Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və əldə olunan razılaşmalar iki dost ölkə arasında əməkdaşlıq münasibətlərinin dərinləşməsinə təkan verəcək və yeni imkanlar açacaq.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan-Türkmənistan münasibətlərinə dair məsələləri şərh edən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov bilidirib.
O qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və regional layihələrdə əməkdaşlığın dərinləşməsi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə, 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi və sonrakı dövrdə həyata keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan-Türkmənistan əlaqələrinin möhkəmlənməsinə ciddi təkan verib:
“Bu gün keçirilən görüşdə də iki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən 12 sənəd imzalandı ki, bu da gələcəkdə həm əlaqələrin inkişafına, həm də daha genişmiqyaslı münasibətlərin formalaşmasına töhfə verəcək.
Hər iki ölkə beynəlxalq münasibətlər sistemində müstəqil və balanslaşdırılmış siyasət yürüdən dövlətlərdir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini dəstəkləyir və regional sabitliyin qorunmasına töhfə verir. Eyni zamanda, dövlət başçıları və hökumət nümayəndələri arasında müntəzəm təmaslar siyasi etimadın daha da güclənməsinə şərait yaradır ki, bu da digər sahələrdə əməkdaşlıq üçün imkanları genişləndirir”.

A.Əsədov qeyd edib ki, enerji sektoru Azərbaycan-Türkmənistan münasibətlərinin əsas istiqamətlərindən biridir:
“Hər iki ölkə zəngin karbohidrogen ehtiyatlarına malikdir və Avropa ilə Asiya arasında mühüm enerji tərəfdaşları hesab olunur. Xəzər dənizində enerji layihələri, təbii qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması və enerji infrastrukturlarının inkişafı sahəsində əməkdaşlıq imkanları genişdir. Xüsusilə, nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsi gələcəkdə hər iki dövlət üçün mühüm iqtisadi üstünlüklər yarada bilər. 2025-ci ilin yekunlarına görə, Azərbaycan-Türkmənistan üzərindən keçən tranzit yüklərin həcmi 15 faiz artıb, 2026-cı ilin mayın 12-də Türkmənistanın ilkin quru yük gəmisi təntənəli şəkildə Bakı Limanına daxil olub. Şübhəsiz ki, gəminin Türkmənbaşı-Bakı-Türkmənbaşı marşrutu üzrə müntəzəm konteyner daşımalarına qoşulması regionun logistik imkanlarını ciddi şəkildə təkan verəcək.
Nəzərə alsaq ki, Azərbaycan və Türkmənistan Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm iştirakçılarıdır, onda Azərbaycanın tranzit imkanlarının və Türkmənistanın Mərkəzi Asiyadakı geostrateji mövqeyinin iki ölkə arasında logistik əməkdaşlığa geniş imkanlar yaratdığı aydın olar. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında əlaqələrin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir, xüsusilə dibdərinləşdirmə, iritutumlu gəmilərin istismarına şəraitin yaradılması, daşıma, sərhəd-buraxıcılıq əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində görülən işlər yükdaşımaların həcmini və intensivliyini artırmağa imkan verir. Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” neftdaşıyan tankerin hədiyyə olunması isə ikitərəfli münasibətləri daha da inkişaf etdirərək, ümumilikdə regionun inkişafına, Asiya-Avropa ticarət münasibətlərinə öz töhfəsini verəcəkdir. Uzunluğu 141 metr, eni 16.9 metr, suya oturumu isə 4.54 metr, dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası, ölkəmizdə gəmiqayırma sənayesinin inkişafının bariz nümunəsi olmaqla yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da mühüm töhfədir.
Azərbaycan-Türkmənistan münasibətləri hazırda yüksələn xətt üzrə inkişaf edir və gələcək üçün geniş perspektivlər vəd edir. Siyasi dialoqun güclənməsi, enerji və nəqliyyat sahələrində strateji əməkdaşlığın genişlənməsi, iqtisadi-ticarət əlaqələrinin artması və humanitar münasibətlərin dərinləşməsi iki ölkənin tərəfdaşlığını daha da möhkəmləndirəcək”.
