Cəmiyyət 

Xeyirxahlıq, şəfqət, və mərhəmət duyğularının təntənəsi: Ramazan bayramınız mübarək!

Xalqımız bolluq və bərəkət rəmzi olan bu bayramı böyük sevinc hissi ilə qeyd edir

On bir ayın sultanı Ramazan ayı başa çatır. Ölkəmizdə aprelin 21, 22-si Ramazan bayramı günləridir.

Ramazan mədəni maarifləndirmə, həmrəylik, mədəniyyəti bölüşmək, səbir, mədəniyyətlərarası dialoqun təşviqi ayı sayılır. Müsəlmanlar bu müqəddəs ayın son günlərini Ramazan bayramı kimi qeyd edirlər. Sevindirici haldır ki, mübarək Ramazan ayı bu il müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsinə təsadüf edir.

Prezident İlham Əliyev hər il olduğu kimi, bu il də Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı aprelin 19-da xalqımıza ünvanladığı təbrikində bu mübarək bayram münasibətilə bir daha hər bir vətəndaşımıza və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi arzularını və istəklərini çatdırır, xalqımıza xoşbəxtlik, süfrələrinə xeyir-bərəkət arzulayıb.

Aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı ərəfəsində “Cümə” məscidinin açılışında iştirak etmələri həm də rəmzi məna kəsb edir. Bu gün multikultural ənənələri, tolerant mühiti, İslam dünyası daxilində həmrəyliyin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımları qlobal miqyasda maraqla qarşılanan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dini abidələrinin qorunmasına xüsusi diqqətlə yanaşılır. Son dövrlərdə yeni məscidlərin tikilməsi və ya əsaslı təmiri də bu yanaşmanın təzahürüdür. Burada yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Bu istiqamətdə görülən işlərə Heydər Əliyev Fondu da sanballı töhfələr verib. Bu məsciddə aparılan əsaslı təmir və yenidənqurma işləri də ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

Xalqımız Allah yolunda hər bir fədakarlığa hazır olduğunu nümayiş etdirdiyi kimi, İkinci Qarabağ müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli-dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anaları, ataları öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Ramazan bayramı Allah yolunda, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın dualarının qəbul olunduğunun göstəricisidir.

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Xalqımız bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə dualar edir, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla anır.

Oruc və ibadətlərinin Allah dərgahında qəbul olunması diləyi ilə xalqımıza möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayırıq!

Ramazan bayramınız mübarək olsun!

Daha çox xəbərlər