Dünya 

Dünya nüvə təhlükəsində – “Vaşinqton Post”

“Vaşinqton Post” qəzetində “Nüvə təhlükəsi yenə artır. ABŞ necə davranmalıdır?” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az məqaləni ingiliscədən çevirib təqdim edir.

Dünya yeni nüvə riskləri dövrünə sürüklənir. Bu dövrün əsas xüsusiyyəti ondadır ki, fəlakətə təsadüflər, yanlış hesablamalar səbəb ola bilər.

1990-cı illərdə nüvə dövlətləri silahlanmaya, silahların yayılmasına nəzarəti gücləndirməklə nüvə başlıqlarının sayının azaldılmasına nail olmuşdu. Həmçinin anbarlarda saxlanan hissələrin təhlükə doğurmayacağı zəmanət altına alınmışdı. İndi bütün bu nailiyyətlər havaya sovrulur.

1990-cı illərin uğurunu yerə vuran sonuncu addım 2023-cü il mayın 25-də atılıb. Həmin gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə belaruslu həmkarı Viktor Xrenlə saziş imzalayıb. Saziş Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirməsini nəzərdə tutur.

Taktiki nüvə silahında nüvə başlığı uzaqmənzilli, qitələrarası raketlərə deyil, təxminən artilleriya mərmisi kimi yaxın məsafəni vura biləcək raketlərə bərkidilir.

Rusiyanın taktiki nüvə silahlarını Belarusda nə vaxt yerləşdirəcəyi bilinmir. Amma razılaşmanı 2022-ci ilin fevralından Ukraynada total müharibə aparan Rusiya prezidenti Vladimir Putinin hələlik son hərbə-zorbası kimi qiymətləndirmək mümkündür.

Nazirlər saziş imzalamazdan bir qədər əvvəl Putin demişdi ki, iyulun 1-dək Belarusda tam hazır vəziyyətə gətirilmiş nüvə obyektləri olacaq, həmin obyektlərə Moskva nəzarət edəcək.

ABŞ-ın beş NATO ölkəsindəki altı bazada 100-ə yaxın taktiki nüvə silahı var.

Belarus 30 il əvvəl nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşularaq nüvəsiz dövlətə çevrilmək niyyətini bəyan edib. 1993-cü ilin may ayına qədər Belarus Sovet İttifaqından qalma taktiki nüvə silahlarının hamısını Rusiyaya təhvil verib. Sonrakı üç ildə isə 81 ədəd nüvə başlıqlı qitələrarası (strateji) raket Belarus ərazisindən çıxarılaraq Rusiyaya aparılıb.

Son proseslər tarixin bu gedişatını dəyişir. Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirərsə, bu, Minski mümkün nüvə münaqişəsi zamanı həm raketlərin havaya buraxıldığı məkana, həm də cavab zərbələrinin hədəfinə çevirir. Yeni nüvə razılaşması eyni zamanda öz ölkəsində demokratik hərəkatı axıracan boğmağa çalışan Belarus diktatoru Aleksandr Lukaşenkonun Moskvaya Minskə nəzarət imkanlarını genişləndirmək fürsəti verməsi deməkdir.

Nüvə təhlükəsi başqa yerlərdə də artır. Putinin əleyhinə olan silahlı qruplaşmalar vaxtaşırı Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinə hücumlar edir. Bu hücumların çox detalı bəlli deyil. Bəlli olan odur ki, Belqorodda Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı saxlanan mərkəzi anbarı var. Qərb müşahidəçiləri döyüşlərin həmin anbara təsiri olub-olmadığını bilmirlər. Lakin belə bir anbarın yaxınlığında döyüşlərin baş verməsi ciddi narahatlıq doğurur.

Rusiya-Ukrayna müharibəsi başlanandan Zaporojye Atom Elektrik Stansiyasında yeddi dəfə elektrik enerjisi kəsilib. Sonuncu belə hadisə 2023-cü il mayın 22-də olub. Zaporojye stansiyası Avropa məkanında ən böyük atom elektrik stansiyasıdır. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri bu stansiyada durumun son dərəcə həssas məqama çatdığı barədə xəbərdarlıq edib. Stansiyanın altı reaktorunun fəaliyyəti dayandırılıb. Ancaq həmin reaktorların soyuması üçün fasiləsiz enerji enerjisi lazımdır. Ukraynadakı dörd atom elektrik stansiyasının hamısına cavabdeh olan dövlət şirkətinin (“Enerqoatom”) rəsmiləri 22 may hadisəsini Rusiyanın açdığı atəşlə əlaqələndirib. Həmin gün baş vermiş enerji fasiləsi stansiyanın nüvə və ya radiasiya qəzası astanasında olduğu barədə həyəcan təbilinin çalınması ilə nəticələnib.

Nüvə fəlakəti təhlükəsini xeyli dərəcədə sovuşdura bilmiş, “soyuq müharibə” dövrünün sonlarına yaxın – 1987-ci ildə ABŞ-la SSRİ arasında imzalanmış, topa-topa nüvə raketinin məhvi ilə nəticələnmiş orta və yaxın mənzilli raketlərin ləğvinə dair razılaşma da artıq mövcud deyil, Rusiyanın bu müqavilədən sui-istifadə etməsi 2019-cu ildə ABŞ prezidenti Donald Trampın razılaşmanı geri götürməsi ilə nəticələnib.

2023-cü il fevralın 21-də isə Putin Rusiyanın strateji hücum silahlarını məhdudlaşdıran sazişdə iştirakını dayandırdığını elan edib. Bu, ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarətlə bağlı qüvvəsini saxlamış son saziş idi.

Digər tərəfdən Çin nüvə arsenalını sürətlə genişləndirməyə, Rusiya və ABŞ-ın nail olduğu strateji səviyyəyə çatdırmağa çalışır, ona görə nüvə silahları ilə bağlı danışıqlara girməkdən imtina edir. Bu isə silah yarışına üçüncü tərəfin qoşulması, yarışın daha mürəkkəb xarakter alması deməkdir.

“Soyuq müharibə” başa çatandan sonra nüvə münaqişəsi keçmişdə qalan bir təhlükə kimi görünürdü. Lakin hazırda beynəlxalq gərginliyin artması, özü ilə bərabər nüvə gərginliyini də artırması, nüvə arsenallarının genişlənməsi günün birində hər hansı yanlış qərarın, yaxud anlaşılmazlığın fəlakətə gətirib çıxara biləcəyi riskini çoxaldır.

ABŞ bu riski minimuma endirmək səylərini davam etdirməlidir. Qərb indi Ukrayna müharibəsi imkan verdiyi qədər Rusiya ilə danışıqları bərpa etməyi planlaşdırmalı, eyni zamanda Çini danışıqlar masasına oturtmağın yolunu axtarıb tapmalıdır. Hər kəs, o cümlədən Rusiya və ABŞ məsələyə diqqətlə yanaşmalıdır. Nüvə fəlakəti baş verməz deyib arxayınlaşmaq qətiyyən olmaz.

Daha çox xəbərlər