Gündəm 

Ölkə başçısının növbəti humanist addımı

İnsan hüquqları  hər bir demokratik dövlətin prioritet məsələsidir.  Müstəqil Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin  ali məqsədlərindən biridir.

Bu sahədə hüquqi bazanın yaradılması  müstəqil dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.  Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Ölkəmizdə həmin vaxtdan başlayaraq, ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquq islahatı, həmçinin onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatı həyata keçirilməyə başlanılmışdır.  Xüsusi ilə qeyd etmək lazımdır ki, ölüm hökmünün ləğvi, əfv institutunun tətbiqi və digər mühüm addımlar həm beynəlxalq təşkilatlar, həm hüquq müdafiəçiləri, həm də xalqımız tərəfindən  yüksək qiymətləndirilir.  Əfv sərəncamı hər il qəbul olunmaqla, yüzlərlə, minlərlə insanın azadlığa qovuşmasına səbəb olur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu humanist hadisə ənənə halına çevrilmişdir. Qeyd etmək lazımdır ki, hazırkı dövrə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanmışdır.

Ölkə başçısı İlham Əliyevin budəfəki Əfv Sərənacmı digərlərindən sayına, tərkibinə və kəmiyyətinə görə daha geniş oldu. Azərbaycanın tarixində ilk dəfə 801 nəfər əfv siyahısına düşdü. Bunlardan 463 nəfəri azadlıqdan məhrum edilmiş şəxslərdir. 220 nəfəri çəkilməmiş cəzalarının yarısından azad edildi. Bu gün 801 nəfər deyil, onların qohumları və yaxınları daxil olmaqla minlərlə insan sevindi.

Ulu Öndərin 100 illiyi ərəfəsində  belə bir qərarın qəbul edilməsi  Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, görkəmli  dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həmişəyaşar əziz xatirəsinə olan  dərin hörmət və ehtiramdan irəli gəlir. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsini,  humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirilməsinin bariz nümunəsidir.  Bu, humanist addım, azad olunacaq, əfv  ediləcək şəxslərə yaxşı və rəvan həyat qurmaq üçün,  bir vətəndaş kimi ölkəmizin inkişafına öz töhfələrini vermək üçün  yeni imkan yaradır. İnanırıq ki, onlar bu fürsətdən  səmərəli istifadə edəcəklər.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Daha çox xəbərlər