Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!
7 il bundan əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımız bu gün azad Qarabağda və azad Şərqi Zəngəzurda dalğalanır
“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.» Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2017-ci ildə Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə onu da əlavə etmişdir ki, həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
2016-cı ilin aprelin 2-dən-5-dək davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan döyüşlər tarixi Zəfərimizin başlanğıcı oldu. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Bu döyüşlərin gedişində Lələtəpə yüksəkliyi alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrində Azərbaycan Bayrağı dalğalandı. Aprel qələbəsi, eyni zamanda, Böyük Qayıdışın başlanğıcı oldu. Cocuq Mərcanlı qəsəbəsi xalqımızın dirçəliş rəmzinə çevrildi. O illərdə dövlət başçısı İlham Əliyev Cocuq Mərcanlıda Gövhər ağa məscidinin oxşarının inşasını reallaşdırmaqla Şuşaya qayıdışa inam yaratdı.
2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcəyini, işğalla heç zaman barışmayacağını ən yüksək tribunalardan bəyan etdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi bu arzumuzu reallığa çevirdi. Dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında diz çökən Ermənistan kapitulyasiya aktını imzalamağa məsbur oldu. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. 7 il bundan əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımız bu gün azad Qarabağda və azad Şərqi Zəngəzurda dalğalanır.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ilin avqustunda Şuşada Vaqif Poeziya Günlərinin açılışında səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: «Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.» Bu fikirlər özündə bir çox məqamları ehtiva edirdi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə Azərbaycanın xoşbəxt gələcəyi üçün formalaşdırdığı möhkəm təməl tarixi Zəfərimizi şərtləndirdi. Belə ki, ölkəmizi həmin təməl üzərində daha da möhkəmləndirən, qələbəyə hazırlayan Prezident İlham Əliyev tariximizin ən şanlı Zəfər səhifəsini yazdı.
Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdən biri kimi qeyd edilirdi. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işləri uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticəsi olaraq Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşdı. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilməklə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, torpaq, Vətən sevgilərinin daha da artırılması əsas hədəflərdən idi. Tarixi Zəfərimizi, eyni zamanda, bu qələbəyə gedən yolun başlanğıcı olan Aprel döyüşlərində zəfəri şərtləndirən amillər sırasında gənclərimizin torpaq, Vətən sevgisi xüsusi qeyd edilir.
Bu gün bu fikri böyük inamla və fəxr hissi ilə qeyd edirik ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində tarix yazan gənclər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir. Milli ruhda tərbiyə alan Azərbaycan gəncləri həm ön, həm də arxa cəbhədə qəhrəmanlıqları ilə seçildilər. Bu çağırış bu gün də aktuallığını qoruyur- Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Dövlət başçısı bu mühüm məqamı da xüsusi vurğulayır ki, vətənpərvərlik hissləri ön planda olmalıdır. İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyəsi işində əsas rol oynamalıdır.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. «Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq» söyləyən dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində gənclərin vətənpərvərlik hissinin artırılması dayanır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə də bu mühüm məqama xüsusi diqqət yönəltmişdir: «Aprel döyüşlərində hərbçilərimiz qəhrəmanlıq göstərdilər. Şəhid hərbçilərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq. Eyni zamanda, döyüşlərdən sonra hərbi hospitalda yaralı hərbçilərə baş çəkərkən gördüm ki, onlarda nə qədər böyük Vətən sevgisi var. Ağır, yaralı vəziyyətdə olmalarına baxmayaraq deyirdilər ki, bizim arzumuz tezliklə sağalıb yenə də cəbhə bölgəsinə getməkdir. Bax, budur bu gün Azərbaycan gənci, Azərbaycan vətəndaşı, onun düşüncəsi, onun əqidəsi və Vətənə olan sevgisi. Bizim ölkəmizi gücləndirən əsas amillər bunlardır.»
30 ilin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik və «artıq yetər» deyib torpaqlarımızın işğaldan azad edilməsi uğrunda silaha sarıldıq. «Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən Prezident İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, şəhərlərimiz əsarət altında nə qədər qalacaqdı?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!
Cənab İlham Əliyev tarixə 2020-ci ilin Müzəffər Sərkərdəsi, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar, tarixi Zəfəri bir daha təsdiqlədi ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında dünya bir daha bu reallığı qəbul etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi nəticəsində 300-ə qədər yaşayış məntəqəmiz, 5 qəsəbə, 6 şəhər işğaldan azad edildi. Üç rayonu- Ağdam, Kəlbəcər və Laçını isə düşməni məcbur edərək qaytardıq. Artıq yeni yazılan tariximizdə torpaqlarımızın işğaldan azad olunduğu tarixlər yer alıb. 30 il torpaqlarımızın işğal günləri yaxınlaşdıqca mənəvi sarsıntı keçirir, bu nisgilin nə zaman başa çatacağını gözləyir, içimiz torpaq həsrəti ilə göynəyirdi. Artıq bu sıxıntılar arxada qaldı.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Dövlət başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi ilə bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. Həmin sənəddə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd ediləcək.
Bu çağırış daim səsləndirilir ki, Azərbaycan gənci tariximizi yaxşı bilməlidir. Hələ bundan sonra da müharibəni şərtləndirən amillər, Azərbaycanın hərb təcrübəsi ilə bağlı kitablar yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsillər bu tariximizlə qürur duyaraq artıq torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü qeyd edəcəklər. Azərbaycan zəngin tarixi, mədəniyyəti ilə hər zaman diqqət mərkəzində olub. Baxmayaraq ki, tariximiz şanlı səhifələri ilə yanaşı, faciəli anları ilə də doludur. Bu günün əsas tələbi məhz gəncləri keçmişi öyrənmələri fonunda gələcəyə inamla irəliləmələridir. Mübaligəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan gənclərdir. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Belə vətənpərvər, qəhrəman gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır!

