Gündəm 

Sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti…

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir

Azərbaycan Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində davamlı iqtisadi inkişafı ilə diqqətdədir. Yeni neft strategiyasının uğurları  bu gün Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında  özünün aydın ifadəsini tapır. 29 il bundan öncə  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. Gülüstan sarayında keçirilən imzalanma mərasimində çıxış edən  Ümummilli Lider Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini belə qeyd etmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.»  Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır ki, bunun da böyük əksəriyyətini neft-qaz sektoruna yatırılan xarici investisiyalar təşkil edir. Son 20 ilə yaxın dövrdə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması çağırışına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir, nəinki paytaxt Bakı, eyni zamanda, bölgələrimiz iqtisadi inkişafı ilə xarici investorların diqqətindədir.

Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır.  Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə  xalqa  müraciətində bu məqamı  xüsusi olaraq bildirmişdir: «Gəlin fərz edək ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan  səmərəli istifadə edəcəyik.»

1999-cu ildə  Dövlət Neft Fondunun yaradılması da Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman yer tutur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara böyük uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun şəkildə qurulması bu kimi problemlərin yaşanmamasına gətirib çıxarır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Bugünümüzün reallıqları Ümummilli Lider  Heydər Əliyevin «Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» tezisinin təsdiqidir.

Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində  daha bir tarixi saziş imzalanıb. 2017-ci ilin sentyabr ayının 14-də  Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Həmin sənədə əsasən, neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni sazişin imzalanması mərasimində “Əsrin kontraktı” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir» söyləyən dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki,  bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür: «Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə Ulu Öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.»

Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə, yeni layihələrin təşəbbüskarı kimi çıxış etməklə  yeni dostlar və tərəfdaşlar qazanır, birgə qəbul edilən qərarlar, göstərilən səylər nəticəsində gələcək əməkdaşlığın prioritetləri açıqlanır. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzlədikcə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu özünü qabarıq şəkildə büruzə verir.

Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Dövlətimizin xarici siyasətində Avropa ölkələri  ilə əməkdaşlıq, əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsasdır. Təkcə ötən il imzalanan və  dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə kimi dəyərləndirilən sənədlərə  diqqət yetirsək bunun bir daha şahidi olarıq. 2022-ci ilin iyul ayında Azərbaycan  Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə   Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Həmçinin ötən ilin oktyabr ayında  Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyevin bu mərasimə dəvət edilməsi, eyni zamanda, oradakı  çıxışı Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin bir daha nümayişi oldu.  Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyinə daim yeni əlavələr edir.  Bu ilin aprelində isə  dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı imzalanan «Bulgartransgaz» (Bolqarıstan), «Transgaz» (Rumıniya), FGSZ (Macarıstan) və «Eustream» (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” da bunun təsdiqidir. Həmin sənəd  Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. “Həmrəylik halqası” təşəbbüsü Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir,  eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verəcək.

Azərbaycan Avropanın nəinki enerji,  digər sahələrdə də  etibarlı tərəfdaşıdır. Yeni  Anlaşma Memorandumunun icra olunması  Avropanın  enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək  və Azərbaycan üçün  Avropa ölkələrinə daha çox  qaz ixrac  etməyə fürsət yaradacaq. O da məlumdur ki,  Avropa İttifaqının 9 üzv  dövləti ilə Azərbaycan «Strateji Tərəfdaşlıq haqqında» Bəyannamə imzalayıb,  digər sazişlərə imza atıb. Bu, o deməkdir ki,  Avropa İttifaqına üzv dövlətlərin üçdə biri  Azərbaycanın strateji tərəfdaşıdır. Bu tərəfdaşlığın  çox böyük gələcəyi vardır. Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaşdır, eyni zamanda, əsl dost ölkələrdir. Dövlət başçısı İlham Əliyevin bu ilin  aprelində Bolqarıstana işgüzar səfəri çərçivəsində Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı oldu. Bütün bunlar SOCAR-ın Bolqarıstandakı fəaliyyətinin genişləndirilməsi zərurətini yaradır. Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyanı təsdiqləyib. SOCAR-ın Bolqarıstanda ofisinin açılması Şirkətin Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

Avqustun 31-də Azərbaycanın enerji sektorunda daha bir mühüm hadisə yaşandı. “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirildi. Yatağın fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək.

Qısa təhlil Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurların aydın mənzərəsini yaradır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı son 20 ilə yaxın dövrün əsas hədəfləri sırasındadır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regional inkişaf proqramlarının uğurlu icrası bu məqsədə xidmət edir. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. «Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq» söyləyən dövlət başçısı İlham Əliyev qeyd edir ki, neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası ilə yaxından tanış olmaq məqsədilə cənab İlham Əliyev müntəzəm olaraq regionlara səfər edir,  tapşırıq və göstərişlərini verir.  Bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır.

Hazırkı dövrün çağırışlarına diqqət yetirsək görərik ki, iqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi. Yazının əvvəlində Azərbaycanın enerji sektorunda qazandığı uğurlara qısa nəzər saldıq.

Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində  yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində  mühüm tədbirlər həyata keçirilir, Prezident Fərman və sərəncamları imzalanır.  Bu sənədlərə uyğun olaraq  çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə  müasir standartlara  uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına,  qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin  təminatına  xidmət edib və bundan sonra da edəcək.

Atılan addımlarda əsas məqsəd təbii ki, bölgələrin inkişafına nail olmaqla      yanaşı, sahibkarlara dəstəkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha  yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə ölkə Prezidenti  İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi qarşıya qoyur. ” Əsas məqsəd budur ki,  ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları  üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.  Cənab İlham Əliyev çıxışlarında bildirir : «Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı  məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.» Bu məqam hər zaman önə çəkilir ki,  əgər  sovet vaxtına nəzər salsaq görərik ki,  o vaxt bölgü aparılırdı.  Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq  təhlükəsizliyimizi tam şəkildə təmin edək.  Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma dövlət başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza  əsas yaratdı.

Qeyd etdiyimiz kimi, özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir.  Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac  potensialının artırılması məqsədilə  ölkədə müasir  aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Aqroparkda  fermer artıq   satışın təşkili, saxlanma, təkrar istehsal kimi  məsələlərdən azad olur.

Son illərdə  əksər kənd təsərrüfatı  məhsulunun istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib.  Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. İlk gündən  “Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq” çağırışını edən  cənab İlham Əliyev bildirir ki,  özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcək. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da qürur hissi ilə qeyd edir ki,  gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsinə  böyük kömək göstərəcək.

Daha çox xəbərlər