Gündəm 

Pensiya ilə bağlı yeni imkanlar yaradılır – Bu, vətəndaşlara nə verəcək?

Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsi daim gündəmdə müzakirə olunan məsələlərdən biridir. Dünya praktikasına nəzər salsaq özəl pensiya fondlarının uğurlu fəaliyyətinin şahidi ola bilərik. Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür. Bəs özəl pensiya fondları ölkəmizdə nə qədər uğurlu olacaq?

Millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı Publika.az-a açıqlamasında vurğulayıb ki, özəl pensiya fondlarının yaradılması daim müzakirə edilən məsələlərdən biridir:

“Əvvəllər də özəl pensiya fondlarının yaradılmasına cəhdlər olub. Hətta beynəlxalq maliyyə qurumları ilə bu istiqamətdə əməkdaşlıq da təşkil olunmuşdu. Etiraf etmək lazımdır ki, bu proses qısa müddətdə reallaşmayacaq. Burada bir tərəfdən yeni mexanizmin formallaşdırılmasına ehtiyac var. Digər tərəfdən isə qanunvericilik bazası möhkəmlənməlidir. Eyni zamanda vətəndaşların bu fonddan istifadəsi üçün marağı artırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, hökumətdə müzakirələr intensivləşib”.

Deputat bildirib ki, bu gün ölkəmizdə özəl pensiya fondlarının yaradılması istiqamətində daha real addımlar atılır:

“Yeni paketin qanunvericilik bazasında möhkəmləndirmək baxımından Milli Məclisə təqdim edilməsi gözlənilir. Lakin bu proses zaman alacaq. Belə bir fondun yaradılması vətəndaşlarımız üçün alternativ yığım və pensiya yaşı tamam olanda iki mənbədən məbləğ ala biləcəyinə dəlalət yaradır. Təbii ki, inkişaf etmiş ölkələrdə belə bütün vətəndaşlar özəl fonddan istifadə etmir. Bütün hallarda azacıq artıq ödəmək imkanı olan vətəndaşı özəl pensiya fonduna yönəltmək lazımıdır. Beləliklə, həmin şəxsin gələcəkdə daha çox pensiya almaq imkanı olacaq. Həmçinin, fondun yaradılması vətəndaşlarımız üçün yeni imkan ola bilər”.

Daha çox xəbərlər