Dünya 

General Tçiani: “Niger, Burkina-Faso və Mali artıq Fransanın “sağmal inəyi” olmaq istəmirlər”

Nigerin hakim Vətəni Müdafiə Milli Şurasının (CNSP) rəhbəri general Abdurahman Tçiani Burkina-Faso və Mali ilə birgə vahid valyutanın yaradılmasının mümkün olduğunu bildirib.

Bu barədə o, milli televiziya kanalına müsahibəsində deyib.

“Valyuta suverenliyin rəmzidir. Niger, Burkina-Faso, Mali suverenliyin tam bərpası prosesində iştirak edir. Artıq ölkələrimiz Fransanın “sağmal inəyi” olmaq istəmir”, – deyə o vurğulayıb.

General vahid valyutanın mümkün tətbiqi ilə bağlı ətraflı məlumat verməyib.

Xatırladaq ki, daha əvvəl Mali, Burkina-Faso və Niger liderləri Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxdıqlarını elan ediblər. Onlar kollektiv müdafiə arxitekturası yaratmaq üçün Sahil Dövlətləri Alyansının yaradılması haqqında xartiya imzalayıblar. Bu sənədə əsasən, bir və ya bir neçə tərəfin suverenliyinə və ya ərazi bütövlüyünə hücum digərlərinə qarşı təcavüz kimi qiymətləndiriləcək.

Mənbə: AFP

Daha çox xəbərlər