Enerji təhlükəsizliyi güclənəcək, iqtisadi sabitlik möhkəmlənəcək, beynəlxalq nüfuz artacaq – ŞƏRH
Azərbaycanın noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. Ötən əsrin 90-cı illərindən başlayaraq hər il keçirilən bu konfransın məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir. Bu Konvensiyada 198 ölkə iştirak edir.
Prezident İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışında Azərbaycanın tarixi Qələbə qazandığı qırx dörd günlük Vətən müharibəsindən sonra yaranmış imkanlardan məhz dinc məqsədlər, “yaşıl iqtisadiyyat”a keçid, ətraf mühitin qorunması potensialının yüksəldilməsi üçün istifadə etdiyini bildirir. Ölkəmizin başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan 2027-ci ilədək günəş və külək enerjisi sahəsində 2 giqavat gücünə nail olmaq məqsədilə bərpaolunan enerji sahəsində əsaslı irəliləyişlərə imza atmağa hazırdır. Qaz ixracının artırılması və enerji mənbələrinin şaxələndirilməsi ilə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini davam etdirəcəyi açıq-aydın görünür. COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi və davamlı inkişaf üzrə qlobal dialoqdakı rolunu daha da möhkəmləndirəcək. Bu nailiyyətlər Azərbaycanın enerji təhlükəsizliyini, iqtisadi sabitliyini gücləndirəcək və beynəlxalq nüfuzunu artıracaq.
Bu gün iqlim dəyişikliyi ilə bağlı məsələlər bütün ölkələrin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan qlobal istiləşmənin qarşısını almaq, səyləri inkişaf etdirmək, həmçinin bütün dünyada sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir.
Noyabr ayında baş tutacaq COP29 digər məsələlərin və təşəbbüslərin müzakirəsi üçün platformalar yaradacaq. Bakıda keçiriləcək konfransın mühüm məsələlərindən bəhs edən COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, 2015-ci ilin Paris İqlim Sazişinin 6-cı maddəsinin iki alt bəndinin razılaşdırılması qarşıdan gələn COP29-da ən vacib və çətin müzakirə mövzularından biri olacaq və azaldılmış istixana qazı emissiyalarının ticarəti və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının yeni mexanizminin həyata keçirilməsinə aiddir ki, bu da karbon kvotaları və kreditləri ilə əməliyyatlar üçün iqlim layihələrini əhatə edir. Təşəbbüslər arasında BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən dəstəklənən Karib hövzəsi ölkələrinin “həmrəylik vergisi”nin tətbiqi təşəbbüsü də var. BMT-nin baş katibi bu yaxınlarda sosial media hesabında bu təşəbbüsü açıqlayaraq bildirib ki, iqlim təşəbbüslərinə daha çox özəl kapital cəlb edilməlidir. İnkişaf etmiş ölkələr də iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyəni ikiqat artırmalı və öhdəliklərini yerinə yetirməlidir.
Bu gün beynəlxalq aləmdə mövqeyini gündən-günə gücləndirən Azərbaycan hökumətinin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə daim sadiq qalıb. Ölkəmizdə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bunun əyani təsdiqidir. Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı öhdəsinə götürüb və 2050-ci ilə qədər bu rəqəmi 40 faizə çatdırmağı planlaşdırır. Bundan əlavə, Azərbaycan 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyub. Göründüyü kimi, Azərbaycanın COP29 ilə gələcək üçün müəyyənləşdirəcəyi yeni hədəflər həm “yaşıl enerji”in inkişafı üçün mühüm vasitə olacaq, həm də qlobal istiləşmənin qarşısını almaq, səyləri inkişaf etdirmək üçün beynəlxalq ictimaiyyəti birləşdirməyə ciddi təkan verəcək.
Zahid Rza, “İki sahil”