Narkomaniya əsrimizin bəlasıdır
Qəbələ Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman idarəsi tərəfindən narkomanlığa qarşı mübarizə sahəsində 2023-cü il ərzində məqsədyönlü işlər aparılmış, xüsusilə gənclər arasında müxtəlif formalı tədbirlər təşkil edilmişdir. İş planına uyğun olaraq rayonda narkomanlıqla mübarizə, narkotik maddələrdən istifadənin qadağan olunması, təbliğat və maarifləndirmə işinin təşkili daim nəzarətdə saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə əlaqəli fəaliyyət qurulmuş, Dövlət Komissiyasına vaxtaşırı olaraq hesabatlar təqdim edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Qəbələ Rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının təşkilatçılığı ilə 26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, ümumtəhsil məktəblərinin psixoloq müəllimləri, iştirak etmişlər. Tədbirin keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləməkdən ibarət olmuşdur.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, gənclərin, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilərək iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Qəbələ Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 noyabr 2023-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin tərbiyəvi işlər üzrə müavinləri, psixoloq müəllimlər, tələbələr, yuxarı sinif şagirdləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyində 14 iyun 2023 -cü il tarixində “Narkomaniya mənəviyyatı öldürür” adlı tədbir keçirilmişdir. Tədbirdə narkotiklərin qanunsuz dövriyyəsi, dövlət tərəfindən maarifləndirici proqramların həyata keçirilməsi barədə məlumat verilmişdir. Çıxış edənlər narkomaniya və onun fəsadları, törətdiyi faciələr, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışmışlar.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq iyulun 17-də Qəbələ rayonunda “Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyətidir” mövzusunda tədbir keçirilmişdir. Qəbələ Arxeoloji Mərkəzində baş tutan tədbirdə Qəbələ, Oğuz, Şəki, Qax, Balakən və Zaqatala rayonlarını təmsil edən fəal gənclər iştirak etmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd edilərək iştirakçıların sualları cavablandırılmış və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər təqdim edilmişdir.
Qəbələ Rayon Polis Şöbəsi və komissyanın birgə təşkilatçılığı ilə rayonun orta məktəblərində, idarə və müəssisələrdə zərərli vərdişlər, narkotiklər və psixotrop maddələr mövzusunda tədbirlər keçirilmişdir. Qəbələ rayonunda narkomanlığın yayılmasına və qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, narkoxassəli bitkilərin əkilməsi və yabanı halda bitən narkotik tərkibli bitkilərin erkən aşkarlanaraq məhv edilməsi sahəsində rayonda “Xaş-xaş” şərti adı altında kompleks tədbirlər həyata keçirilmişdir. Rayonun inzibati ərazi nümayəndəlikləri üzrə hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Xaş-xaş”-2023 şərti adı altında Qəbələ rayonu Nic qəsəbəsi ərazisində 11 ha ərazidə yabanı halda bitmiş, aqrotexniki qulluq edilməyən, boyu 200 sm olan, çəkisi 4 ton 170 kiloqram olan 8100 (səkkiz min bir yüz) ədəd çətənə kolları aşkar olunaraq məhv edilmiş və müvafiq məlumatlar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilmişdir.
Rayonda qeydiyyatda olan narkomanlarla bağlı müalicə və reabilitasiya istiqamətində müasir tələblərə cavab verən tibbi xidmətin tətbiqi ilə yanaşı mövcud narkoloji xidmətin təkmilləşdirilməsi sahəsində təşkilatı tədbirlər həyata keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən gənclərin pis vərdişlərə meyl etməsinin qarşısını almaq məqsədilə onların asudə vaxtlarının səmərəli təşkili daim nəzarətdə saxlanılır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Qəbələ Rayon Komissiyası mütəmadi olaraq narkotiklərin qanunsuz dövriyyəsinə qarşı vəzifələrin icrası, istiqamətində ardıcıl tədbirlər həyata keçirir və əsrin bəlasına çevrilmiş narkomaniya, onları yaradan səbəblərə qarşı mübarizə aparır və bu mübarizə bundan sonra da davam etdiriləcəkdir.
Ətayə Osmanova,
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

