NARKOTİKSİZ GƏLƏCƏK NAMİNƏ
Narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya dilindən, dinindən, yaşından, irqindən asılı olmayaraq bütün insanları düşündürən ən ağrılı problemlərdəndir. Narkomaniya bütün dünyada sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi məsələsidir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcək üçün məsuliyyət hissindən yaranan vətəndaşlıq borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq-mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır.
Qeyd etdiyimiz kimi, narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə, həmçinin daxili orqanlar – qara ciyər, böyrək öz funksiyasını itirməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına səbəb olur. Ən nəhayət, QİÇS kimi təhlükəli bir xəstəlik qaçılmaz olur. Bu xəstəliyə yoluxanların əksəriyyəti narkotik maddə istifadəçiləridir. Bütün bunlarla yanaşı, narkotikin təsirindən həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır, onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar.
Narkomaniyaya qarşı mübarizə məqsədilə imzalanan fərmanlar, həyata keçirilən proqramlar, tədbirlərin davamı olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı işlər davam etdirilir.
Öz növbəsində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən müvafiq illər üzrə dair Tədbirlər Planı tərtib edilmiş, il ərzində keçirilən yığıncaqlarda proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində, o cümlədən narkomanlığın yayılmasının qarşısının alınmasına və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair komissiyasının tərkibinə daxil olan Gəncə Şəhər Baş Polis İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xətti ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı ətraflı müzakirələr aparılmış, genişmiqyaslı işlər görülmüşdür.
Məlumat üçün bildirək ki, Gəncə Şəhər Narkoloji Dispanserdə 2023-cü ilin 11 ayı ərzində narkomaniya diaqnozu ilə 132 nəfər dispanser qeydiyyatına götürülmüşdür. Onlardan 14 nəfərdə kannabinoidlərin, 62 nəfərdə opioidlərin, 30 nəfərdə metamfetaminlərin qəbulundan asılılıq mövcuddur. Eyni zamanda 21 nəfərdə bir neçə narkotik vasitənin birgə istifadəsi aşkar olunmuşdur. Bunlardan əlavə, 5 nəfər narkotik vasitələrdən epizodik istifadə edirlər. Hal-hazırda Gəncə şəhərində dispanser qeydiyyatında narkomaniya diaqnozu ilə 1043 nəfər xəstə vardır. Bu xəstələrdən 5 nəfəri qadındır. QİÇS-in müayinəsi üçün 1529 nəfərdən qan nümunəsi alınmış, onlardan 6 nəfərində HİV virusu aşkar edilmişdir.
Narkoloji Dispanserdə müalicə işləri ilə yanaşı mütəmadi olaraq profilaktiki işlər də aparılır. Belə ki, 2023-cü il ərzində əksər ali və orta məktəblərdə, FHN-nin regional şöbəsində Gəncə Şəhər BPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və iştirakı ilə narkomaniya, QİÇS-lə mübarizə, narkomaniya və Hepatit C mövzularında profilaktiki seminarlar və maarifləndirici tədbirlər keçirilmişdir.
Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsi 2023-cü il ərzində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 288 cinayət faktını aşkar etmişdir. Onlardan 58 fakt narkotiklərin satışı, 225 fakt saxlama, 1 fakt isə əkib-becərmə ilə bağlı olan cinayət olmuşdur. Ümumilikdə dövriyyədən 101 kq. 161 qr. narkotik vasitə şıxarılmışdır, onlardan 36 kq. 848 qr. Güclü təsir edisi narkotik vasitələrdi.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən sağlam həyat tərzinə mənfi təsir göstərən, eləcə də bir sıra təhlükəli və faciəli hadisələrin baş verməsinə şərait yaradan bu amillərin qarşısının alınması istiqamətində bundan sonra da ardıcıl olaraq tədbirlər həyata keçiriləcək, profilaktiki işlərin məqsədəyönlü şəkildə aparılmasına diqqət artırılacaqdır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası

