Azərbaycan xalqının seçimi
Tarixə nəzər salsaq, görərik ki, bəzən xalqların, ölkələrin tarixində elə önəmli dövr olur ki, mütləq çevik siyasi addımlar atmaq hər şeydən vacib olur. Belə vacib məqamlarda ölkə rəhbərliyi öz iradəsini ortaya qoyur, xalq da yekdilliklə onu dəstəkləyir. Bizim tariximizdə belə nümunələr kifayət qədərdir.
1990-cı illər ictimai-siyasi hadisələrlə dolu olan, xalqımızın dəfələrlə zamanın sınağından keçdiyi dövrdür. Elə bu çətin və məşəqqətli zamanda xalqın iradəsi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə qədər öz dəyərli ömrünü Azərbaycan xalqının gələcəyinə sərf etdi. Onun siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizə tarixi uğurlar qazandırır.
Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkiləri keçirildi. Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.
11 aprel 2018-ci ildə seçki baş tutdu. Bu dəfə də cənab İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçicilərin 86,02 faizi cənab İlham Əliyevə etimad göstərmişdilər. Azərbaycan xalqının iradəsini əks etdirən seçkinin nəticələri bir daha sübut etdi ki, vətəndaşlar dövlətin gələcək inkişafını məhz Prezident İlham Əliyevin hakimiyyətdə qalmasında görür. Azərbaycan xalqı real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə və təhlükəsizliyə səs verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirildi. Andiçmə mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu bildirərək son illərdə görülən işləri belə ifadə etdi: “Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir” .
Cənab İlham Əliyev bir daha qəti fikrini bildirdi: “Biz… istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”. Ümummilli lider Heydər Əliyev də həmişə çıxışlarında bu fikri ifadə etmişdir. Demək, Heydər Əliyev ideyalarının davamçısı olan cənab Prezidentimiz artıq görəcəyi işləri müəyyənləşdirmişdir.
Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi.
2016-cı il aprel döyüşləri ordumuzun gücünü bir daha dünyaya sübut etmişdi, lakin hələ də torpaqlarımzın qalan qismi düşmən tapdağında idi. Nəhayət, gözlənilən gün gəlib çatdı. Rəşadətli Azərbaycan ordusu düşmən təxribatının qarşısını almaq niyyətilə əks-hücüm əməliyyatına başladı. 44 gün ərzində Qarabağ azad edildi. Cənab İlham Əliyevin bir cümləsi şüara çevrildi: “Qarabağ Azərbaycandır!” Hər yerdə bu şüar səslənib xalqımızın əzminin, iradəsinin ifadəsinə çevrildi.
İndi hamı vaxtilə verilən qərarların nə qədər doğru olduğunu görmüş oldu. Xalq cənab İlham Əliyevi dəstəkləməyinin mükafatını bu gün almaqdadır. Çünki məhz cənab İlham Əliyevin iradəsi, güclü siyasi strategiyası sayəsində Qarabağ torpaqları azad edildi. Xalqımızın otuz illik həsrətinə son qoyuldu. Bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda quruculuq işləri davam etdirilir. Hava limanları, turizm obyektləri, dövlət əhəmiyyətli binalar, məktəblər, bağçalar, evlər tikilməkdədir. Vaxtilə 2016-cı il aprel döyüşlərinin getdiyi Talış və Suqovuşanda indi sürətli tikinti işləri davam edir və əhali Talış kəndinə köçürülür. Bu bizim qələbəmizin, gücümüzün göstəricisidir. Bu gücü bizə bəxş edən cənab Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusudur.
Günel Səmədova,
YAP Xətai rayon təşkilatının “P. Həşimov 34” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

