Cəmiyyət 

Müsavat Partiyası niyə “qara piar”a tuş gəlir?..

Radikal müxalifət təmsilçilərinin sosial şəbəkələrdə sentyabrın 1-də ölkəmizdə baş tutacaq növbədənkənar parlament seçkiləri ilə bağlı mənəviyyatsızcasına apardıqları “qara piar” kampaniyasını ardıcıl izlədikcə aydın olur ki, bütün bunlar bu marginalların öz ağıllarının məhsulu deyil. Belə ki, prosesi pərdə arxasından idarə edən güclərin kölgəsi görünür

Siyasətlə az-çox maraqlananlar yaxşı bilirlər ki, siyasi partiyanın əsas vəzifəsi sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirakdır. Daim demokratiyadan, bu istiqamətdə Qərb təcrübəsindən dəm vuran olmaqla radikal müxalifət düşərgəsinin təmsilçiləri özləri də yaxşı bilirlər ki, sabit vətəndaş cəmiyyətinin yaradılmasının, iqtisadi inkişafın təmin edilməsinin təməlində xalqın iradəsini ifadə edən sivil mübarizə-demokratik seçkilər dayanır.

Özlərini siyasətçi adlandıran başda AXCP sədri Əli Kərimli olmaqla bu zümrənin nümayəndələrinə o da məlumdur ki, seçkilər vətəndaşların cəmiyyətin ictimai həyatında fəal iştirakının təmin edilməsində, ən əsası isə dövlət işlərində iştirakının ən kütləvi formasıdır.  Nəzərə alsaq ki, insanlar dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə demokratik seçkilər vasitəsilə reallaşdırırlar, o zaman əminliklə demək olar ki, Ə.Kərimli özünün absurd “boykot” qərarı ilə partiya üzvlərinin seçkilərdə iştirak etmək hüquqlarını pozur.

Bütün bunlar öz yerində. Ancaq iş orasındadır ki, cəmiyyətimizdə inkarçı, pozucu qüvvə kimi tanınan “cəbhəçilər”, “milli şuraçılar” hələ də bir budaqda oturub min budağı silkələmək mərəzindən əl çəkə bilmirlər. Belə ki, bu marginallar ölkəmizdə sentaybr ayının 1-də baş tutacaq növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərar verən, seçkilərə namizədlərini açıqlayan  Müsavat Partiyasına qarşı öz trolları vasitəsilə gizli və açıq şəkildə hücumlar təşkil edirlər.

Yeri gəlmişkən, Müsavat Partiyasının növbədənkənar parlament seçkilərində iştirakı barədə qərara partiyanın Məclisinin sessiyasında qəbul edilib. Partiyanın Məslisinin sədri Arif Hacılı mətbuata açıqlamasında bildirib ki, Müsavat demokratik partiyadır və orada qərarlar demokratik əsaslarla qəbul edilir: “İclasda Məclisin 14 üzvü çıxış etdi. Seçkilərdə iştirak edib-etməməklə bağlı müxtəlif fikirlər oldu. Partiya Məclisinin sessiyasında 51 üzv seçkilərdə iştirakın lehinə, 19-u əleyhinə çıxış edib, ikisi bitərəf qalıb. Lakin sonda səs çoxluğu ilə qərar qəbul edildi. Məclis deputatlığa namizədlərin irəli sürülməsi səlahiyyətini partiyanın Divanına həvalə etdi”.

Göründüyü kimi, partiyanın Məclisinin sessiyasında seçkilərdə iştirakla bağlı fəal müzakirələr aparılıb. Belə olan halda bir az yumşaq desək, könül istərdi ki, sosial şəbəkə seqmentlərində pafoslu çıxışları ilə hər kəsə gecə-gündüz demokratiya dərsi keçən Ə.Kərimli də sədri olduğu AXCP-nin rəhbər orqanlarının iclaslarında sentyabrın 1-də ölkəmizdə baş tutacaq növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarın qəbul edildiyini bəyan etsin. Bax, o zaman hamı onun demokratiya ilə bağlı dediklərində, fikirlərində səmimi olduğuna inanardı. Əks təqdirdə bütün bunların xaricdən gələn sifarişlərlə AXCP sədrinin qurduğu çirkin “boykot” oyunu olduğuna heç kimdə şübhə yeri qalmaz.

Bir məsələni də xüsusilə vurğulamaq istərdik ki, öz gücünə, elektoratına, resurslarına güvənməyərək seçkiləri “boykot” edənlərin bu siyasi prosesdə iştirak etmək qərarı verən digər müxalifət partiyalarını bolşevikcəsinə ittiham edərək “xain” damğası vurmaq, onlara qarşı gözdənsalma kampaniyası aparmaq, həmin siyasi təşkilatların ətrafında şoular düzəltmək nə mənəviyyata, nə də siyasi əxlaqa sığmır. Müsavat Partiyasının, həmçinin “Milli Şura”adlı antimilli qurumun Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə tanınan Tofiq Yaqublunun bu günlərdə “Müsavat Partiyasının Məclisinin parlament seçkilərində iştirak etmək haqqındakı qərarını qətiyyətlə qınayıram. Qərarın hakimiyyətin oyunlarında şüurlu şəkildə iştirakdan başqa bir şey olmadığını düşünürəm” kimi qərəzli, hətta deyərdik ki, sifarişli açıqlaması yuxarıda dediklərimizin əyani təsdiqidir.

Nəhayət, onu da deyək ki, bu marginal dəstə üzvlərinin sosial şəbəkələrdə növbədənkənar parlament seçkiləri ilə bağlı mənəviyyatsızcasına apardıqları qara piar kampaniyasını ardıcıl izlədikcə aydın olur ki, bütün bunlar onların ağıllarının məhsulu deyil. Yəni, səhnə arxasından gizli bir rejissor əli var…

Zahid Rza, “İki sahil”

Daha çox xəbərlər