Məktəbdə “son zəng” – “böyük yol”da başlanğıc
Minlərlə şagirdin orta məktəbə əlvida deyib, yeni həyata doğru yol aldığı son zəng günü… Bir gözəl nəğmədə deyildiyi kimi, “Hər anı bir ömrə bərabər sehirli günlər” son zəngin sədaları altında bitir. Bitir ki, yeni həyata qapı açılsın.
Müstəqil həyatın astanasında duran məzunlar məktəbdən ayrılmağın zamanının gəldiyini başa düşür, son zəngin həyəcanını yaşayırlar. 11 il onların qayğısını çəkən müəllimlərin məzunlara vida sözü onları kövrəldir, qəhərləndirir. Doğma məktəbdən, əziz müəllimlərindən ayrılmaq məzunlara çətin olsa da, onları yeni həyat gözləyir. Onlar illərcə əxz etdikləri bilik və təcrübələrlə “böyük yol”a çıxırlar.
Nəhayət, “Son zəng” anı yetişir. Məzunların həyatında bir dəfə səslənən “Son zəng”in sədaları yeni həyata çağırış kimi onların qəlbini titrədir. Bu gənclərin hər biri qətiyyət və böyük inamla irəli getmək, uca zirvələr fəth etmək iqtidarındadır. Yolunuz açıq olsun, əziz məzunlar!































