Hayların yerini dəyişəndə…
Azərbaycanın ərazilərinin işğalında və dinc əhaliyə qarşı etnik təmizləmədə fəal iştirak etmiş “Daşnaksütyun” fraksiyasının üzvü David İşxanyan Xankəndidəki qondarma rejimin “parlamentinin” yeni sədri kimi fəaliyyətə başlayıb. Elə “işə” başladığı gündən o, Qarabağ ermənilərinin müstəqillik hüququnun reallaşması, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmaması uğrunda mübarizədə daha amansız olacağını bildirib. Üstəlik vurğulayıb ki, qanunsuz “ordunu” buraxmaq fikrində deyil. Şübhəsiz, terrorçudan bundan artıq nəsə gözləmək sadəlövhlük olardı. Bu mənada əli soydaşlarımızın qanına bulaşmış cəlladın qondarma qurumun qondarma parlamentinin spikeri seçilməsi bölgədə sülhün və sabitliyin təminatı üçün yaxşı heç nə vəd etmir.
Deyirlər ki, vuruqların yerini dəyişəndə hasil, toplananların yerini dəyişəndə isə cəm dəyişmir. Bu aksiomu “hayların yerini dəyişəndə heç nə dəyişmir” kimi də təqdim etmək olar. Məgər Ter-Petrosyandan sonra hakimiyyətə gələn Robert Koçəryandan, Serjik Sarkisyandan, Nikol Paşinyandan sonra nəsə dəyişdimi? Onlar öz sələfləri kimi Azərbaycana qarşı təcavüzkar siyasətlərini davam etdirmədilərmi? Bu mənada David İşxanyan elə özündən əvvəlki “sədrin”, yəni Artur Tovmasyanın tayıdır. Bəli, “parlamentin” yeni “spikeri” qan-qan deyir.
Rusiyanın məşhur kuklası, Qarabağdakı separatçı dəstənin sabiq “dövlət naziri” Ruben Vardanyanın da dəstəklədiyi David İşxanyanın bu “cəsarətini” təqdir edənlər də var. Belə ki, həmişə öz millətini qana, fəlakətə sürükləməkdən ləzzət alan Ermənistan katolikosu I Aram David İşxanyanın “sədr” kimi fəaliyyətə başlamasını o ki var alqışlayıb. Hətta ona bir neçə “tövsiyə”, üstəlik “xeyir-dua” da verib. Bildirib ki, bir “spiker” kimi qarşınızda ciddi vəzifələr durur: “Əminik ki, siz “artsax”ın müstəqilliyinə yönəlmiş bütün təhdidlərə güclü qətiyyət və tədbirlilik ruhu ilə cavab verəcəksiniz”. Bu, onun əyani göstəricisidir ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, etnik təmizləməni alqışlamış erməni kilsəsi bu gün də düşmənçiliyi, nifrəti, revanşizmi təşviq etməkdədir.
Qeyd edək ki, 44 günlük müharibədən sonra İşxanyan qondarma rejimin qondarma “prezidenti”, əsas rəqibi Araik Arutyunyanın istefasını tələb edənlərdən biri olub. O, “parlament”in sədri seçilməklə Araikin, əgər belə demək mümkünsə, boğazını üzməyə lap yaxınlaşıb. Bəli, hazırda İşxanyan qondarm rejimin ikinci şəxsidir. Araik istefaya gedəcəyi və ya səlahiyyətlərini həyata keçirə bilməyəcəyi təqdirdə İşxanyan onu əvəz etmək iqtidarındadır. Amma onun “hakimiyyətin” zirvəsinə yaxınlaşması bizə heç nə vəd etmir. Çünki bu kimi faktorlar bölgədə vəziyyətin daha da kəskinləşməsinə, sülhlə bağlı dialoq imkanlarının, həmçinin reinteqrasiya prosesinin ləngidilməsinə öz mənfi təsirni göstərəcək.
Artıq neçə gündür ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya hərbçilərinin nəzarəti altında olan ərazilərdə qanunsuz silahlı birləşmələrin və Ermənistan silahlı qüvvələrinin bölgədəki tör-töküntülərinin hərbi toqquşma yaratmaq planları barədə bəyanatlar verir. Üstəlik, Xankəndidəki rejim əraziləri yenidən minalamağa başlayıb. Bu kimi məsələlərdə İşxanyanın daha çox canfəşanlıq etdiyi söylənilir. Belə planlar isə Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən dövlətlər üçün əlverişlidir. Görünür, elə hayların məqsədi də budur. Kim bilir, bəlkə də “spiker” dəyişikliyi elə bu niyyətlə həyata keçirilib. Halbuki Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonundakı erməni icmasına müraciətində cinayətkar rejimin başçısını təslim olmağa, qondarma “parlamenti” və “deputat”ları özlərini buraxmağa çağırmış, bu halda onlara amnistiya şamil edilməsinin mümkün ola biləcəyini vurğulamışdı. Amma terrorçu İşxanyanın uydurma “parlamentin” “sədri” postuna gətirilməsi ermənilərin bu şansı qaçırdığını deməyə əsas verir.
Şübhəsiz, David İşxanyanın da köpü alınacaq. Bunu lap əminliklə demək olar. Çünki bizim “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən Prezidentimiz var. Bu fikirlərin təsdiqini bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən 2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında gördük. Əminik ki, Ali Baş Komandanın göstərişləri, düzgün taktikaları sayəsində tezliklə Qarabağ iqtisadi rayonu bütün separatçılardan tamamilə təmizlənəcək və Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaq.

