Cəmiyyət 

Məktəbəqədər təhsil sistemində vəziyyət necədir?

Məktəbəqədər təhsil sistemində vəziyyət demək olar ki, son 2 il ərzində formalaşmağa başlayıb. Bu vaxta qədər isə sözügedən istiqamətdə kortəbii tədris proqramları tətbiq olunurdu. Dövlət başçısının müvafiq Sərəncamı əsasında artıq 2 ildən çoxdur ki, məktəbəqədər təhsil sahəsi Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda bu sahədə müəyyən işlər görülür.

Bu sözləri “İki sahil”ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin və şagirdlərin qəbulu elektron qaydada həyata keçirilir: “Tədris proqramları isə kurikulum sisteminə əsaslanmış formada tətbiq olunur. Bu sahə üzrə mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün də tədricən işlər görülür. Məlumdur ki, nazirliyin tabeliyində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Bu agentlik Təhsil İnstitutu ilə paralel məktəbəqədər təhsil sahəsində tədrisin aparılması və metodikanın hazırlanması üçün təkmilləşdirmə işləri aparır. Ancaq 10 il əvvəlki və indiki tədris metodikasını müqayisə etsək, irəliləyişlərin olduğunu görərik. Belə ki, son illərdə tətbiq edilən metodika məktəbəqədər təhsil prosesində şagirdlərin daha çevik bilik və bacarıqlar əldə etməsinə imkan yaradır”.

E.Əfəndi bildirib ki, məktəbəqədər təhsil üzrə tətbiq edilən metodikaların nə qədər effektiv olduğu ilə bağlı ilk növbədə şagirdlərin bilik və bacarıqlar yoxlanılmalı, monitorinqlər keçirilməlidir: “Bundan sonra isə çatışmayan tərəflər aradan qaldırılmalıdır. Ancaq hazırda mövcud vəziyyət təbii ki, bizi qane etmir. Çünki dərs proqramlarını kənara qoysaq, şagirdlərin bəziləri məktəbəqədər istiqamətdə təhsilə yönələ bilmirlər. Çünki bəzi ərazilərdə sırf bina çatışmazlığı və şagirdlərin yerləşdirilməsi ilə bağlı problemlər mövcuddur. Bu kimi nüanslar təbii olaraq bizim üçün mənfi dəyərləndirilir. Amma son bir neçə ili əvvəlki dövrlə müqayisə etsək bu sahədə işlər görülən işləri müsbət tendensiya kimi qiymətləndirə bilərik. Lakin görünən odur ki, məhz əvvəlki mövcud problemlər aradan qaldırılmasa dünyanın əksər inkişaf etmiş ölkələri ilə ayaqlaşmaqda çətinlik çəkəcəyik”.

Daha çox xəbərlər