Satqınlara və düşmənə gözdağı…
Prezident İlham Əliyev: Keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək
Hakimiyyət hərisliyinin qurbanına çevrilmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi və satqınlığı Azərbaycanı böyük fəlakətlərə düçar etməklə bərabər, düşmənlərimizə də əzəli torpaqlarımızı ələ keçirmək fürsəti yaradırdı. Kəndlərimiz, rayonlarımız getdikcə azğınlaşan erməni silahlı birləşmələri tərəfindən ard-arda işğal edilən zaman hakimiyyət davası aparan antimilli qüvvələr bu işğallardan öz ambisiyalarını həyata keçirmək üçün istifadə etməyə çalışırdılar. Ölkənin məqsədli şəkildə böhrana sürüklənməsi, xaos və özbaşınalığın artması, ordu quruculuğu sahəsində heç bir iş görülməməsi daxildə AXC-Müsavat cütlüyünün, xaricdə isə Azərbaycan düşmənlərinin işinə yarayırdı. Antimilli qüvvələrin yalnız bir məqsədləri vardı: Nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etmək. Məhz bu səbəbdən 1992-ci il may ayının 8-də onların nəzarəti altında olan bəzi satqın qüvvələr Şuşanı ermənilərə demək olar ki döyüşsüz təslim etdilər. Daha sonra isə Şuşanın işğalı nəticəsində Azərbaycanda hakimiyyət böhranının yaşanmasından istifadə edən antimilli qüvvələr qanunsuz yollarla hakimiyyəti ələ keçirdilər. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Azərbaycanda anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü ki, bu da ermənilərin işinə yarayırdı. Məhz AXC-Müsavat cütlüyünün xəyanətinin və satqınlığının nəticəsi olaraq Şuşanın ardınca 1992-ci il mayın 18-də Laçın, 1993-cü il aprelin əvvəlində isə Kəlbəcər rayonları da Ermənistan tərəfindən işğal edildi. Beləliklə də ermənilər öz çirkin niyyətlərinə nail ola bildilər, torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü.
Təəssüf ki, dünyanın demokratiyadan, beynəlxalq hüququn aliliyindən, insan haqlarından dəm vuran böyük dövlətləri və təşkilatları mənfur erməni cinayətkarları tərəfindən torpaqlarımızın işğal edilməsinə və 30 il əsarət altında qalmasına, ermənilərin törətdikləri qanlı soyqırımı aktlarına, bir milyondan artıq insanın öz doğma yurd-yuvasından didərgin düşərək məcburi köçkünlük həyatı yaşamasına, şəhərlərimizin, kəndlərimizin, tarixi abidələrimizin tamamilə dağıdılmasına göz yumdular. Qan tökülməsini istəməyərək aparılan sülh danışıqlarına sadiq qalan, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına ümidini itirmədən dözüm nümayiş etdirən Azərbaycanın, nəhayət, bütün bu ikili yanaşmalardan, mənasız danışıqlardan, xüsusilə də ermənilərin cəzasızlıqdan daha da azğınlaşmasından səbri tükəndi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz qısa vaxtda düşməni ağır məğlubiyyətə uğradaraq ərazi bütövlüyümüzün bərpasını təmin etdi. Şanlı Qələbəmizlə bitən Vətən müharibəsi torpaqlarımızın işğalına son qoymağımızla bərabər, həm də erməni faşizminin məhv edilməsi, qanunun aliliyinin və tarixi ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi düşmənin ağır məğlubiyyəti, kapitulyasiya aktını imzalamasına məcbur olması ilə yekunlaşdı və artıq üçüncü ildir ki, rayonlarımızın işğalının ildönümünü deyil, azad edildiyi günləri qürur hissi ilə qeyd edirik.
Məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən atəşkəs elan olunanda artıq müharibənin müqəddəratı bəlli idi və düşmən ölkənin ordusunun müqavimət göstərmək gücü qalmamışdı. Bəyanatın imzalanmasından iki gün öncə Şuşa şəhəri, noyabrın 9-da isə digər çoxsaylı yaşayış məntəqələri ilə bərabər, Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan təslimçilik sənədini imzalamağa və qoşunlarının tör-töküntülərini Ağdamdan, Kəlbəcərdən və Laçından çıxarmağa məcbur oldu. Əks halda, düşmənin itkilərinin dəfələrlə çox olması qaçılmaz idi.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində vurğulamışdı ki, digər işğal olunmuş rayonlardan fərqli olaraq burada çox ciddi məskunlaşma siyasəti aparan Ermənistan rəhbərliyinin Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Düşmən hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir və əfsuslar olsun ki, ədalətdən danışan bəzi Qərb dairələri onların bu mövqeyini dəstəkləyirdi. Ancaq Azərbaycanın şanlı Qələbəsi Ermənistanı yaranmış yeni reallıqla barışmağa məcbur etmişdir: “Biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq.”
Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masasındakı böyük Qələbəsinə, torpaqlarımızın düşməndən təmizlənməsinə uzun illər çox dəqiq, məqsədyönlü, ardıcıl şəkildə aparılmış siyasət nəticəsində nail oldu. Münaqişənin dondurulmuş vəziyyətdə qalmasında, status-kvonun davam etməsində maraqlı olan Ermənistan rəhbərliyinin, onların havadarlarının “Münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” sözlərinə cənab Prezidentimiz haqlı olaraq cavab verirdi ki, məsələnin bir də hərbi yolu var: “Əgər döyüş meydanında düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə nə digər işğal etdiyi torpaqlardan, nə də Laçından çıxmazdı. Çünki düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü.”
Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində misli görünməmiş irimiqyaslı bərpa-quruculuq layihələrinin icrası davam etdirilir. Rayonları, kəndləri və şəhərləri birləşdirən yeni yollar çəkilir, quruculuq işlərinin aparıldığı ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının, məktəblərin, xəstəxanaların və digər mühüm infrastruktur obyektlərinin təməlləri atılır. Qürurvericidir ki, şanlı Qələbəmizdən ötən müddətdə işğaldan azad edilmiş əksər şəhərlərin Baş planları, layihələri hazırlanaraq təsdiq edilib, həmçinin tikinti işlərinə başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndlərinin timsalında bütün keçmiş məcburi köçkünlər tezliklə əbədi olaraq öz ata-baba yurdlarına qayıdacaqlarına əmindirlər. Tezliklə vaxtilə AXC-Müsavat cütlüyünün satqınlığının qurbanına çevrilmiş Laçın şəhəri və rayonun bir neçə kəndi də öz sakinlərini qarşılayacaq, laçınlıların doğma yurd həsrətinə son qoyulacaq. Dövlət başçısı İlham Əliyev martın 28-də Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edərkən bildirib ki, Vətən müharibəsi başa çatandan dərhal sonra Laçın rayonunda bərpa-quruculuq işlərinə start verilmişdir. Laçın şəhərinin yenidən qurulmasının icrasına isə 2022-ci ilin avqustun 26-dan başlanılıb: “Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.”
Dövlətimizin başçısı çıxışında Laçının Zabux və Sus kəndlərinin də tamamilə yenidən qurulması prosesinə start verildiyini bəyan edib. Bildirib ki, Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Bununla yanaşı, rayonun Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, 2023-2024-cü illərdə Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də daha çox keçmiş məcburi köçkünün qayıdışı mümkün olacaq.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır: “Yəni, bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. Nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var, bu, bir cənnətməkan olacaqdır…
Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.”

