Cəmiyyət 

Zəfərin zirvəsində: Ordumuzun hər gün artan gücü

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin etdi. Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı. Hazırda Azərbaycan Silahlı Qüvvələri sürətlə inkişaf edir və döyüş təcrübəsini daha da artırır. Hər ötən gün ordumuzun daha da güclənməsi deməkdir. Bu isə Azərbaycanla yanaşı, həm də bütün regionun təhlükəsizliyinə və tərəqqisinə xidmət edir.

Qüdrətli ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirib. Dövlətimizin başçısının diqqəti nəticəsində yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açıb. Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, bir çox hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi strateji əhəmiyyətə malikdir. Azərbaycan dövləti hazırda prosesi İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla yeni yanaşma əsasında davam etdirir. Həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, həm də yeni silahlı birləşmələr yaradılır. Komando Briqadasının yaradılması isə xüsusi qeyd edilməlidir. Silahlı Qüvvələrimizin Aprel döyüşlərində, Günnüt əməliyyatında və nəhayət, 44 günlük Vətən müharibəsində düşməni sarsıdıcı məğlubiyyətə uğratması həyata keçirilən uğurlu ordu quruculuğu siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bu tarixi nailiyyətlər, eyni zamanda, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qalib Azərbaycanın sarsılmaz qüdrətinin ifadəsidir.

Vətən müharibəsindən sonra  Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız dünyanın ən güclü orduları siyahısında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir.  Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Ali Baş Komandanın tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələri yaradılır. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Xüsusilə Ermənistanla dövlət sərhədində yeni hərbi hissələr yaradılır, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur. Bütövlükdə, orduda islahatlar kompleks xarakter daşıyır. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir.

İyulun 11-də  Azərbaycan Prezidenti İlham Əliyevin  sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı bildirib ki, Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir: “İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə”.

Postmüharibə dövründə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Hələ ötən ilin sonlarında parlamentdə qəbul olunan 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdu. Lakin hazırkı iyun ayında büdcəyə dəyişikliklərin edilməsi layihəsi müzakirəyə çıxarıldı və sözügedən sahə üzrə xərclər 1 milyard 105 milyon manat artırıldı.

Ordu quruculuğunda və onun inkişafında əməkdaşlıq məsələləri əsas yer tutur. Bu mənada qardaş Türkiyə ilə əməkdaşlıq ordumuzun daha çox inkişaf etməsinə mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq, hər iki ölkənin milli təhlükəsizliyinin gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması məqsədilə regionda həyata keçirilən ən əhəmiyyətli işlərdəndir. Bu əməkdaşlıq çərçivəsində iki ölkənin hərbi qüvvələri arasında müxtəlif təlim və tədbirlər təşkil olunur. Türkiyə hərbi təlimləri, Azərbaycan Ordusunun təlim və təkmilləşdirilməsi üçün vacib rol oynayır.

Qürurverici haldır ki, Ermənistanın Vətən müharibəsindən sonra mütəmadi olaraq törətdiyi təxribatların qarşısı qətiyyətlə alınır. Silahlı Qüvvələrimizin rəşadəti və hərbçilərimizin gücü bir daha sübut edir ki, Prezidentin dediyi kimi: “Dəmir yumruq yerindədir”. Əminik ki, “Dəmir yumruq” dövlətimizə və xalqımıza qarşı təxribat törətmək istəyənləri hər zaman əzəcək!

Daha çox xəbərlər