Cəmiyyət 

Vətən yolunda ölmək şərəfi

Ehtiram Həsən oğlu Hüseynli  İkinci Qarabağ müharibəsində  ürəkdən bağlandığı  Vətəninin torpağına, daşına qurban deyib canından keçdi.  Məhz buna görə də ölümü həyat qədər dəyərli oldu.  Qanı bahasına sevdalandığı Vətəni yaşatmaqla  ömrünün 43-cü ilində  adı  Azərbaycanın  yeni, şanlı tarixinə yazıldı. Beləcə, xalqın, qeyrətli  oğlu torpağa gömülmədi,  milyonların  könlünə köç etməklə əbədiyyət dünyasına qovuşdu.

1977-ci il  aprel ayının 17-də Lənkəran şəhərində anadan olan Ehtiram Hüseynli saf, müqəddəs arzuların qanadında gələcəyə  yol alır.   Xalqına, Vətəninə layiqli vətəndaş, bu  dünyanın ən yaxı insanı olmaq üçün   Lənkəran şəhər  6 saylı tam orta məktəbində  oxuyub öyrənməkdən doymur. Nəticədə 1994-cü ildə orta təhsilini  başa vuranda sağlam düşüncəsi, savadı, yüksək insanı keyfiyyətləri  ilə el-obada tanınır, sevilir.

Ehtiram  həyatının   ən qaynar çağlarına  Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetdə başlayır. Ali məktəbin  İlkin hərbi və fiziki təlim fakültəsinin tələbəsi olur. Mədəniyyəti, etikası, millətinin xoş gələcəyi naminə öyrənmək həvəsi, sevdiyi peşəsinə  məhəbbəti  tələbə Ehtirama  uğur gətirir. 1998-ci ildə universiteti leytenant rütbəsi ilə başa vurub doğma təhsil ocağı olan Lənkəran şəhər  6 saylı tam orta məktəbində hərbi müəllimi kimi pedaqoji fəaliyyətinə başlayır.

Gənc müəllim ilk gündən şagirdlərin qarşısına  ürəklə çıxır. Təmiz, ədalətli, namuslu  fəaliyyəti  işıqlı gələcəyə doğru yollar açır. Lənkəranlıların gözündə öz sənətini ürəkdən sevən, Vətənə, torpağa bağlı, xalq üçün yaşamağı bacaran ziyalı  kimi ucalan Ehtiram müəllim 2 ildən sonra könüllü olaraq hərbi xidmətə  yollanır. Naxçıvan Muxtar Respublikasının Böyük Soyuq adlanan ərazisində adına can dediyi, canından artıq sevdiyi doğma Azərbaycanın   keşiyində dayanır. 2 illik ordu həyatında ona ləyaqətlə xidmət edir. Ən  əsas əməlləri, əsgərlərə qarşı xoş rəftarı  nümunə olur. 2002-ci ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə qalxır. Hərbi xidməti bitirib yenidən iş yerinə qayıdır.  Müəllimlik peşəsini  davam  edir.  23 il Lənkəran şəhər 6 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlığı fənnindən dərs deyir. Gənc nəslin təlim-tərbiyəsi,   sağlam, vətənpərvər böyüməsi  Ehtiram  müəllimin həyat  amalın çevrilir.

Bütün  bunlarla  bərbər Ehtiram müəllim həmişə  Vətən torpaqların  erməni  faşistlərinin tərəfindən işğalına qarşı barışmaz mövqe tutur və döyüş əmrinin verilməsini  gözləyir. İkinci Qarabağ müharibəsi başlanan  kimi əyninə cəngavər libasını geyinib  tabor komandiri vəzifəsində döyüş meydanına girir.  Dəfələrlə dığaların atəş nöqtələrini susdurur, yağının çoxlu canlı qüvvəsini məhv edir. Hər qələbəyə ürəkdən sevinir, düşmənə qarşı nifrəti  daha da alovlanır. Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən şiddətli döyüşlərdə  göstərdiyi  şücaətlə ad-san çıxardır. Baş leytenant 21 oktyabrda  Qubadlı uğrunda gedən  haqq savaşımızın  da  qəhrəmanı olur. Vətənin qeyrətini canından üstün tutan igid komandir son damla  qanına qədər vuruşub  burada şəhadətə  qovuşur.

Şərəfli ölümü Vətəninə,  millətinə başucalığı gətirən  Ehtiram   Hüseynli  “Vətən uğrunda”, Cəbrayılın və Zəngilanın  azadlığına görə medalları  ilə təltif olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər