Cəmiyyət 

Aprel döyüşləri: Zəfər yolumuza işıq salan savaş

Azərbaycanın Silahlı Qüvvələrinin uğurlu əməliyyatlarından olan dördgünlük müharibə xalqımızın qəhrəmanlıq tarixinin önəmli səhifələrindəndir

Böyük Zəfərin başlanğıcı hesab edilən Aprel döyüşlərindən yeddi il ötsə də, şanlı Qarabağ salnaməsinin ilk səhifələrinin yazıldığı bu dövrü böyük qürur və sevinc hissləri ilə xatırlayır, qəhrəman şəhidlərimizi dərin ehtiramla anırıq.

2016-ci ilin aprelin 2-nə keçən gecə Ermənistan silahlı birləşmələri Azərbaycanın ön xətt mövqelərini və yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə tutmağa başladı. Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ordumuz mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində dərhal cavab tədbirləri həyata keçirməyə başladı. Ordumuz qısa müddətdə surətli əks-hücum əməliyyatları nəticəsində düşmənin illərdən bəri möhkəmləndirdiyi istehkamları, müdafiə xətlərini yara bildi. Uzun illər düşmən cəbhə xəttində mühəndis istehkam baxımından dayanıqlı müdafiə xətti hazırlamışdı. Bu istehkam xətlərinin yarılması düşmənə ağır zərbə oldu. Əməliyyatlar zamanı düşmənin Ağdərə, Suqovuşan və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri ordumuz tərəfindən zərərsizləşdirildi. Bütün bunlar ordumuzun yüksək döyüş hazırlığında olduğunun göstəricisi idi. Silahlı Qüvvələrimizin düşmənin mövqelərinə ard-arda vurduğu zərbələr, kəşfiyyatçılarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi, cənubda isə Horadiz qəsəbəsi və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm əlverişli ərazilər düşməndən azad edildi. Azad olunmuş ərazilərdə ordumuzun yeni mövqeləri yerləşdirildi. Surətli əks –hücum əməliyyatları zamanı ordumuz Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndini, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yüksək strateji əhəmiyyətli məntəqələri düşməndən tamamilə təmizlədi. Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini düşmən tapdağından azad etdi, həmçinin min hektardan çox ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Aprelin 1-dən 5-nə qədər davam edən bu döyüşlərdə ordumuz düşmənin 30-dan çox tankını, 25-dən çox artilleriya qurğusunu, saysız-hesabsız zirehli texnikasını sıradan çıxartdı. Düşmənin 300-dən çox hərbçisi məhv edildi, 500-dən çox hərbçisi yaralandı. Bu, ordumuzun uzun illərdən sonra qazandığı ilk qələbə idi. Düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində “məğlubedilməz erməni ordusu” mifi dağıdıldı.

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.

Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. 2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirildi.

Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Aprel döyüşləri o zaman status-kvonun qəbuledilməzliyini qətiyyətlə ifadə edən Azərbaycanın düşmənə layiqli cavab vermək əzmində və iqtidarında olduğunu göstərdi. Aprel döyüşlərinin nəticələri Ermənistan cəmiyyətinə də təsirsiz ötüşmədi və əhali arasında onsuz da etimadını itirməkdə olan Serj Sarkisyan hakimiyyətinin dayaqları daha da zəiflədi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu ki, bu fonda da Serj Sarkisyan hakimiyyətini itirdi. Düzdür, onu əvəz edən Nikol Paşinyan bir müddət danışıqlarla bağlı imitasiya etdi. Lakin sonda o da “Qarabağ Ermənistandır” sərsəmləməsi ilə erməni kimliyini, işğalçı xislətini büruzə verməli oldu. «Qarabağ Ermənistandır» deməklə xarici ölkələrdən gətirilmiş terrorçulara, muzdlu döyüşçülərə arxalanan işğalçı ölkənin baş naziri Nikol Paşinyan faktiki olaraq danışıqlara son qoyduğunu zənn etsə də qarşısında gücü, silah- sürsatla, döyüş texnikası ilə təminatı daha artıq olan Azərbaycanın nəyə qadir olduğunu unutdu.

2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədən Paşinyan hakimiyyəti əlavə torpaq işğal etmək istədi. Amma Azərbaycan Silahlı Qüvvələri onları yerinə oturtdu. Avqust ayında Ermənistan təkrar olaraq Azərbaycana silahlı terrorçulardan ibarət dəstələr göndərdi. O diversiya qrupu da zərərsizləşdirildi. Oyuncaq Hayastanın hərbi- siyasi rəhbərliyi 2020-ci ilin 27 sentyabrında növbəti təxribatı ilə özünə quyu qazdı. Silahlı Qüvvələrimiz 44 gün davam edən İkinci Qarabağ müharibəsində hər gün irəli gedərək ermənilər üçün keçilməz sədlər, istehkamlar quran Fransa kimi havadarına da tarixi dərs verdi. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimiz azad edildi. Azərbaycanın əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdilər. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalı rayonunun bir hissəsi, Murovdağ silsiləsi qısa müddətdə Azərbaycanın nəzarətinə keçdi. Həmin ilin noyabr ayının 8-də Şuşa şəhərinin azad edilməsi isə Zəfər tariximizin şərəf salnaməsi oldu. Hərbi qüdrəti ilə düşmənə qalib gələn Azərbaycanın diplomatik səyləri ilə Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan düşməndən azad edildi. Beləliklə, 30 ilə yaxın ölkəmizə qarşı ikili standartlarla yanaşanların ermənipərəst iddialarının, artıq tarixin arxivinə atılan «Dağlıq Qarabağ münaqişəsi»nin hərbi həlli yoxdur» sözlərinin də üstündən qırmızı xətt çəkildi. Azərbaycanı işğal faktı ilə razılaşmağa çalışanlara, «nə hərb, nə sülh» kimi loyal prinsipləri ilə erməniləri dəstəkləyənlərə diplomatik mesajlar çatdırıldı. Müharibəni döyüş meydanında, siyasi müstəvidə qazanan, BMT-də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı qəbul etdikləri, illərlə həllini gözləyən bəyanatların şərtlərini öz gücünə, ədalətlə həll etdi.  Azərbaycan Ordusunun şanlı Aprel qələbəsindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional təhlükəsizlik üçün ciddi təhdiddir. Aprel döyüşlərindən 4 il sonra Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalətin bərpası təmin edildi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, Liderimizin qalib dövlətin başçısı kimi imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Ermənistan üçün biabırçı kapitulyasiya aktı oldu.

İstər Aprel döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsi tariximizin şanlı qürur səhifəsi, iftixar mənbəyidir. Aprel döyüşləri ilə formalaşmağa başlayan və 44 günlük Vətən müharibəsində özünü tam büruzə verən yeni geosiyasi reallıqlar Azərbaycanın regionda söz sahibi olaraq mövqeyini daha da möhkəmləndirdi. Əminik ki, dövlətimiz bölgədə sülh, tərəqqi və təhlükəsizliyin təmin olunması və gücləndirilməsi naminə haqq mübarizəsini bundan sonra da böyük siyasi iradə və qətiyyətlə davam etdirərək qarşısına qoyduğu bütün hədəflərə nail olacaqdır. Bu gün də ordumuz Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin keşiyindədir və bundan sonra da bütün təhdidlərə eyni qətiyyətlə cavab verəcək. Bu gün Azərbaycan xalqı təkcə Aprel döyüşlərinin iştirakçıları ilə deyil, özünün bütün qəhrəman oğulları, müqəddəs şə­hidləri ilə fəxr edir, onların xatirəsini uca tutur. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa və cansağlığı arzulayırıq.

Daha çox xəbərlər