nəticəsəyə nail olmadı.  Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Azərbaycan  özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək  öz ərazilərimizi güc tətbiq etməklə azad etdi. Bu, bizim legitim hüququmuz idi. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövründə bu ərazilərimizə səfər edən xarici qonaqların ermənilərin törətdikləri vəhşilikləri gözləri ilə gördüklərini diqqətə çatdırdı.

Bu fikir daim vurğulanır ki, törədilən bu dağıntılar Azərbaycanın illərdir necə bir vəhşi ilə üz-üzə dayandığını nümayiş etdirir. 30 ildə  ermənilər bütün tikililəri tamamilə dağıdıb, tarixi və dini abidələrimizi yerlə-yeksan edib. Amma təsəllimiz bu gün tarixi torpaqlarımızın öz sahiblərində olması, dağıntı mərhələsini arxada qoyaraq quruculuq dövrünü yaşamalarıdır. Hazırda  işğaldan azad edilmiş bütün torpaqlarımız quruculuq meydanını xatırladır. Bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. 2023-cü ildə işğaldan azad olunan ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərinin miqyası, dinamikası daha da artacaq. Bu baxımdan praktikliyi təmin etmək məqsədilə İşçi qruplarının iclaslarının işğaldan azad olunmuş ərazilərdə keçirilməsi nəzərdə tutulur.  2026-cı ilin sonunadək nəinki Ağdam şəhərinə, eləcə də ətraf kəndlərə insanların qayıtmasını təmin etmək qarşıya məqsəd qoyulub. Ağdam şəhərinə və ətraf kəndlərə 42 min adamın köçürülməsi nəzərdə tutulub. Bu il laçınlıların öz doğma yurd-yuvalarına qayıdışları gerçəkləşəcək. Atılan addımlarda məqsəd Böyük Qayıdışın sürətləndirilməsi, bu torpaqlarda yeni həyatın başlanması, mövcud resurslardan səmərəli istifadə edilərək ölkənin dayanıqlı inkişafına davamlı töhfələrin verilməsidir.

Daha çox xəbərlər